Bu gün Döyüşçü Rəssamların I Respublika sərgisi keçirilib. Lent.az-ın məlumatına görə, tədbir Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə qurumun sərgi salonunda gercəkləşib.
Tədbiri giriş söz ilə Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov açıb: “Hamı bilir ki, dünyanı gözəllik xilas edəcək. Amma gözəlliklə məşğul olan rəssamlar gedib, cəbhədə çalışıb, öz ölkəsinə, dövlətinə xidmətlərini göstəriblər. Ona görə də belə sərgilərin keçirilməsi çox önəmlidir. İnşallah bu cür sərgiləri Qarabağda da açaq”.
Daha sonra tədbirin təşkilatçılarından biri olan, Əfqanıstan və Qarabağ müharibəsi veteranı rəssam Tahir Eyvazov çıxış edərək, tədbirin keçirilməsində məqsədin torpaqları işğal altında olan ölkənin bütün təbəqə insanlarının gələcək müharibədə iştirakını təmin etmək, ruhlandırmaq olduğunu deyib: “Rəsmdə müharibənin bir tərəfi, Azərbaycan tarixi əks olunub. Bu çox vacib işdir. Ona görə də belə bir sərgini təşkil etdik. Sərgidə dörd rəssamın əl işləri təmsil olunur. Növbəti ildə daha çox rəssamların iştirakı gözlənilir. Təşkilat komitəsinə bir neçə rəssamın müraciəti daxil olub. Gec olduğu üçün onlar bu dəfə tədbirə qatıla bilmədilər. Növbəti ildə daha geniş şəkildə keçiriləcək”.
Sərgidə “APA” holdingin dəstəyi ilə çap olunan mərhum Əfqanıstan müharibəsi veteranı Zakir Sadatlının “Əfqanıstan uçurumu” adlı kitabı Əfqanıstan və Qarabağ müharibəsi veteranı, general-mayor Qalib bəyə hədiyyə edilib.
Hədiyyəni sərgidə iştirak edən Lent.az saytının direktoru Qabil Abbasoğlu təqdim edib.
Rəssam İlqar Əkbərin sözlərinə görə, sərginin keçirilməsi 3-4 ay əvvəldən planlaşdırılıb: “Sosial şəbəkələrdə “Sülhün qədrini döyüşənlər bilər” adı altında elan verdik. Sərgidə ayrı-ayrı texnikalarda 48-50 əsər nümayiş olunur. Mənim burada səkkiz əsərim var.
1991 - 92-ci illərdə Laçında döyüşmüşəm. Və xatirəmdə qalanları kətana tökmüşəm”.
Sərgidə rəsm əsərləri ilə təmsil olunan rəssam Pəri (Pərinisə) Miniatür ölkəmizdə atəşkəs olsa da bu cür sərgilərin keçirilməsini, müharibənin gündəmdə saxlanılmasının düzgün olduğunu deyib: “Hazırda ölkəmizdə atəşkəsdi, sakitlik var. Bu gün belə sərgilərin keçirilməsi müharibənin gündəmdə saxlayır və müharibəni insanlara aşılayır. Nə qədər atəşkəs şəraitində yaşasaq da, nə qədər sakit olsaq da bu gün bizim torpaqlarımız düşməndən azad edilməyib. Gənclərimizdə milli, mənəvi ruhun ölməməsi üçün belə tədbirləri tez-tez keçirmək lazımdır. Bu, bir daha yadımıza salır ki, bizim ölkəmizdə müharibə bitməyib. Və bizim qalib olmağımız üçün qarşıda görəcəyimiz çox işlər var”.
Qarabağ müharibəsi veteranı, jurnalist Rey Kərimoğlu da sərgini çox bəyənib: “Əsas da Tərlan Eyvazovun Əfqanıstan müharibəsi ilə bağlı tuş işləri, Əfqanıstan müharibəsi veteranı, mərhum jurnalist Zakir Sadatlının, milli qəhrəman Eldar Ağayevin portreti çox xoşuma gəldi. Pəri Miniatürün miniatürlərini çox bəyəndim. Ənənəvi miniatür işlərindən fərqli işləyib. Rənglər çox şuxdu, həm də parlaq. Sonra İntiqam Ağa “Səngər, ocaq başı” mövzusunu çox gözəl işləyib. Belə sərgiləri davam etdirmək lazımdır”.
Döyüşçü rəssam İntiqam Ağa on iki əsəri ilə sərgidə iştirak edir: “Əsərlərimin yarısı hərbi, yarısı mülki mövzuda olan rəsmilərdi. Döyüşçünün ən yaxın dostu, silahdaşı onun səngəri və inamıdır. Ona görə də çalışmışam ki, əsərlərimdə bunları əks etdirəm. Biz sülhün tərəfdarıyıq, amma lazım gələrsə, biz döyüşməyə həmişə hazırıq”.
Sərginin qonağı sənətşünas Elmira Rəsulova bu cür sərgini keyfiyyətinə görə “nadir sərgi” adlandırıb: “Azərbaycan müharibə şəraitindədi. Biz də nişangahdayıq, düşmən də bizim nişangahımızdadı. Amma bizim rəssamlar öz əsərlərində sülhü, əmin-amanlığı, sevgini vəsf ediblər”.
Daha sonra sərginin qırmızı lentini F. Xəlilov kəsərək, onu tədbir iştirakçıların ixtiyarına buraxıb.
Sərgidə rəssamlar, sənətşünaslar, Bakıda fəaliyyət göstərən səfirliklərin hərbi attaşeləri, KİV nümayəndələri iştirak edib.
Ləman Mustafaqızı