Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 29 avqust tarixli 389 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
APA-nın verdiyi məlumata görə, fərmana əsasən edilən dəyişiklik Mədəniyyət və Turizm Nazirliyi və Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərlə bağlı səlahiyyətlərinin dəqiqləşdirilməsi ilə bağlıdır.
Mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırılmadan sökülməsinə, məhv edilməsinə, parçalanmasına, yeni quruluşa salınmasına, başqa yerə köçürülməsinə və zahiri görkəminin dəyişdirilməsinə görə fiziki şəxslər min beş yüz manat miqdarında, vəzifəli şəxslər üç min manat miqdarında, hüquqi şəxslər on min manat miqdarında cərimə ediləcək. Bu hallarda inzibati xətalar haqqında işlərə Mədəniyyət və Turizm Nazirliyi baxacaq.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində yerləşən mədəni sərvətlərin isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə razılaşdırılmadan sökülməsinə, məhv edilməsinə, parçalanmasına, yeni quruluşa salınmasına, başqa yerə köçürülməsinə və zahiri görkəminin dəyişdirilməsinə görə fiziki şəxslər min beş yüz manat miqdarında, vəzifəli şəxslər üç min manat miqdarında, hüquqi şəxslər on min manat miqdarında cərimə ediləcək. Bu hallarda da inzibati xətalar haqqında işlərə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi baxacaq.