Bu gün Milli Kitabxanada sentyabrın 23-25-də keçiriləcək III Bakı Beynəlxalq Sərgi-Yarmarkası ilə bağlı mətbuat konfransı olub. Lent.az-ın məlumatına görə, mətbuat konfransında çıxış edən Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərginin Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışıb: “Biz uzun fasilədən sonra nəhayət, 2009-cu ildə sərgi-yarmarkanın keçirilməsinə nail olduq. Bu, nəşriyyatların geniş və səmərəli fəaliyyət göstərməsinə şərait yaratmaqla bərabər, oxucu auditoriyasının genişlənməyinə də səbəb olacaq. Bu ilki sərgi-yarmarka açıq havada olacaq və stendlər bütün nəşriyyatlara təmənnasız veriləcək”.
Əbülfəs Qarayevin sözlərinə görə, III Bakı Beynəlxalq Sərgi-Yarmarkasında 25 ölkədən 40 təşkilat iştirak edəcək: “Üç gün ərzində nəşriyyatlar öz çap məhsullarını təqdim etmək imkanı qazanacaqlar. Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyi münasibəti ilə bağlı tədbirlərin, eləcə də Avropa Milli Kitabxanaları Konfransının XXVII illik iclasının və Avrasiya Kitabxanalar Assambleyası Əməkdaşlıq Təşkilatının XV iclası da sərgi-yarmarkanın keçirildiyi günlərə təsadüf edir. Biz qonaqlara yüksək səviyyədə poliqrafiya işləri təqdim etməliyik. 65 ölkənin kitabxana rəhbərləri ölkəmizə gələcək. Bu o deməkdir ki, Azərbaycan hökuməti həyata keçirdiyi mədəniyyətlərarası dialoq siyasətinin tələblərinə tam cavab verir”.
Mətbuat konfransında kitab sərgi-yarmarkasının fəaliyyətini işıqlandıran www.bakubookfair.com domenli rəsmi veb səhifəsinin təqdimat mərasimi keçirilib.
Sayt təsisçiləri Azərbaycanın kitab sənəti sahəsində seçilən, ixtisaslaşan, məhz kitablara, nəşr sənəti ilə bağlı sayt olduğunu deyib. Sayt hazırda Azərbaycan dilində fəailiyyət göstərir. Lakin gələcəkdə 3 dildə hazırlanması nəzərdə tutulub.