Azərbaycan Dövlət Kukla Teatrı qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə uşaqlar üçün yeni tamaşa təqdim edəcək. Teatrdan Lent.az-a verilən məlumata görə, dekabrın 26-dan yanvarın 4-dək teatrın baş rejissoru Qurban Məsimovun “Tıq-Tıq və Taq-Taqın yeni il macəraları” adlı səhnə nümunəsi nümayiş olunacaq.
Baş rejissorun sözlərinə görə, 45 dəqiqəlik tamaşada əsas obrazlar - Tıq-Tıq və Taq-Taq yeni il şənliyinə hazırlaşır. Bunun üçün artıq müəyyən tədarük də görüblər: “Amma hiyləgər tülkü və küpəgirən qarı onların şənliyinə mane olmaq istəyirlər. Buna görə də Nakaş və Dakaş adlı iki sadəlövh cini pis əməllərinə alət edirlər. Tıq-Tıqın evinə gələrək ona sehrli almanı yedirir və bütün bayram azuqələrini mağaralarına daşıyırlar. Meşədən şam ağacı gətirməyə gedən Taq-Taq döndüyündə dostunun bu halın görür və köməyə Şaxta babanı çağırır. Onun gəlişi ilə sehr pozulur və hiyləgərlər cəzalandırılır. Pis əməllərindən əl çəkməyə söz verən hiyləgərlər də şənliyə qatılmaq şansı qazanırlar”.