Nizami Kino Mərkəzində "Mahmud və Məryəm" filminin təqdimat mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov bildirib ki, "Mahmud və Məryəm" Türkiyə və Azərbaycan arasında baş tutan ilk müştərək kino layihəsidir. Onun sözlərinə görə, qarşılıqlı əlaqələr bundan sonra da davam edəcək: "Bu gün Azərbaycan kino industriyası inkişaf edir və inanıram ki, bizim bu cür uğurlu işlərimiz çox olacaq".
Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova Elçin Əfəndiyevin "Mahmud və Məryəm" romanının Türkiyədə bir neçə dəfə çap edildiyini və oxucular arasında böyük marağa səbəb olduğunu diqqətə çatdırıb: " Mənim bu gün böyük bir xəyalım gerçəkləşdi. Türkiyədə bu əsər çox çap olunub.Bu təklifi eşidəndə oxucuların marağını nəzərə almışdım. İnanıram ki, tamaşaçılar "Mahmud və Məryəm"i sevəcəklər".
“Mahmud və Məryəm” filmi romantik, dram janrında çəkilib. Filmin rejissoru Mehmet Ada Öztəkin, prodüseri isə Sevda Kayğısızdır. Türkiyənin “24 Kare” şirkəti tərəfindən ekranlaşdırılan film Mahmudla Məryəmin sevgisindən bəhs edir.
Mahmud gəncəli Ziyad xanın oğlu, Məryəm isə keşişin qızıdır. Hadisələrin mərkəzində isə Mahmudla Məryəmin bir-birinə olan məhəbbəti dayanır. İki gəncin sevgisinə mane olan isə mürtəce fikirli Qara Keşişdir.
Mahmud rolunu Aras Bulut İynemli, Məryəm obrazını isə Eva Dedova canlandırıb.
Çəkilişləri Şəkidə başlayan ekran əsərində Fəxrəddin Manafov, Məlahət Abbasova, Şamil Süleymanov, Mehmet Çevik, Tomris İncer, Kristina Krapela və başqa tanınmış aktyorlar rol alıblar.