Noyabrın 15-də Heydər Əliyev Sarayında "Qorxma mən səninləyəm.1919" bədii filminin təqdimatı keçirilib.
Lent.az-ın məlumatına görə, tədbirdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da iştirak edib.
Ötən əsrin 80-ci illərində çəkilmiş "Qorxma, mən səninləyəm" bədii filminin davamı kimi ekranlaşdırılan yeni kino əsərinin ssenari müəllifi və rejissoru Yuli Qusman, operatoru Vadim Alisov, quruluşçu rəssamları Rafiq Nəsirov, Viktor Nikonenko, Tahir Tahirov, prodüserləri Müşfiq Hətəmov və Timur Vaynşteyndir.
"Qorxma mən səninləyəm.1919" filmində baş rollardan birinə Polad Bülbüloğlu, Həmidə Ömərova, həmçinin rusiyalı aktyorlardan Lev Durov, Muxtarbek Kantemirov, Mixail Yefremov, Edqar Zapaşnıy, Vladimir Dolinskiy, Yuri Kobaladze, eləcə də yerli aktyorlardan Kristina Güləliyeva, Eldar Qasımov, Məbud Məhərrəmov, Teymur Bədəlbəyli, Zaur Şəfiyev, Bəhram Bağırzadə, Nuriyə Əhmədova, Rövşən Əsgərov çəkiliblər.
Filmin yaradıcı heyətinin Rusiya tərəfini təmsil edən bir qrupu təqdimatda iştirak edib.
Rejissor Yuli Qusman film haqqında bunları deyib: “Filmin birinci hissəsinin çəkilişindən 32 il ötür. Filmin çəkilişləri 6 regionda olub. Hər yerdə bizi mehriban qarşıladılar. Bu film iki ölkənin dostluğunu tərənnüm edir. Filmdə siz bir çox tanış simalar görəcəksiniz”.
Filmin həm də bəstəkarı olan P. Bülbüloğlu çıxışında bu filmə həm Azərbaycanda həm də Rusiyada marağın böyük olduğunu deyib: “Film haqqında yazılar yazılır, insanlar maraqlanır, təqdimat günün gözləyirdilər. İstərdik ki, budəfəki film də uğur qazansın, məşhur olsun”.
Təqdimat mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev prezidentin sərəncamı ilə Yuli Qusmana verilən “Şöhrət” ordenini də təqdim edib.
Qeyd edək ki, film C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və Rusiyanın "Vayt Media" kino şirkətinin birgə istehsal olunub.