Bu gün İçərişəhərdə Vaqif Mustafazadənin 75 illik yubileyi münasibətilə “Vaqifsayağı” caz festivalının açılışı olub.
APA-nın məlumatına görə, saat 18:00-dək davam edəcək festivalda ziyalılar, mədəniyyət və incəsənət xadimləri, musiqiçilər iştirak ediblər.
Tədbirin aparıcısı Rahib Azəri Vaqif Mustafazadənin adından festival iştirakçılarına müraciət edib, bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verib.
R.Azəri bildirib ki, festival “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsinin,Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Gilan Holdinq”in baş sponsorluğu ilə keçirilir: “Bugünkü festival digər tədbirlərdən fərqlənir. Bu gün Vaqifin xatirəsinə hörmət əlaməti olaraq “İçərişəhər” metrosunda, “AZAL”ın daxili reyslərində və bir neçə radioda Vaqif Mustafazadənin musiqiləri səslənəcək. Festivalın ərsəyə gəlməsində bizə kömək edən bütün xeyirxah insanlara təşəkkürümüzü bildiririk. Müraciət etdiyimiz yerlərin heç birində “yox” kəlməsini eşitmədik. Bu yağışlı, soyuqhavada siz Vaqifsevərlər burdasınızsa, deməli, Vaqif Mustafazadənin özü də bizim aramızdadır, onun xatirəsi, musiqisi bizim qəlbimizdə yaşayır”.
Festivalda ölkənin tanınmış və gənc caz ustaları iştirak edir, musiqi nömrələri ifa edirlər. Tədbirdə caz ustaları Vaqif Mustafazadənin ifa etdiyi mahnıların müəyyən hissəsini eyni tərzdə, digər parçasını isə özünəməxsus şəkildə ifa edərək tamaşaçılara təqdim edirlər.
Qeyd edək ki, tədbirin informasiya dəstəyi "APA Holdinq"ə məxsusdur.