Dövlət Akademik Milli Dram Teatrında Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyi keçirilib. Lent.az-ın məlumatına görə, yubileydə təhsil naziri Mikayıl Cabbarov, hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrdən gəlmiş qonaqlar, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.
Lent.az-ın məlumatına görə, yubiley mərasimini açan ADMİU-nun rektoru Timuçin Əfəndiyev ölkəmizdə elmə, mədəniyyətə göstərilən dövlət qayğısından danışıb.
Təhsil naziri isə M. Cabbarov ADMİU-nun şərəfli tarixi yol keçdiyini və bu ənənələrin hazırda uğurla davam etdirildiyini deyib.
Tədbirdə prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin fəxri adlara layiq görülmüş əməkdaşlarına mükafatlar təqdim edilib.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev nazirliyin rəhbərliyi adından yubiley münasibətilə universitetin kollektivini təbrik edib.
Tədbirdə Avropa İncəsənət Universitetləri Liqası baş direktorunun müavini, professor Şelte van Ruyten, Türkiyənin Harran Universitetinin rektoru, professor İbrahim Xəlil Mutlu, Moskva Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Tatyana Kuznetsova, Gürcüstanın İliya Dövlət Universitetinin İncəsənət üzrə Araşdırmalar İnstitutunun direktoru, professor Levan Xetaquri, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov və başqaları çıxış edərək ADMİU-nun 90 illik yubileyi münasibətilə təbriklərini səsləndirib və ali təhsil ocağının rektoruna hədiyyələrini təqdim ediblər.
Yubiley tədbirində xarici ölkələrin və Azərbaycanın bır sıra ali təhsil ocaqlarının, görkəmli mədəniyyət xadimlərinin təbrik məktubları oxunub.
Mərasimdə ADMİU-nun bir qrup əməkdaşına Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərman və pul mükafatı təqdim edilib.
Sonra universitet kollektivi adından prezident İlham Əliyevə müraciət qəbul olunub.
Mərasim universitetin tələbələrinin hazırladıqları bədii proqramla davam etdirilib.