Azərbaycan “Xarici ölkə tərəfindən ən əhəmiyyətli layihənin reallaşdırılması” nominasiyasında “Mədəni irsin qorunması və onun dəyərinin artırılmasına görə - “İtalian Heritage Award” nüfuzlu beynəlxalq mükafata layiq görülüb. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Lent.az-a verilən məlumata görə, bu mükafat restavrasiya, heykəltəraşlıq, mədəniyyət, incəsənət, muzey işi, arxeologiya və digər sahələrdə 26 nominasiyada təqdim edilir. Bu ilki müsabiqənin 400-ə yaxın iştirakçısının təqdim etdiyi layihələri doqquz ay ərzində 25 nəfərlik münsiflər heyəti nəzərdən keçirilib.
YUNESKO-nun “Dünya İrsi Siyahısı”na daxil edilmiş İçərişəhərə 2000-ci ildə baş vermiş zəlzələ nəticəsində dəymiş zərərin aradan qaldırılması istiqamətində Azərbaycan hökumətinin hərtərəfli səyləri münsiflərin xüsusi diqqətini cəlb edib. İçərişəhərin mühafizəsi və restavrasiyasına beynəlxalq səviyyədə verilən bu yüksək qiymət Azərbaycan prezidentinin ölkəmizin milli-mədəni irsinin qorunması və inkişaf etdirilməsi sahəsində uğurlu dövlət siyasətinin daha bir bəhrəsidir. Mükafat Azərbaycan Respublikasının İtaliyadakı səfirliyi vasitəsilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə təqdim edilib.