“2013-cü ildə kino sənayesində 90 faiz yerli mütəxəssislərdən istifadə olunub və çəkiliş proseslərində xaricdən gətirilən texnikanın mümkün qədər qarşısı alınıb”. Lent.az-ın məlumatına görə, bunu “Nizami” kino mərkəzindəki mətbuat konfransında jurnalistlərə açıqlamasında “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov deyib. Onun sözlərinə görə, yerli mütəxəssislərin potensialından istifadə edilməsi gənc nəslin yetişməsində, təcrübə əldə etməsində müsbət rol oynayıb:
“2013-cü ildə xaricdə yaşayan altı gənc rejissor kino müsabiqələrinin qalibi oldu. Bir faktı xüsusi vurğulamaq istərdim ki, ilk dəfə olaraq Azərbaycan film tarixində 10 nəfər gənc rejissor film çəkdi. Bu filmlər bir çox xarici şirkətlərin marağına səbəb olub”.
M. Hətəmov onu qeyd edib ki, hazırda televiziya şirkətləri ilə əməkdaşlıq davam edir və bunun nəticəsi kimi İctimai Televiziya ilə müştərək “Qarabağnamə” filmi ərsəyə gəlib.
Kinostudiyasının direktoru 2014-cü ildə kinostudiya tərəfindən tətbiq olunacaq yeniliklərə də toxunub. O bildirib ki, bu ildə etibarən həyata keçiriləcək yeni layihədə yerli mütəxəssislər təlim keçəcəklər: “Həmin təlimlərdən keçən gənclər xaricdə təhsil almaq imkanı qazanacaqlar”.