“Birliyin ulduzları” mükafatının təqdimetmə mərasimi keçirilib
18 aprel 2014 03:02 (UTC +04:00)

“Birliyin ulduzları” mükafatının təqdimetmə mərasimi keçirilib

. Rusiya paytaxtında MDB dövlətlərarası mükafatı olan “Birliyin ulduzları” (“Zvyozdı Sodrujestva”) mükafatının təqdimetmə mərasimi keçirilib. APA-nın Moskva müxbirinin məlumatına görə, "Bolşoy Teatr"da keçirilən təqdimetmə mərasimində çıxış edən MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinin sədri, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu MDB-nin müxtəlif ölkələrindən gəlmiş laureatları təbrik edib: “Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu MDB məkanında humanitar əlaqələri möhkəmlətməkdə davam edir. Görkəmli şəxsiyyətlərimizin bu mükafatla təltif edilməsi o deməkdir ki, biz bir yerdəyik, bir-birimizə ehtiramla yanaşırıq, bir-birimizi yüksək qiymətləndiririk. Bu gün dünyada baş verənlərin fonunda bu, çox önəmli bir faktdır". 


Səfirin çıxışından sonra “Birliyin ulduzları” mükafatının təqdimetmə mərasimi baş tutub. 


Mədəniyyət və incəsənət nominasiyasında bu il “Birliyin ulduzları” mükafatına Azərbaycanın xalq rəssamı, Azərbaycan Elmlər Akademiyası və Rusiya rəssamlıq akademiyasının həqiqi üzvü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov layiq görülüb.  


Ömər Eldarovla birgə bu il mükafata MDB ölkələrindən olan görkəmli alimlər, artistlər, ictimai xadimlər layiq görülüblər. Təltif olunanlar arasında Ukrayna Milli Elmlər Akademiyasının prezidenti Boris Paton, SSRİ xalq artisti Oleq Tabakov və bir sıra tanınmış şəxsiyyətlər var. 


Azərbaycanın xalq rəssamı Ömər Eldarov çıxışında bu mükafata layiq görüldüyünə görə çox şad olduğunu söyləyib: “Mənim üçün bu çox vacibdir, çünki mənim təhsilim, yaradıcılığım və həyatımın böyük bir hissəsi Sovet İttifaqı dövrünə təsadüf edib. Yaradıcılıq tellərinin pozulması, itməsi pis şeydir. Dövlətlətarası Humanitar Əməkdaşlıq Fondu isə bu mükafat vasitəsi ilə bizi birləşdirir, yaxınlaşdırır. Hesab edirəm ki, bu çox önəmli və dəyərlidir".  


Qeyd edək ki, “Birliyin ulduzları” Dövlətlərarası mükafatı MDB ölkələri Humanitar Əməkdaşlıq Şurası və MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən Qazaxıstanın paytaxtı Astana şəhərində 21 may 2009-cu il tarixində təsis edilib. MDB-nin əsas humanitar mükafatı olan "Birliyin ulduzları" elm və təhsil, mədəniyyət və incəsənət, eləcə də humanitar fəaliyyət nominasiyaları üzrə verilir.


2012-ci ildə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva humanitar sahədə fəaliyyətinə görə, “Birliyin ulduzları” dövlətlərarası mükafatına layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 469
avatar

Oxşar yazılar