Bu gün gənc yazar Aysel Əlizadə iki kitabının təqdimetmə mərasimini keçirib. Lent.az-ın məlumatına görə, yazarın Türkiyədə çap olunan “Bəyaz Kürk” hekayələr kitabı və Azərbaycanda işıq üzü görən “Təkliyə düzəliş” kitabı oxuculara təqdim olunub. Mərasimdə media nümayəndələri, gənc yazıçılar və ziyalılar, müəllifin dostarı iştirak edib.
Aysel Əlizadə təqdim etdiyi kitablar barədə mərasim iştirakçılarını bilgiləndirib. Onun sözlərinə görə, “Təkliyə düzəliş” kitabının xüsusi bir qəhrəmanı var. Həmin qəhrəman kitabın redaktoru, tanınmış şair, tərcüməçi Səlim Babullaoğludur: “Bundan öncəki kitabımın redaktoru Səlim müəllim olub. Kitabım çap olunduqdan sonra ona şer yazdım. Şerimdə “Təkliyə düzəliş vermək olmur, redaktor” deyə ona müraciət də etdim. Düşündüm ki, niyə görə kitabın adını da məhz belə qoymayım”.
Şairə Rəbiqə Nazimqızı Ayselin təkcə siması ilə deyil, həm də yazdığı şerləri və hekayələri ilə hər kəsin qəlbinə yol tapdığını qeyd edib: “Aysel təkcə şer yazmaqla kifayətlənməyib, həm esselər, həm də nəsrlər yazır. Onun ithaf şerləri çox yaxşı alınır. Mən adətən şerlərdə süniliyi tez tuturam. Ayselin şerləri bu kimi hisslərdən çox uzaqdır”.
Gənc şair Fərid Hüseyn Ayselin şerlərində qeyd etdiyi acıları hiss etdiyini və şerlərinin oxunaqlı olduğunu bildirib: “Ayselin kitablarını böyük maraqla oxuyuram. Adətən insan ağrıları yaşayır və onları şerlərə köçürür. Sonra onlar tərcümeyi-hala çevrilir. Diqqətimi çəkən əsasa məqam odur ki, şerlərində özünü qurban verməyə çalışır”.
Yazıçı Şərif Ağayar oxucu ilə kitab arasına girməyi düzgün hesab etmədiyi üçün kitabı təhlil etməyə lüzum görmədiyini deyib. Yazıçı son dövrlər Azərbaycan ədəbiyyatında ciddi qadın imzaları yaranmağa başladığını və bunu çox müsbət hal kimi qiymətləndirdiyini söylədi: “Son dönəmlər ədəbiyyatımızda, publisistikada qadınlara daha çox rast gəlirik. Qadınlar problemlərini poeziyaya gətirməyə başlayırlar. Hazırda Azərbaycan qadını fəlakət dövrünü yaşayır. Bu gün qadın öz fəlakətini dəf etməli və mübarizə aparmalıdır. Qadın olmaq çətindir, xüsusilə də tənha qadın. Mövzularım hər zaman qadından uzaq olub. Ayselin yazılarını oxuduqda, onun dərinliyinə daldıqda duymaq olur ki, bu yazının arxasında tənha, darıxan bir qadın var. Ayselin şerlərinə gəldikdə isə kitabını oxumuşam və çox bəyənirəm”.
APA Holdinqin prezidenti Vüsalə Mahirqızı Azərbaycan ədəbiyyatının sərhədləri keçməsini və kitablarımızın nəinki vətənimizdə, hətta sərhədləri keçərək bütün dünyada tanınmasını dilə gətirib: “Ədəbiyyatımızda elə bəşəri əsərlər yaradılmalıdır ki, onu oxuyarkən müəllifin qadın ya kişi olduğu deyil, hansı ölkənin müəllifi olduğu belə duyulmamalıdır. İstərdim ki, Azərbaycan ədəbiyyatı sərhədləri keçsin. Ayselin yazıları çox ağrılı və kədərlidir. Onun şeirlərini hər zaman oxuyuram və çox bəyənirəm. Uğurlarının davamlı olmasını diləyirəm”.
Təqdimat mərasimində Aysel Əlizadə atası haqqında yazdığı şeiri tədbir iştirakçılarına oxuyub.
Mərasimin sonunda isə gənc yazıçı ən çox bəyənilən şerlərini oxuyaraq mərasim iştirakçılarına şerlərin yazılması ilə bağlı xatirələrini bölüşüb.
Şair Səlim Babullaoğlu Ayselin qələminin müəlliflər içərisindən seçildiyini və şerləri ilə oxucuların qəlbinə yol tapdığını söylədi: “Aysel bu gün imzası seçilən yazıçılar sırasındadır. Ayselin hər yazılarında, şeirlərində orijinal, maraqlı fikirləri olur. Düşünürəm ki, bu kitab gələcək yazarlara müzakirə üçün yaxşı bir mövzu verəcək”.
Lent.az İnformasiya Agentliyinin baş direktoru Qabil Abbasoğlu Ayselin yazılarına məsuliyyətlə yanaşdığını və bunu müsbət hal kimi qiymətləndirdiyini bildirib: “Aysel özünə cəmiyyət içində hörmət qazanmağı bacaran yazarlar sırasındadır. Onun “Bəyaz Kürk” kitabının Türkiyədə çap olunması məni çox sevindirdi. Ayseldə bəyəndiyim xüsusiyyətlərindən biri də odur ki, hər şeyi ədəbiyyata təslim etməyi bacaran müəllifdir”.
Tədbirdə jurnalistlər Ceyhun Musaoğlu, Cəlil Cavanşir, Aysel Əlizadənin anası, şairə Kəmalə Abıyeva, təhsil aldığı orta məktəbin müəllimi və şagirdləri ürək sözlərini deyiblər.