Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup əməkdar artisti maaşlarının azalması ilə bağlı redaksiyamıza şikayət ediblər. Bununla bağlı teatrın direktoru Mübariz Həmidov Lent.az-a açıqlama verib. O bildirib ki, problem maaşların azaldılmasında deyil, əməkdar artist fəxri adını daşıyan insanların öz qanuni qrafikinə oturdulması ilə əlaqədardır: “Maaşlar “Teatr, konsert, sirk müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” əsasında tənzimlənir. Bu da Əmək və Əhalinin Sosial Müdafiə və Mədəniyyət və Turizm nazirliklərinin kollegiyalarının qərarı ilə təsdiq olunur. Əvvəllər bu sənədin 16-cı bəndi xalq artistlərinə aid idi. İndiyə qədər bizdə 10-dan çox əməkdar artist qeyri-qanuni 16-cı bəndlə maaş alırdı. Sentyabr ayından etibarən qanunla 15-ci bəndə aid edilməli olanlar həmin bəndə endirilib, 16-cı qrafada isə yalnız xalq artistləri qalıb. Bu tək bizim teatra deyil, bütün teatrlara şamil olunub. Sentyabrın birindən bizdə ştat cədvəli yeniləndi. Kim harada olmalıdırsa, indi ordadır”.
Direktor onu da bildirib ki, əməkdar artistlər indiyə qədər bu artımı qanunsuz alıblar: “Həmin o şikayət edənlər niyə neçə illər qeyri-qanunu artıq maaş alanda dillənmirdilər? Amma indi tələblər başqa cürdü, biz instruksiya ilə işləyirik. Hər kəsi öz yerinə qoyuruq. Prezidentin sonuncu sərəncamı ilə hamının əmək haqqı on faiz artıb. Ola bilsin ki, Vahid Tarif-İxtisas Sorğu Kitabçasında 16-cı bənddən 15-ə düşənlər bu artımı hiss etməyiblər. Sonrakı aylarda hiss edəcəklər”.