Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanası “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından Mirzə Fətəli Axundzadəyə həsr olunmuş biblioqrafik göstərici çap olunub. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, ədibin həyat və fəaliyyətini əks etdirən biblioqrafik göstərici prezident İlham Əliyevin M.F.Axundzadənin anadan olmasının 200 illiyinin keçirilməsi ilə bağlı sərəncamına əsasən nəşrə hazırlanıb.
Biblioqrafik göstəricinin elmi redaktoru və “Ön söz”ün müəllifi filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli, tərtibçisi pedaqogika üzrə fəlsəfə doktoru Nadir İsmayılov, redaktoru filologiya elmləri doktoru Nəriman Seyidəliyevdir.
Biblioqrafik göstəricidə təqdim olunmuş materiallar bir neçə bölmədə qruplaşdırılıb. M.F.Axundzadənin həyat və yaradıcılığının əsas tarixləri, anım tarixləri, öz əsərləri və haqqında yazılan materiallar müvafiq bölmələrdə xronoloji qaydada yerləşdirilib. M.F.Axundzadənin xarici dillərdə nəşr olunmuş əsərləri və haqqında yazılmış materiallar da ayrı-ayrı bölmələrdə təqdim olunub.
Biblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədilə böyük mütəfəkkirin əsərlərinin, həyat və fəaliyyəti haqqında, onun barəsində yazan müəlliflərin adlarının əlifba göstəricisi verilib.
AMEA Rəyasət Heyətinin 1964-cü ildə verdiyi qərara əsasən, Mərkəzi Elmi Kitabxanası “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyası altında bu günədək 300-ə yaxın şəxsi biblioqrafik göstərici hazırlanıb.