Bakı məktəblərində Müəllimlər Gününə pul yığılması ilə bağlı kütləvi iddialar yayılıb.
Lent.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan məlumatlara görə, paytaxtın bir sıra məktəblərində şagirdlərdən “müəllimlər günü” üçün 30-50, hətta 150 manat məbləğində pullar yığılır.
Səs yazıları və mesajların ekran görüntülərinin Nizami rayonu, 214 nömrəli məktəbin 7A sinfinə, Balaxanı qəsəbəsinin 259 saylı orta məktəbinin 3Ç sinfinə, Nərimanov rayonu, 200 nömrəli məktəbin 11P sinfinə, Balaxanı qəsəbəsi 69 nömrəli məktəbin 1D sinfinə, Binə qəsəbəsi 117 saylı məktəbin 6-cı sinfinə, Sumqayıt şəhəri, 15 nömrəli məktəbin 5A sinfinə, Sumqayıt şəhəri, 5 nömrəli məktəbin 6Ç sinfinə, Yeni Suraxanı qəsəbəsi 101 nömrəli məktəbin 1B sinfinə və Hövsan qəsəbəsi 76 nömrəli məktəbin 8D sinfində aid olduğu bildirilir.
Pulların bir qismi məktəbin təmiri, bəzisi şagirdlərin iş dəftəri və kitabları, bir qismi isə 5 oktyabr – Müəllimlər Günü üçün yığıldığı bildirilir.
Sözügedən iddialarla bağlı müvafiq təhsil idarələrinə sorğu ünvanlamışıq.