Xalq artisti Ənvər Həsənovun vəziyyəti yenidən pisləşib. Bu barədə Lent.az-a aktyorun qızı Aytən Həsənova məlumat verib.
O bildirib ki, hazırda atasının həkimi Samirə xanım onu evdə müalicə edir. Qeyd edək ki, Ənvər Həsənov uzun müddətdir xəstəlikdən əziyyət çəkir, sonuncu dəfə Xəzər Tibb Mərkəzində müalicə alırdı.
"Atamın halı dünəndən pisləşib. Amma xəstəxanaya getmək istəmir. Evindən başqa heç yerdə rahat ola bilmir. Atama koronavirus diaqnoz qoyulması gülünc idi. 5 gün sonra da “sağaldın” dedilər. Bu adam yüksək təzyiq və şəkərdən əziyyət çəkirdi. Xəstəxanaya yatırılma səbəbi də bu idi. Şəkəri, təzyiqi düşüb, yıxılıb, başından travma alıb. İndi də başının ağrısından şikayət edir. Bu məsələlər bitsin, mən açıqlamalar verəcəm”, - deyə Aytən xanım qeyd edib.
Mədəniyyət Nazirliyinin atasının səhhəti ilə maraqlanıb-maraqlanmadığına dair sualımıza Xalq artistinin qızının cavabı belə oldu: ”Bu barədə indi danışmaq istəmirəm. Zamanı çatanda hər şeyi açıb danışacam”.
Onun iddiasına görə, Xalq artisti yıxılsa da, bu günə qədər MRT cihazına salınmayıb, Aytən xanım bunun üçün yenicə növbəyə yazıldığını bildirib.
TƏBİB-in mətbuat xidmətindən Zamirə Ədilova Lent.az-a bildirib ki, Ənvər Həsənov xəstəxanada olarkən hər tərəfli qaydada yoxlanılıb, müayinə edilib.
“Xalq artisti Ənvər Həsənov 27.08.2022-ci il tarixində saat 10:20 radələrində TƏBİB-in tabeliyindəki Xəzər Tibb Mərkəzinə bronxit pnevmoniya diaqnozu ilə daxil olub. Eyni zamanda, onun şəkərli diabet və hipertoniya kimi yanaşı xəstəlikləri də olub.
Xəstə daxil olarkən ümumi zəiflik, halsızlıq, tək-tək öskürək, hərarətin yüksək olması və yuxusuzluq müşahidə olunub.
Ə.Həsənov 30.08.2022-ci il tarixində “Yeni klinika” tibb müəssisəsində döş qəfəsinin KT (kompüter tomoqrafiya) müayinəsindən keçib. Müayinə nəticəsində sağ ağciyər orta payda, sol ağciyər yuxarı və aşağı paylarda zəif intensivli “buzlu şüşə” mənzərələri aşkar olunub.
Ondan COVID-19 üzrə götürülən laboratoriya analizlərinin nəticəsi pozitiv olub.
31.08.2022-ci il tarixində Xəzər Tibb Mərkəzinə Ə.Həsənovun müayinəsi üçün Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan həkim-pulmonoloq dəvət edilib. Həkim müayinəsinin nəticəsində xəstənin vəziyyəti stabil olaraq qiymətləndirilib.
Müalicəsinə davam edilən pasiyent 03.09.2022-ci il tarixində ağciyər rentgenoqrafiyası müayinəsindən keçib və ağciyərində pozitiv dinamika müşahidə edilib. Həmin gün xəstə öz və ailə üzvlərinin istəyilə tibb müəssisəsini tərk edib.
Daha sonra yenidən Xəzər Tibb Mərkəzinə müraciət edən Ənvər Həsənov üçün Elmi-Tədqiqat Kardiologiya İnstitutuna göndəriş verilib və həmin müəssisədə EXO (exokardioqrafiya) müayinəsindən keçib.
Bu gün isə pasiyentə baş-beyin nahiyələrinin yoxlanılması məqsədilə MRT (maqnit rezonans tomoqrafiya) müayinəsi təyin olunub” deyə, o bildirib.