Borçalıda “Elat mədəniyyəti günü festivalı”
27 iyul 2013 04:59 (UTC +04:00)

Borçalıda “Elat mədəniyyəti günü festivalı”

 İyulun 26-da Dmanisinin Armudlu gölünün kənarında V “Elat mədəniyyəti günü festivalı” keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri iş adamı, “Borçalı” İctimai Cəmiyyətinin (İB) Gürcüstan nümayəndəsi İsrafil Bayramov açaraq, sözü “Borçalı” İB-in sədri Zəlimxan Məmmədliyə verib. Z. Məmmədli çıxışında Türkiyədən, Təbrizdən, Ukraynadan. Rusiyadan, Borçalının bütün kəndlərindən gələn qonaqları salamlayaraq, Elat mədəniyyətinin böyük bir dəyər olduğunu, bu mədəniyyəti dünyaya tanıtmaq lazım olduğunu bildirib. “Bu gün çox müqəddəs bir gündür. Hər kəs yadında saxlasın, 26 iyul siyasətdən uzaq bir müqəddəs gündür. Biz gürcü mədəniyyətinin təməlinin qurulmasını istəyirik və Gürcüstan dövlətini qorumağın, dilini sevməyin şərəf olduğunu qeyd edirik. Hakimiyyətdən bəhrələnmək lazımdır. Bu işdə gənclik nümunəvi olmalıdır. Gəncliyimiz dili bilir, gürcü ali məktəblərə daxil olur. Biz bununla fəxr edirik”.

 

Sonra Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev çıxış edib, gələn il bu tədbiri dövlətin öz üzərinə götürəcəyini bildirib. Deputat qeyd edib ki, bu yolda qeyrətli eloğlularımız, bələdiyyədə çalışan soydaşlarımız bu layihənin həyata keçirilməsinə kömək etməlidir.

 

Tədbirdə çıxış edən DAK-ın həmsədri, xalq şairi Sabir Rüstəmxanlı Azərbaycan Milli Məclisi və ziyalılar adından Elat günləri iştirakçılarını bayram münasibətilə təbrik edib. S. Rüstəmxanlı Azərbaycanın görkəmli dövlət və elm adamlarının Tiflisdə yetişdiyini qeyd edib. “Mən çox sevinirəm ki. Borçalıda adət-ənənələr yaşadılır, inkişaf edir. Dünyanın bir parçası olan mədəniyyət yaşamalıdır. Gürcüstan ərazisindən müxtəlif layihələr həyata keçir. Kim deyir ki, Borçalının taleyi gürcü məktəblərindən keçir, bu düz deyil. Borçalının taleyi Azərbaycandilli məktəblərdən keçir. Bu məktəbləri bağlatmaq milli xəyanətdir. Dünyaya mədəniyyət dahiləri vermiş torpaq güclüdür. Tiflis bir vaxt Qafqaz müsəlmanlarının mərkəzi olub. “Molla Nəsrəddin” jurnalı burda çıxıb. Bura N. Nərimanovun,  M.F. Axundzadənin yaşadığı yer olub. Bu gün yenə burdan dahilər çıxmalıdır,” S. Rüstəmxanlı çıxışında bildirib.

 

Dmanisi rayon bələdiyyəsinin sədri Şamil Əliyev çıxışında gələn il bu zaman Armudlu gölünə qədər uzanan yolun asfaltlaşdıracağını bildirib.

 

Tədbirdə “Qars” sərhəd boyları” dərnəyinin rəhbəri Məhərrəm Yıldırım, Azərbaycanın Gürcüstandakı səfirinin müavini İsrafil Əhmədov,  professor Telman Əliyev, Təbrizdən gələn Böyük Bəy Hacı Ələkbər oğlu, Təbrizli şairlərindən Səttar Gülməhəmmədi, Huşəng Cəfərli, aşıqlardan Məhbub Xəlili, Bulud Qayabaşı, Türkiyədən gələn aşıqlardan Əmrah Hərəcoğlu, İlqar Civçioğlu, Borçalı aşıqları çıxış ediblər. Tədbirdə eyni zamanda müxtəlif idman yarışları da təşkil olunub. Təbrizdən gələn “Odlar”,  Marneulidən gələn “Sarvan” folklor rəqs qrupları tədbiri daha da gözəlləşdiriblər.

 

Axşam Dmanisidə jurnalistlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə yekun tədbiri keçirilib. Tədbirdə bir neçə jurnalistlərlə bərabər APA-nın Gürcüstan bürosunun müxbiri Nizami Məmmədzadə də “Elin sözü” diplomuna layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 920
avatar

Oxşar yazılar