Bakıda Teatr Xadimləri İttifaqının (ATXİ) təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “2+1” Eksperimental teatr festivalı keçiriləcək. Nazirlikdən Lent. az-a verilən məlumata görə, bu barədə bu gün Teatr Xadimləri İttifaqında keçirilən mətbuat konfransında sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə deyib. O, bildirib ki, festivalda səkkiz teatr doqquz tamaşa göstərəcək: “Ən yaxşı tamaşalar teatr mütəxəssisləri tərəfindən seçiləcək və ATXİ-nin festivallar bankına daxil ediləcək. Bu səhnə əsərləri gələcəkdə iştirak üçün müvafiq festivallara göndəriləcək. Festival çərçivəsində İttifaqın tamaşa salonunda nümayiş olunacaq bütün səhnə əsərləri ilk dəfə tamaşaçılara təqdim ediləcək. Heydər Əliyev adına Tbilisi Azərbaycan Dram Teatrı festivala qonaq qismində dəvət olunub”.
Qeyd edək ki, festival ilk dəfə 2011-ci ildə keçirilib. Məqsəd Azərbaycan teatr məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaq, gəncləri yeni yaradıcılıq axtarışlarına cəlb etməkdən ibarətdir.