“Serdar Ortaç canlı yayımda məni dinləyib ağladı” – Gənc müğənni ilə MÜSAHİBƏ 
24 dekabr 2024 17:10 (UTC +04:00)

“Serdar Ortaç canlı yayımda məni dinləyib ağladı” – Gənc müğənni ilə MÜSAHİBƏ 

Lent.az-ın müsahibi gənc və istedadlı müğənni Sübhan Məmmədzadədir. Sübhan Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacılarının qardaşı oğludur. Görünür istedad genlə keçir. Onun ifaları türkiyəli bir çox məşhur simaların diqqətini çəkib, qardaş ölkədən əməkdaşlıq üçün dəvət alıb.


-    Sübhan, öncə istəyərəm səni oxucularımıza tanıdaq.


-    23 yaşım var. Əslən Şəkidən olsam da Bakıda doğulub böyümüşəm. 1 nömrəli orta məktəbi və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsini bitirmişəm.


-    Səsini kim kəşf etdi?


-    Mən uşaq olanda biz bibimgildə qalırdıq. 12 yaşım olardı. Gülyaz bibimin oğlu Ramazanın kompüteri qarşısında oturub mahnı oxuyurdum. Anam, bibim qapını səssiz açıb məni dinləyirmişlər. Lap balaca olanda işim gücüm masanın üstünə çıxıb Sərdar Ortacın mahnılarını oxumaq idi. Nə biləydim ki, illər sonra Sərdar Ortac özü göz yaşları içində mənim ifamı dinləyəcək.


-     Sənin türkiyəli məşhurlar tərəfindən kəşf edilmən necə oldu?


-    YouTube-də gitara ilə ifa edərək mahnılar oxuyub qoyurdum. Bunları sırf həvəs, hobbi olsun deyə edirdim. “Saçlarına gül düzüm” mahnısı xeyli baxış əldə etmişdi. Həmin ərəfədə pandemiya başladı. Heç gözləmədiyim halda həmin mahnı trend oldu, müxtəlif sosial şəbəkələrdə yayılmağa başladı. Bir də baxdım ki, mərhum  türk aktyor Cüneyt Arkının səhifəsində qızı tərəfindən yerləşdirilib. Atasının videosu ilə birlikdə. Daha sonra aparıcı Bekir Develi, müğənnilər Merve Özbek, Feride Hilal Akın öz səhifələrində mahnını paylaşdılar. Günün birində Serdar Ortaç canlı yayında mənim ifamı dinləyərək göz yaşları tökdü. Bu video da çox səs gətirdi. Pandemiyadan sonra Edis Bakıya gələrkən konsertində mənim ifamdan bəhs etdi. Bütün bunlar əlbəttə mənə böyük stimul verdi.

-    Başqa ciddi dəvət və ya təklif oldu?


-     Bəli. Həmin ərəfədə İrandan, yerli musiqiçilərimizdən müqavilə təklifləri gəldi. Amma Türkiyədən gələn təkliflər daha ciddi idi. Prodüser Erol Köse dəvət etdi, Türkiyəyə getdim, müxtəlif platformalarda mahnılarım yayımlandı, media ilə müsahibələrim təşkil olundu.


-    Qonorar əldə etdiniz?


-    Yox, təəssüf ki. Bu günə qədər hələ də qonorarı əldə edə bilməmişəm. Sosial şəbəkələrdən əldə edilən qazanc Erol bəylə yarı yarıya bölünməli idi. Erol bəy hələ də bunu etməyib. Yəqin bu mənim təcrübəsizliyimdən irəli gəlib. 

-    Ondan sonra başqa müqaviləniz oldu?

-    Bəli oldu və hələ də davam edir. İndi öz üzərimdə daha çox çalışmağa çalışacam. Bir az tənbələm. Günümüzdə isə tənbəlliyə yol vermək olmaz. Tez unudulursan, gərək zamanla ayaqlaşasan.

-    Yalnız həzin, lirik mahnılarını eşitmişəm...

-    Təbiət etibarilə melonxolik insanam. Buna görə həzin mahnıları ifa etməyi sevirəm. Bibilərim də deyir ki hərdən ritmik melodiyalara da yer ver. Çünki toylar, şənliklər bunu tələb edir. Məni dəvət edənlər bilir ki, hansı üslubda oxuyuram. Başqa bir tələb olmur. Gələcəkdə buna da çalışacam. Əsas  tamaşaçıların sevgisini itirməməkdir. Tamaşaçı rəğbəti mənə stimul verir.

 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1881
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar