Sentyabrın 17-də UNESCO-nun baş qərargahında TÜRKSOY, Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyi və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə "Arşın mal alan" operettasının 100 illik yubileyinə həsr olunan konsert proqramı keçiriləcək, sərgi nümayiş olunacaq.
Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, "Arşın mal alan" operettasının 100 illik yubileyi UNESCO-nun 2012-2013-cü illər üçün "Görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı"na daxil edilib.
Nazirlikdən bildiriblər ki, "Arşın mal alan" operettası xalq artisti, professor Ağaverdi Paşayevin bədii rəhbərliyi ilə Qazaxıstanın Qaraqanda Simfonik orkestrinin müşayiəti və Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan artistlərin ifasında təqdim olunacaq.
Üzeyir Hacıbəylinin ev muzeyinin toplusu əsasında təşkil olunan sərgidə "Arşın mal alan" operettasının tarixini əks etdirən materiallar - afişalar, məqalələr, ən məşhur ifaçıların fotoşəkilləri nümayiş olunacaq.