Əməkdar incəsənət xadimi, Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov “TÜRKSOY-un 20 illiyi” yubiley medalına layiq görülüb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, C. Novruzova bu medal Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) həyata keçirdiyi layihələrdə mühüm xidmətlərinə, türk dünyasının mədəniyyətinə və incəsənətinə verdiyi töhfələrə görə verilib.
Mükafatı Türkiyənin Sabancı Vəqfinin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə Adana şəhərində XVI Dövlət Teatrları və Sabancı Beynəlxalq Adana Teatr Festivalının açılışı çərçivəsində TÜRKSOY-un Baş katibi Düsen Kaseinov həmyerlimizə təqdim edib.
Qeyd edək ki, mərasimdə Adana Bələdiyyəsinin sədri Hüseyin Sözlü də iştirak edib. Bir ay davam edəcək XVI Dövlət Teatrları və Sabancı Beynəlxalq Adana Teatr Festivalında Türkiyədən 5, xarici ölkələrdən 16 teatr kollektivi iştirak edir. Azərbaycanı festivalda Akademik Milli Dram Teatrı M. F. Axundovun “Lənkəran xanının vəziri” tamaşası ilə təmsil edəcək.