“Bu sessiyanın Bakıda keçirilməyi bizim ictimai və mədəni həyatımızın mühüm tədbirlərindən biridir”.
Bunu bu gün Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin 8-ci sessiyasında Əbülfəs Qapayev deyib. Lent.az-ın məlumatına görə, nazir bildirib ki, Azərbaycanın bir çox milli-mənəvi irsi dünyanın qeyri-mədəni irsi siyahısına daxil edilib: “Bu sessiyanın Bakıda keçirilməyi bizim ictimai və mədəni həyatımızın mühüm tədbirlərindən biridir. Bir neçə gün davam edəcək tədbirlər çərçivəsində Qeyri-Maddi Mədəni İrsin Qorunması Üzrə Konvensiyanın 10 illik yubileyi də qeyd olunacaq. Konvensiyaya 156 ölkə qoşulub. Bu ölkələrdən 780 nümayəndə iştirak edir”.
Əbülfəs Qarayev əlavə edib ki, gündəlikdə duran işlər dörd sahə üzrə 19 maddədən ibarətdir.
Baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev sessiya iştirakçılarını Azərbaycanda qarşılamaqdan məmnun olduğunu bildirib, tədbirin Bakıda keçirilməsini yüksək qiymətləndirib. E. Əfəndiyev sessiyada iştirak edən nümayəndələrə prezident İlham Əliyevin təbrik məktubunu oxuyub.
Tədbirdə YUNESKO-nun baş direktoru İrina Bokovanın videomüraciəti səslənib. İ.Bokova müraciətdə mədəni irsin qorunması sahəsində Azərbaycanın fəaliyyətini yüksək dəyərləndirib. O bildirib ki, Azərbaycan Böyük İpək Yolunda mədəniyyət mərkəzi kimi böyük tarixə malikdir.