APA-nın Gürcüstan bürosunun məlumatına görə, dövlət tərəfindən tarixi-mədəni abidə kimi qeydə alınmayan məzarlığa hələ də hasar çəkilməyib.
Ərəb əlifbası ilə fars, türk, Azərbaycan dillərində yazılan və qırmızı tuf daşından olan qəbirlər artıq əyilib və məzarlıq öz tarixi simasını tamamilə itirməkdədir. Məzarlıqda olan daşların yazılarını ilk dəfə Azərbaycan alimi Məşədixanım Nemətova və Lejbəddin kəndinin mollası, 90 yaşlı Abdulla Qədir oğlu oxuyub. Filologiya elmləri doktoru Şurəddin Məmmədli APA-ya bildirib ki, başdaşı epitafiyaları oxunmaz hala düşüb: “Bu qəbiristanlığın 200 ildən çox yaşı var. Burada dəfn olunanlar Borçalının Dəmirçihasanlı, Sətli, Nəzərli camaatlarından, sultan nəslinin adamlarıdır”.
Məlumata görə, Borçalıda XVI yüzilin sonu - XVII yüzilin ortalarınadək Borçalı-Loru xanlığı, Dəmirçihasanlı, Baydar sultanlıqları olub. 1677-ci ilin tarixi qaynaqlarında Borçalıda Çələbi obası qeydə alınıb. XVIII yüzilin əvvəllərində yaradılan Vaxuştinin coğrafi xəritəsində, gürcü dilində olan “Dəstur-ül-əməl” adlı sənəddə Alget çayı boyunda Çələbili obasının adı var. 1728-ci ildə Osmanlıların tərtib etdiyi “Tiflis əyalətinin müfəssəl dəftəri”ndə Baydar nahiyəsində iki Çələbi kəndi qeydə alınıb. 1869-cu ildə isə bu kəndlərin sayı 10-dan çox olub. Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarında (cild 6, hissə 2) da Dəmirçihasanlı sultanlığı barədə maraqlı məlumatlar var.
Şurəddin Məmmədli Çələbilər qəbiristanlığı barədə Gürcüstan Mərkəzi Arxivində əhəmiyyətli materialların (fondlar 226, 1448) olduğunu bildirib: “Çələbi qəbiristanlığı həqiqətən keşməkeşli tariximizin zəngin bir parçasıdır. Oradakı epitafiya yazıları daha ciddi, daha yaxşı oxunmalı, şərh olunmalıdır. Qaş-Muğanlı qəbiristanlığındakı Borçalı xanı Məhəmməd xanın, Borçalı qoşun sərdarı Kazım xanın, Araplı kəndində Borçalı vəkili Əmircan oğlu Hacının hərimlərinin (məqbərələrinin), qəbir daşlarının üzünü oxuyub aydınlaşdırmağa ehtiyac var. Bu, ən azı qan yaddaşımızın gözünü açaraq tariximizi gələcək nəsillərə çatdırmaq üçün lazımdır. Bu xeyirxah işi davam etdirmək hər birimizin müqəddəs vəzifəsidir”.