132-134 saylı məktəbdə «Qədim Bakı xatirələri» adlı tədbir olub
13 mart 2015 12:54 (UTC +04:00)

132-134 saylı məktəbdə «Qədim Bakı xatirələri» adlı tədbir olub

Səbail rayonundakı 132-134 saylı Təhsil Kompleksində yeniyetmə və gənclər arasında mədəni irsimizin təbliği, paytaxtımız Bakı şəhərinin və onun qədim tarixi abidələrinin yaxından öyrənilməsi məqsədi ilə «İçərişəhər» Dövlət Tarixt-Memarlıq Qoruğu İdarəsinin «İçərişəhər» tarixi muzeyi ilə birgə «Qədim Bakı xatirələri» adlı tədbir keçirilib. Lent.az-ın məlumatına görə, Səbail rayon İcra Hakimiyyəti, «İçərişəhər» DTMQ İdarəsinin nümayəndələrinin, «İçərişəhər» tarixi muzeyinin əməkdaşlarının, tarixçi-alimlərin, tədqiqatçıların, Təhsil Kompleksinin müəllim və şagirdlərinin iştirakı ilə keçirilən tədbiri 132-134 saylı Təhsil Kompleksinin direktoru, əməkdar müəllim Sara Xanlarova açaraq iştirakçılara Təhsil Kompleksi, onun tarixi, məzunları barədə ətraflı məlumat verib. Sonra Təhsil Kompleksində fəaliyyət göstərən muzey ekspozisiyasının zənginləşdirilməsi  məqsədi ilə «İçərişəhər» tarix muzeyinin fondunda olan fotolardan ibarət «Qədim Bakı» adlı guşənin və 150 illik tarixə malik olan Təhsil Kompleksinin əsaslı təmiri zamanı binanın özülündən aşkar olunmuş və mütəxəssis arxioloqlar tərəfindən rəy verilmiş artefaktlardan ibarət yeni ekspozisiyanın açılışı olub. «İçərişəhər» tarixi muzeyinin direktoru Ceyhun Ağakişibəyli, «İçərişəhər» DTMQ İdarəsi rəisinin elmi işlər üzrə köməkçisi, tarix elmləri doktoru Vəfa Quliyeva, Səbail rayon İcra Hakimiyyətinin sektor müdiri İsrafil Kərimov çıxış edərək tədbirin əhəmiyyəti, şagirdlərin qədim tariximizi daha dərindən öyrənmələrinin vacibliyini vurğulayıblar.

 

Kompleksin akt zalında keçirilən ədəbi hissədə Bakı tipajlarından ibarət etno–mədəni  canlı səhnəciyin və “Bakı tipajları” adlı sərginin nümayişi təşkil olunub. Tədbirdə «Qədim Bakı xatirələri» mövzusunda çıxış dinlənilib, muzeyin fondunda saxlanılan foto şəkillər əsasında hazırlanmış «Qədim şəhərə səyahət» adlı film nümayiş etdirilib, İçərişəhərdə çəkilmiş bədii və sənədli filmlərdən ibarət video-oyunlar, tapmacalardan ibarət viktorinalar keçirilib, musiqi nömrələri səslənib. Viktorinada və sual-cavabda fəallıq göstərən şagirdlərə hədiyyələr və İçəri şəhər muzeylərinə pulsuz baxış üçün «Şanslı bilet»lər təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 244
avatar

Oxşar yazılar