Aqil Abbas: “Məmməd Arazın gəzdiyi məkanlar turizm marşrutuna daxil edilsin”
29 noyabr 2013 17:34 (UTC +04:00)

Aqil Abbas: “Məmməd Arazın gəzdiyi məkanlar turizm marşrutuna daxil edilsin”

Bu gün Milli Kitabxanada xalq şairi Məmməd Arazın 80 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev bildirib ki, ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq Məmməd Arazın yubiley tədbirləri davam edəcək, onun haqqında film çəkiləcək: “Məmməd Arazın şəxsiyyətini, yaradıcılığını xalqımız həmişə yüksək qiymətləndirib, onun xatirəsini əziz tutub. Məmməd Araz xalqın, vətənin hər daşını, qayasını necə ürəklə sevirdisə, xalq da onun poeziyasını, şeirlərini həmin böyük məhəbbətlə sevir”.

 

Millət vəkili Nizami Cəfərov Məmməd Arazı Azərbaycan poeziyasında müəllim zirvəsinə ucalan nadir şəxsiyyətlərdən, bənzərsiz şairlərdən biri kimi dəyərləndirib: “Ədəbiyyatımıza Məmməd Arazdan sonra gələn bütün şairlər ondan nəsə öyrəniblər, onun şeirlərindən bəhrələniblər. Məmməd Arazın istənilən şeiri tərcümeyi-haldır, avtobioqrafiyadır. Eyni zamanda o, haqqında ən çox şeir yazılan şairdir”.

 

 “Tale elə gətirib ki, Məmməd Araz haqqında ilk yazan adamlardan biri mən olmuşam. Onunla uzun illər bir-yerdə çiyin-çiyinə çalışmışıq. Məmməd Arazın bütün yaradıcılığı canlı sözlərdən ibarətdir. İndi cild-cild kitablar çıxır, təbliğ olunur, amma içinə baxırsan bir dənə canlı, diri söz yoxdur, ölü mətnlər hər yerdə adamın qabağına çıxır. Məmməd Arazın poeziyası isə insanla bir yerdə nəfəs alır, yaşayır”. Bunu tədbirdə çıxış edən xalq şairi Sabir Rüstəmxanlı Məmməd Arazla bağlı xatirələrini danışarkən deyib.

 

Yubiley mərasimində yazıçı Aqil Abbas,  tənqidçi Vaqif Yusifli, AMEA-nın müxbir üzvü Teymur Kərimli, publisist Flora Xəlilzadə və başqaları Məmməd Arazın müasir Azərbaycan tarixindəki yerindən, poeziyamızdakı mövqeyindən danışıblar.  Millət vəkili Aqil Abbas Mədəniyyət və Turizm Nazirliyinə təklif edib ki, M. Arazın və digər şairlərin olduqları, gəzdikləri məkanlar turizm marşrutuna daxil edilsin.

 

Xatirə tədbirində Məmməd Arazın ömür-gün yoldaşı Gülxanım Məlikməmmədova da iştirak edib. Əməkdar artist Firuz Səxavət şairin sözlərinə yazılan “dünya sənin, dünya mənim, dünya heç kimin” mahnısını ifa edib, qiraət ustası Ağalar Bayramov M. Arazın şeirlərini səsləndirib. Həmçinin tədbirdə Nazim Muradoğlunun  M. Araz haqqında yazdığı kitabın təqdimatı olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1054
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar