Borçalıda Beynəlxalq Kitab Gününə həsr olunan tədbir keçirilib
23 aprel 2014 21:29 (UTC +04:00)

Borçalıda Beynəlxalq Kitab Gününə həsr olunan tədbir keçirilib

Azərbaycanlıların kompakt yaşadığı Marneulidə Beynəlxalq Kitab Gününə həsr olunan tədbir keçirilib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Azərbaycan və gürcü məktəblərində təhsil alan şagirdlər, müəllimlər, kitabxana işçiləri, tələbələr və QHT nümayəndələri iştirak edib.

 

Tədbiri Marneulidə fəaliyyət göstərən Məşğulluq Mərkəzinin əməkdaşı Mariam Samxaradze açaraq kitab oxumağın müsbət xüsusiyyətləri, YUNESKO-nun xətti ilə Kitab Günü keçirilməsi tarixi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. O, Beynəlxalq Kitab Gününə həsr olunan tədbirlə işi bitmiş hesab etmədiklərini, kitab mağazaları açmaq və kitab yarmarkaları təşkil etməyin vacib olduğunu söyləyib: “Gürcüstanda 1928-ci ildən Kitab Günü keçirilir. Biz ilk dəfədir ki, Marneulidə Kitab Gününə həsr olunan tədbir keçiririk".

 

Sonra Marneuli Mərkəzi Kitabxanasının direktoru Elman Dünyamalıyev, ingilis dili müəllimi Nilufər Qurbanova, Marneuli Təhsil Resursları Mərkəzinin əməkdaşı Yulya Darbaidze, Mədəniyyət Evinin əməkdaşı İrakli Xarşiladze Marneuli rayonununda fəaliyyət göstərən kitabxanaların vəziyyəti, səyyar kitabxana yaradılması və kitab təbliğinin zəif aparılmasından, latın əlifbalı bədii ədəbiyyatın çatışmazlığından söhbət açıblar.

 

Tədbirdə Marneulidə 74 məktəbin 69-da kitabxana olduğu, internet olmaması, bədii ədəbiyyatın və dərsliklərin çatışmadığı barədə fikirlər bildirilib. Marneuli Təhsil Resursları Mərkəzinin əməkdaşı Yulya Darbaidze çıxışında şagirdlərin kitabxanalara müraciət etmədiyini və onlarda kitaba sevgi məhz müəllimlər tərəfindən yaradılmağın vacibliyini vurğulayıb.

 

Marneuli Mərkəzi Kitabxananın direktoru Elman Dünyamalıyev çıxışında bu il Marneulidə yeni kitabxananın tikiləcəyini bildirib: “Yeni kitabxana üçün layihə hazırdır. Bu obyekt tikiləndən sonra düşünürəm ki, oxucularımızın sayı artacaq. Hələlik isə oxucularımızın sayı çox azdır. Sovet dövründə rayonda 72 kənddə 92 filialımız var idi. Lakin indi maliyyə qıtlığından demək olar ki, rayonda fəaliyyət göstərən kitabxanaların çoxu işləmir. Gələn il 5 kitabxana açmaq barədə düşünürük.”

 

Tədbir təşkilatçılarından olan Nilufər Qurbanova səyyar kitabxana yaradılması layihəsi ilə kənd sakinlərini kitab oxumağa həvəsləndirəcəklərini bildirib. Marneuli Mədəniyyət Evinin əməkdaşı İrakli Xarşiladze yerli şair və yazıçıların, gənclərin iştirakı ilə poeziya gecələri keçirəcəklərini qeyd edib: “Marneulidə tikiləcək yeni kitabxanada hər bir tədbir keçirmək üçün imkanlar nəzərə alınıb. Bu kitabxana bütün standartlara cavab verəcək. Kitabxanada internet, “Ədəbi kafe” fəaliyyət göstərəcək. Biz digər tədbirlər həyata keçirməklə kitab oxumağa maraq oyadacağıq.”

# 450
avatar

Oxşar yazılar