“Əli və Nino” filmi ilə bağlı <span style="color:red;">YENİ FAKTLAR
10 mart 2015 15:05 (UTC +04:00)

“Əli və Nino” filmi ilə bağlı YENİ FAKTLAR

Yazıçı Qurban Səidin “Əli və Nino” əsəri əsasında çəkilən eyniadlı filmlə bağlı sual doğuran bir sıra məqamlara aydınlıq gətirilib. Lent.az-ın məlumatına görə, buro247.az saytı "Əli və Nino" filmiylə bağlı hazırladığı silsilə yazıların davamı olaraq, daha bir araşdırma ilə oxucuların çoxsaylı suallarını cavablandırmaq qərarına gəlib. Bundan öncə filmdə çəkilən aktyorların adları və rolları, çəkilişlərin aparıldığı məkanlar barədə məlumatlar vermişdik. Lakin hər kəsə məlumdur ki, filmin uğurlu olması həm də çəkiliş heyətinin peşəkarlığından asılıdır. Bu səbəbdən yeni araşdırmamızın da müzakirə mövzusu olacağına əminik. "Əli və Nino" filmi Böyük Britaniyanın məşhur "PeaPie Films" kino şirkəti tərəfindən çəkilir. Filmin beynəlxalq satış məsələləri "IM Global" şirkətinə həvalə olunub.

Şübhəsiz ki, filmdə həmin dövrü ən yaxşı göstərən məqamlardan biri kostyumlardır. Bu iş tarixi kostyumların tikilməsi üzrə mütəxəssis, ABŞ prezidenti Barak Obamanın sevimli "Taxt-tac oyunu" serialının kostyumları üzrə dizayner Mişel Kleptona həvalə olunub. Britaniyalı usta məhz bu serialdakı işinə görə bir çox nüfuzlu mükafatlara, o cümlədən, "Emmi" mükafatına layiq görülüb.

Filmin Kostyum və qarderob departamentinə rəhbərliyi isə yenə də "Taxt-tac oyunu" serialında uğurla çalışan Nina Ayres və Darren Norisə tapşırılıb. Onların hər ikisi Britaniya istehsalı olan "Sinbad" serialında birgə çalışıblar.

Vizual effektlər üzrə icraçı prodüser Lyusi Eynsvort-Teylordur. Onun son işlərindən biri bu il "Oskar" mükafatına 8 nominasiyada namizəd olan və "Ən yaxşı adaptasiya olunmuş ssenari" nominasiyasında qalib gələn "İmitasiya oyunu" filmidir. Bundan başqa, Lyusi "Oskar" mükafatlı "Dəmir ledi" və "Çəhrayı rəngdə həyat" filmlərinin və hazırda böyük maraqla izlənən "Taxt-tac oyunu" serialının vizual effektlər üzrə prodüseri kimi çalışıb.


Tarixi filmdə Lyusi Ensvort-Teylorla birgə çalışan və vizual effektlər üzrə nəzarətçi olan Angela Barsonun filmoqrafiyasında isə Harri Potter barədə silsilə filmlərə, o cümlədən, "Da Vinçi kodu", "007: Skayfoll koordinatları", "Kazino Royal", "Yupiterin yüksəlişi" və bu il "Oskar"a namizəd olan "İmitasiya oyunu"na rast gəlmək olar.
Sosial şəbəkələrdə "Bəs binalarda görünən kondisionerlər və elektrik xətləri necə olacaq?" sualı üzərində müzakirə aparanlar narahat olmaya bilər. "Əli və Nino"nun qrafik dizayneri türk əsilli Bilun Bilmandır. Bilmanın son işi bu il işıq üzü görən, rejissoru və baş rol ifaçısı Rassel Krounun olduğu və tarixi "Çanaqqala" savaşına həsr olunmuş "Su axtaran" filmidir. Bu filmlərdən öncə isə o, "Mordkommission Istanbul" serialının və "007: Skayfoll koordinatları" filmlərinin qrafik dizaynını üzərində çalışıb. Sonuncu 5 nominasiyada "Oskar" mükafatına namizəd olub. Yəni, "Əli və Nino" filmində də qrafik həllər ustalıqla işləniləcək.

Qrim və saç düzümü üzərində britaniyalı Kirstin Çalmers və Polli Mossmançalışırlar. Çalmers 4 nominasiyada "Oskar" qazanmış "Pinin həyatı", "80 gün dünya ətrafında" kimi məşhur filmlərdəki işiylə, Mossman isə Britaniya istehsalı olan "Bəyaz kraliça" televiziya serialıyla tanınır.

Ekran işiylə bağlı daha bir sual doğuran məqam onun hansı dildə olmasıdır. Rəsmi məlumata görə, film ingilis dilində olacaq. Bu da filmin daha geniş kütləyə xitab edəcəyindən, nüfuzlu beynəlxalq festivallarda uğurla iştirakından xəbər verir.

İçərişəhərdə yerləşən Şirvanşahlar Saray Kompleksində, Qoşa Qala Qapısı meydanında və Asəf Zeynallı küçəsində aparılan çəkilişlərdə müşahidə etdiyimiz məqamlardan biri məkanlardakı dekorlarla yanaşı, həm də bir sıra küçə adlarının dəyişdirilməsi oldu. Məlum olduğu kimi, filmdəki hadisələrin baş verdiyi illərdə Bakıda Nikolay, Bolşoy Krepostnoy kimi küçələr mövcud olub. "Əli və Nino" filmində bu detallar da öz əksini tapacaq. Məlum olduğu kimi, əsərdə Ninonun atasının erməni əsilli dostu da var. Ninoya dəlicəsinə aşiq olan və Əliyə rəqib olmaq istəyən Melik Naxararyanın obrazını italyan Rikkardo Skamarço canlandıracaq.
Bundan əlavə, Əli xanın yaxın dostu Seyid Mustafa obrazını tanınmış türk-alman aktyor Numan Acar, digər dostu İlyas bəyin obrazını isə Mərakeş əsilli fransız aktyor Əsad Bub canlandıracaq.

Xatırladaq ki, Qurban Səidin "Əli və Nino" romanı əsasında ekranlaşdırılan filmin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru "Bafta" mükafatı sahibi Asif Kapadiya, ssenari müəllifi isə "Academy Award" mükafatı laureatı Kristofer Hemptondur. Filmdə baş rolları tanınmış aktyorlar Adam Bakri və Mariya Valverde canlandırırlar.


Filmin çəkilişi üçün quruluşçu rəssam Karlos Konti ("Yolda", "Çərpələng uçuran", "Motosikletçinin gündəliyi"), quruluşçu operator Gökhan Tiryaki ("Qış yuxusu", "Bir dəfə Anadoluda"), redaktor Aleksandr Berner ("Yupiterin yüksəlişi", "Buludlu atlas", "Hesablaşma") də daxil olmaqla dünya səviyyəsində bir komanda formalaşıb.

Qeyd edək ki, "Əli və Nino" əsəri inqilabdan əvvəlki Bakıda azərbaycanlı gənclə gürcü qızın məhəbbətindən bəhs edir. Romanda 20-ci əsrin əvvəlində dünyanın neft paytaxtının siyasi, etnik və mədəni həyatı təsvir edilir. Əsərdə hadisələr Birinci Dünya Müharibəsindən sonra Azərbaycan, Gürcüstan və İranda baş verir. Müharibə, qırğınlar, iğtişaşlar fonunda Əli Xan Şirvanşirlə Nino Kipianinin məhəbbəti göstərilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 309
avatar

Oxşar yazılar