Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyi tərəfindən may ayının 9-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti silsilə tədbirlər keçirilib.
Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirdə ABŞ-da yaşayan və fəaliyyət göstərən həmyerlilərimiz və səfirliyin əməkdaşları iştirak ediblər.
Mərasimdə çıxış edən səfir Elin Süleymanov əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyev barədə xatirələrini bölüşüb. Müasir, müstəqil və suveren Azərbaycan dövlətinin qurucusu olan ümummilli liderin müxtəlif dönəmlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlar haqqında söz açıb, onun Azərbaycanla ABŞ arasında münasibətlərin genişlənməsi və möhkəmlənməsi istiqamətində gördüyü işlərin ikitərəfli münasibətlərimiz üçün möhkəm zəmin yaratdığını qeyd edib. Səfir Süleymanov ümummilli liderin ən sadiq davamçısı olan prezident İlham Əliyevin Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndiyini və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artdığını qeyd edib.
Daha sonra diplomat Azərbaycanın ABŞ-dakı səfirliyinin yerləşdiyi binanın Heydər Əliyevin qərarı ilə alındığını diqqətə çatdırıb və bu binanın müstəqil Azərbaycan Respublikasının xaricdə diplomatik fəaliyyət üçün aldığı ilk mülk olduğunu vurğulayıb. Bu xüsusda ümummilli liderin anadan olmasının 95-ci ildönümü münasibətilə səfirliyin binasının ətrafında müxtəlif və rəngarəng güllər və çiçəklər əkilərək onun əziz xatirəsi bir daha yad edilib. Beləliklə, Heydər Əliyevin əziz xatirəsinə əkilən güllər Vaşinqtonda Azərbaycanı təcəssüm etdirən daha bir guşəni gözəlləşdirib.
Güllərin əkilməsi mərasiminin ardınca səfirliyin inzibati binasında «Lider» televiziyası tərəfindən ərsəyə gələn “Unudulmaz” filminin Amerika Birləşmiş Ştatlarında təqdimat mərasimi keçirilib. Bu, ulu öndər Heydər Əliyevin ABŞ-ın Klivlend klinikasında müalicə aldığı dövrü işıqlandıran sənədli filmdir. “Lider” televiziyasının və Amerika Birləşmiş Ştatlarındakı səfirliyimizin dəstəyi ilə gerçəkləşən təqdimat mərasimində diplomatik korpus, ictimaiyyət nümayəndələri, həmyerlilərimiz, media təmsilçiləri iştirak ediblər. Filmin özəlliyi onun Heydər Əliyev barəsində geniş auditoriyaya məlum olmayan, bir çox qürurverici, duyğulandırıcı xatirələri canlandırmasıdır. Ekran əsərinin ssenari və ideya müəllifi, jurnalist, filologiya üzrə fəlsəfə doktoru Elnur Niftəliyevdir. O, çıxış edərək bildirib ki, filmin ABŞ-da təqdim olunması böyük əhəmiyyət kəsb edir. E.Niftəliyev ümummilli lider Heydər Əliyevin ömrünün son dövrünü məhz burada, Amerika Birləşmiş Ştatlarında keçməsindən, eyni zamanda ABŞ-la Azərbaycan arasında uğurlu əməkdaşlığın, strateji əlaqələrin təməlinin məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulmasından bəhs edib. Səfir Süleymanov, öz növbəsində, ümummilli lider Heydər Əliyevin Klivlend klinikasında müalicə aldığı zamanlarda onun nə qədər güclü və vətənə bağlı olmasının şəxsən şahidi olmasını bildirib. ABŞ-ın aparıcı həkimlərinin milli liderlə bağlı xatirələrinin əks olunduğu ekran əsərində, eyni zamanda çox qiymətli və nadir arxiv kadrlarından da istifadə edilib. Ekran əsəri milli lider Heydər Əliyev irsinin araşdırılmasında yeni səhifə, qiymətsiz videomaterialdır.
Xatırladaq ki, ulu öndərin 95 illik yubileyi ilə əlaqədar Amerika Birləşmiş Ştatlarının paytaxtında təqdim olunan “Unudulmaz” sənədli filminin təqdimat mərasimləri bundan öncə Bakıda, Özbəkistanın paytaxtı Daşkənd şəhərində gerçəkləşib. ABŞ-dan sonra isə filmin təqdimatının Türkiyənin paytaxtı Ankara şəhərində həyata keçirilməsi nəzərdə tutulub.