Martın 16-da Azərbaycanın dahi sənətkarı Vaqif Mustafazadənin 75 illik yubileyi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Gilan” Holdinqin baş sponsorluğu ilə ilk, ənənəvi “Vaqifsayağı” caz festivalı keçiriləcək. Lent.az-ın məlumatına görə, Azərbaycan Dövlət Filarmoniyasının texniki dəstəyi və “Voice of Azerbaijan” televiziya agentliyinin təşkilatçılığı ilə həyata keçiriləcək festivalda ölkənin tanınmış və gənc caz ustalarının iştirakı gözlənilir. Festivalın dünyanın bir çox ölkələrində olduğu kimi açıq səma altında, Bakının ən gözəl məkanlarından biri olan qədim İçərişəhərdə, unudulmaz ab-havada baş tutması planlaşdırılıb.
İki hissədən ibarət olacaq “Vaqifsayağı” ənənəvi caz festivalı səhər saat 11.00-da Vaqif Mustafazadənin məzarını ziyarətlə start götürəcək. Bundan sonra isə tədbir İçərişəhərdə, sənətkarın ev muzeyində Xatirə günü (13:00) ilə davam edəcək. Vaqif Mustafazadənin ev-muzeyində bu nurlu ocağı qoruyub saxlayanlar tərəfindən qarşılanan qonaqlar burada illər boyu toplanan və Vaqif Mustafazadə sənətini yaşadan nadir eksponatlarla tanış olacaqlar. Vaqif Mustafazadə ilə bir dövrü bölüşmüş insanların xatirələrindən ibarət qısa çıxışlarla ziyarət başa çatacaq.
I hissədən sonra qonaqlar Festivalın keçirildiyi əsas məkana - “Kiçik Qala” küçəsinə yollanacaqlar. Bütün iştirakçılar və qonaqlar açıq bayram süfrəsinin qonağı olmaqla bərabər, əsas tədbirin – “Vaqifsayağı” caz Festivalının iştirakçılarına çevriləcəklər.
Festivalın Novruz Bayramı öncəsi keçirilməsi ilə əlaqədar burada ölkənin və paytaxtın şirniyyat evlərinin, eləcədə fərdi ustaların hazırladığı “Vaqifsayağı” tortlar, şirniyyatlar, şəkərburalar, paxlavalar, şor qoğalları və digər məmulatlar da nümayiş etdiriləcək. Məxsusi olaraq “caz elementləri” ilə bəzədilmiş “Novruz yumurtaları” Festivalın bayram əhval ruhiyyəsini daha da yüksəldəcək.
Festivalın ruhuna uyğun olaraq, bütün iştirakçılar – ifaçılar Vaqif Mustafazadənin simasını əks etdirən formada - saç düzümü - parik, bakenbard və məşhur Vaqif “bığ”ları ilə, eləcə də keçmiş illərin geyim üslubunda səhnəyə çıxacaqlar. İfaçıların kimliyi bilinmir – onlar hamısı Vaqif Mustafazadənin oxşarlarıdırlar.
İfaçılar kimi, tamaşaçıların da Vaqifsayağı görkəm alması və Vaqifsayağı geyinməsi festivalın ab-havasına daha da rəng qatacaq. Festivalın keçiriləcəyi məkanda “Vaqifsayağı” giriş kabinələrində “parik”lərin geyinilməsi və “bığlar”ın taxılması “məcburidir”.
Festival ölkənin tanınmış televiziya və radio verilişlərinin, çoxsaylı sənədli filmlərin müəllifi və aparıcısı, Vaqif Mustafazadə yaradıcılığının vurğunu Rahib Azəri tərəfindən idarə olunacaq.
İlk dəfə keçirilən festivalda istər iştirakçılar, istərsə də tamaşaçılar bir çox maraqlı və gözlənilməz sürprizlərlə üzləşəcəklər.
Festivala tamaşa etmək istəyən hər bir vətəndaş, şəhər sakini, Bakının qonaqları təşrif buyura bilər.