Bakıda 13 il əvvəl tələbə öldürtdürülüb? – MƏHKƏMƏ BAŞLADI
28 sentyabr 2026 15:08 (UTC +04:00)

Bakıda 13 il əvvəl tələbə öldürtdürülüb? – MƏHKƏMƏ BAŞLADI

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 13 il əvvəl baş verən qətlin təşkilində təqsirləndirilən Xəyal Əlizadənin cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

Lent.az xəbər verir ki, hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Xəyal Əlizadə ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilməyib. O, hazırkı mərhələdə ifadə vermək istəmədiyini, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlər dindirildikdən sonra danışacağını bildirib.

Məhkəmə tərkibi qısa müşavirədən sonra prosesin təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə davam etdirilməsi barədə qərar qəbul edib.

Növbəti məhkəmə iclası oktyabrın 20-si saat 16:30-a təyin olunub.

Xatırladaq ki, hadisə 2013-cü il mayın 2-də Bakının Nərimanov rayonunda baş verib. Almaniya vətəndaşı, 23 yaşlı Vüsal Şilder iki bıçaq xəsarəti alıb. Qərb Universitetinin ikinci kurs tələbəsi olan gənc xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Araşdırmalar nəticəsində Elman İsgəndərov və Seymur Talıbov saxlanılıblar. Məhkəmənin hökmü ilə Elman İsgəndərov 15 il, Seymur Talıbov isə 12 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaq zamanı Xəyal Əlizadənin cinayəti təşkil etməsinə və onun törədilməsinə rəhbərlik etməsinə dair əsaslı şübhələrin yarandığı bildirilib. O, ölkə xaricində olduğuna görə barəsində beynəlxalq axtarış elan edilib.

Axtarış tədbirləri nəticəsində Xəyal Əlizadənin Birləşmiş Ərəb Əmirliklərində olduğu müəyyənləşdirilib. O, 2026-cı il yanvarın 11-də bu ölkənin səlahiyyətli orqanları tərəfindən tutulub və Azərbaycana ekstradisiya edilib.

Xəyal Əlizadəyə Cinayət Məcəlləsinin 32.3 və 120.2.5-ci maddələri ilə — tamah məqsədilə qəsdən adam öldürmə cinayətini təşkil etməyə görə ittiham verilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

İş üzrə keçirilən əvvəlki məhkəmə prosesində Vüsal Şilderə ölümündən qabaq planlı avtomobil qəzası təşkil etməkdə və üzərinə narkotik vasitə atmaqda təqsirləndirilən keçmiş polis mayoru İlham Məmmədov və Qurban Novruzov 6 il 6 ay, türkiyəli iş adamı Yaşar Sunar 4 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Kənan Babayevə isə 4 il şərti cəza verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 114

Oxşar yazılar