Daxili İşlər Nazirliyi mərhum Xalq artisti Roza Cəlilovanın mirası və dəyərli əşyalarının talanması ilə bağlı yayılan qalmaqallı iddialara münasibət bildirib.
Sənətkarın nəvəsi Lalə Aslanovanın mənimsəmə və oğurluq halları ilə bağlı irəli sürdüyü ittihamlara cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov Lent.az-a açıqlamasında bildirib ki, məsələ artıq hüquqi müstəvidə araşdırılır:
"Səsləndirilən iddialar hazırda araşdırma predmetidir. Qeyd olunan xüsusatlarla bağlı zəruri istintaq hərəkətləri davam etdirilir", - deyə E.İbrahimov vurğulayıb.
***
Saat 11:35
Mərhum Xalq artisti Roza Cəlilovanın ölümündən sonra ailəsində yeni qalmaqal yaşanıb.
Lent.az xəbər verir ki, bu barədə onun nəvəsi Lalə Aslanova videomüraciət yayıb.
O iddia edib ki, sənətçinin rəsmi sənədlərdə bacısı qızı kimi qeyd olunan Yeganə Aslanova anasının ölümünü qardaşına və ailəsinə xəbər verməyib.
Məlumata görə, onlar xəbəri digər qohumlarından eşidib və Zahid Aslanov anasının evinə yollanıb. İddia olunur ki, həmin ərəfədə Y. Aslanova R. Cəlilovanın nəşini məscidə aparıb, ardınca mənzilə qayıdaraq evindən fəxri fərmanları, bəzi əşyaları, o cümlədən evdəki “Quran-i Kərim” kitabını götürüb.
Ailənin nəql etdiyinə görə, Y. Aslanova R. Cəlilovanın evində xarici pasportunu unudub. Polis sənətçinin oğlunu soruşsa da, onlara “oğlu yoxdur” deyə məlumat verildiyi iddia edilir.
İddia olunur ki, oğlu saatlar sonra R. Cəlilovanın evinə daxil ola bilib və onun çantası ilə bank kartlarının götürüldüyünü görüb.
Onlar axşama qədər sənətkarın evinə girə bilməyib.
Məsələ ilə bağlı Prokurorluğa və Səbail rayon Polis idarəsinə şikayət olunub, 3 aydır istintaq davam edir.
Nəvəsi Lalə Aslanovanın sözlərinə görə, bibisi Y. Aslanova ona hücüm edib. O, təhsil aldığı akademiyada Y. Aslanovanın xəsarətinə məruz qalıb.
Bununla bağlı Nəsimi rayon Məhkəməsində Y. Aslanova İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib.
Ailənin redaksiyamıza təqdim etdiyi materiallara əsasən, Y. Aslanovanın evə daxil olduğu ilə bağlı kamera görüntüləri və şahidlər var.
Qeyd olunub ki, Y. Aslanova əslində R. Cəlilovanın bacısı Lena Cəlilova ilə Aslan Aslanovun qızıdır.
Ailə məsələnin həlli ilə bağlı Hüquq Mühafizə orqanlarına müraciət edir, onlar R. Cəlilovaya sağlığında təqdim olunan mükafatların, fəxri fərmanların özlərinə qaytarılmağını istəyir.
Qeyd edək ki, R. Cəlilova sağlığında qızını brilyantlarını qaytarmadığına görə, polisə vermişdi.