Bu gün Nizami Kino Mərkəzində I Bakı Beynəlxalq Turizm Filmləri Festivalının açılış mərasimi münasibəti ilə mətbuat konfransı keçirilib. Lent.az-ın məlumatına görə, konfransda Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin sektor müdiri Yusif Şeyxov, Beynəlxalq Festivallar Təşkilatının sədri Aleksandr Kammel, münsiflər heyətinin sədri Azər Qərib jurnalistlərə festival barəsində məlumat verib, onların suallarını cavablandırıb.
Y. Şeyxov bildirib ki, festivala beynəlxalq səviyyədə maraq böyükdür: “Festivala dünyanın müxtəlif ölkələrindən filmlər təqdim olunub. Festivalla bağlı təxminən, 7000 məktub daxil olub və bir o qədər də məktuba cavab verilib”.
O, əlavə edib ki, bu ildən Azərbaycan Beynəlxalq Turizm Filmləri Festivalına üzv kimi qəbul olunub.
Münsiflər heyətinin sədri A. Qərib bildirib ki, Turizm Filmləri festivalları dünyanın müxtəlif ölkələrində keçirilsə də, azərbaycanlı rejissorların filmləri həmin festivallarda az təmsil olunur: “Belə festivallar müxtəlif ölkələrdə keçirilir. Əfsuslar olsun ki, dünyada keçirilən film festivallarına bizim filmlər az göndərilir: “İnanıram ki, azərbaycanlı rejissorlar bundan sonra beynəlxalq turizm filmləri festivalına maraq göstərəcəklər”.
A. Kammel Azərbaycanın təbiətinin, mətbəxinin gözəlliyini vurğulasa da, Azərbaycanda tətbiq olunan viza rejimindən narazılıq edib: “Sizin ölkənizdə viza problemi var. Və deyim ki, ümumiyyətlə, bu sistem çox mürəkkəbdir. Arzu edərdim, bu sadələşdirilsin və turistlərin gediş-gəlişi asanlaşsın”.
BFT sədri festivalın keçirilməsini müsbət təşəbbüs kimi qiymətləndirib: “Biz komitə üzvü kimi qəbul olunan işləri qiymətləndirməyi həvəslə gözləyirik. Ümidvarıq ki, gözəl filmlər nümayiş olunacaq və azərbaycanlı tamaşaçılar bu filmlərə həvəslə baxacaqlar”.
Qeyd edək ki, 7 nominasiya üzrə keçirilən festivala ümumilikdə dünyanın 38 ölkəsindən 140 rejissor 215 film təqdim edib. Bunlar arasından 31 ölkədən 74 rejissorun 78 filmi müsabiqəyə buraxılıb. Bu ölkələr arasında ABŞ, Almaniya, Avstriya, Azərbaycan, BƏƏ, Fransa, Gürcüstan, Böyük Britaniya, Türkiyə, İran, İspaniya, Rusiya və s. adlarını çəkmək olar. Festivala Azərbaycandan 14 rejissor film təqdim edib. Münsiflər heyətindən 3-ü azərbaycanlı, 4-ü xarici ölkələrdəndir. Münsiflər öhdəsinə 3 filmi seçmək düşür. I yerə qızıl mükafat-diplom, 2000 avro, II yerə gümüş mükafat-diplom, III yerə isə bürünc mükafat-diplom veriləcək. Festivalın ən yaxşı filmi isə “QRANT PRİ” - diplom və 4000 avro pul mükafatı ilə qiymətləndiriləcək.
Qeyd edək ki, festivalın informasiya dəstəkçiləri arasında APA İnformasiya Agentliyi də var.