Azərbaycan Dövlət Musiqili Teatrı yeni tamaşaya hazırlaşır. Teatrdan Lent.az-a verilən məlumata görə, yazıçı-dramaturq Əli Səmədlinin “Toya bir gün qalmış” komediyasının məşqlərinə başlanılıb. Tamaşanın quruluşçu-rejissoru, əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur. Ə. Əsgərovun sözlərinə görə, “Toya bir gün qalmış” günümüzlə səsləşən, aktual problemləri qabardan bir əsərdir. Tamaşanın əsas ideyası “İnsanlara kömək edin, biganəlikdən əl çəkin!” şüarını tamaşaçılara çatdırmaqdır. Qızının toyuna bir gün qalmış nazir evində oturduğu yerdəcə ölür. Arvadı qərara gəlir ki, bunu hamıdan gizlətsinlər. Düşünür ki, ərinin ölümü toyun təxirə salınması ilə yanaşı onların bir sıra maraqlarına da zərbə vura bilər. Beləliklə, maddi maraqlar mənəvi tərəfi üstələyir. Evdə ölü ola-ola hamı çalıb oynayır. Sonda məlum olur ki, əslində kişi ölməyib, sadəcə klinik ölüm keçirib. Ən maraqlı hadisələr isə o ayıldıqdan sonra baş verir.
Qeyd edək ki, quruluşçu-rəssamı Nabat Salamova, rejissor assistenti Tamilla Aslanova olan tamaşanın premyerası dekabrın ortalarına nəzərdə tutulur. Tamaşada xor və balet truppasının artistləri ilə yanaşı əsas obrazları xalq artisti Afaq Bəşirqızı, əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac və Hüseyn Əlililər və başqaları ifa edirlər.