Noyabrın 4-də əməkdar mədəniyyət işçisi, ustad aşıq İmran Həsənovun anadan olmasının 85 illik yubileyi qeyd olunacaq. Aşıqlar Birliyinin katibi Musa Nəbioğlunun Lent.az-a verdiyi məlumata görə, Mahnı Teatrında olacaq yubileydə respublikamızın görkəmli ədəbiyyat və elm adamları, aşığın sənət dostları və yetirmələri ustadla bağlı xatirələrini söyləyəcək, aşıqların ifasında şeirləri səsləndiriləcək.
Qeyd edək ki, İ. Həsənov 1928-ci ildə Göyçə mahalının Ağbulaq kəndində anadan olub, sonradan Tovuz rayonunda yaşayıb. Sənəti əvvəlcə əmisi aşıq Dünyamalıdan, sonra isə Məhərrəm Hacıyevdən öyrənib. 2000-ci ildə vəfat edib. Azərbaycan aşıqlarının III və IV qurultaylarının nümayəndəsi olan Aşıq İmranın yubiley ərəfəsində “Sənətimin sultanıyam” adlı şeirlər kitabı da işıq üzü görüb.