Şər proqramlarına səs-küy üçün çağırılan ekspertlər - Replika
28 noyabr 2023 15:01 (UTC +04:00)

Şər proqramlarına səs-küy üçün çağırılan ekspertlər - Replika

Bir neçə il öncə telekanallarımızdan birinə təhsillə bağlı bir proqrama qonaq kimi dəvət olunmuşdum. Uşaq tərbiyəsi mövzusunda müzakirə gedirdi. Reklam arası verildi, bir gənc xanım mənə yaxınlaşıb dedi ki, xanım siz çox sakit danışırsınız, bir az maraq qatmaq üçün hay-küy salaq.

Dedim uşaq tərbiyəsi mövzusunda hay-küy istəyirsinizsə, kloun çağıraydınız, mən jurnalistəm.

Proqrama prodüserlik edən, görünüşündən maarifçidən çox “Mama Roza”ya bənzəyən xanım (indi tez-tez öz TikTok səhifəsindən millətə əxlaq dərsi verir) verilişdən sonra mənə aparıcılıq təklif edib demişdi ki, “vid-fasonun qəşəngdi, veriliş verim apar, sponsorun çox olacaq”.  Ya səbir... Elə bil məni ora səbrimi sınamaq, qıcıqlandırmaq üçün çağırmışdılar. Bir daha heç bir proqrama qatılmadım.

Bu o vaxtlar idi ki, ekranlarda indi adi hal almış mərəkələr təzə-təzə başlayırdı. Nə biləydik ki, bu hələ jurnaldı, kino qabaqdadır. Nə biləydik ki, çox keçməyəcək ekranlara çıxan gəlinlər qayınananın ağ saçlarına söyəcək, döyüb studiyada sürüyəcək, nə biləydik ki, qayınatalar gəlinlərinə elə ekranda pozğun deyəcək, kişilər arvadlarının başqasıyla yatdığını göstərən videolar yayacaq, analar 4 balasını atıb internetdən tapdıqları kişilərlə qaçacaq, gəlinlər təzə sevgililərinə eşqlərini sübut etmək üçün ölən ərlərinin goruna and içib onları gorbagor edəcək… Və bütün bu məsələlərdə də hakim rolunu, daha doğrusu araqarışdıran rolunu “ekspertlər” oynayacaq.

O vaxt hələ bir az məsum  dövrlər idi. Bir zamanların maarif, mədəniyyət ocağı hesab edilən televiziyalar sonradan kurslarını dəyişdilər, əlahəzrət pulu TANRI elan edənlər efirlərdən insanları it boğuşduran kimi boğuşdurmağa başladılar. Kobud səslənsə də, bu belədir. Aparıcı cani-dildən əlləşir ki, ekranda kiminsə ürəyi getsin, kimsə kimisə döysün, reytinq partlasın. Bunu özü edə bilməyəndə ilanı Seyid Əhmədin əliylə tutur, ekspertləri verir irəli, özü baxıb sakit gülür. 

Ekspert də nə ekspert, "dinimə küfr eləyən barı müsəlman ola".

İnsan nə qədər bekar olmalıdır ki, kanal-kanal gəzib hər saatda bir sosial proqrama ekspert qismində getsin və burda da ən böyük vəzifəsi sakitliyi pozub qalmaqal yaratmaq olsun. Ailələri barışdırmaq adıyla dəvət edib qan salırlar, dava-qırğın göyə qalxır. Ən pisi də budur ki, bu qəribə ekspertlərin özləri kimi də qəribə şikayətçiləri olur.  Qəribə deyirəm, çünki ağlı olan özünü belə gülünc hala salmaz.

Hüquq müstəvisində dərdini həll edə bilmirsənmi çıxıb özünü bütün ölkəyə rəzil edirsən? Hansı ağıla qulluq edirsən, ay adam?

Yadıma bir məzəli hadisə düşdü. Bir dəfə məşhur cərrah Toçubaşovun yanına bir tərəkəmə çobanı gəlir. Otaqda dostu tarzən və pedaqoq Əhməd Bakıxanov da oturubmuş. Tərəkəmə deyir, “doktor, başına dönüm, soyuqlamışam, sabah qoyunlarımı arandan dağa  çıxartmalıyam, mənə bir dərman yaz, bircə günə sağalım”. Həkim onu müayinə edir, deyir ki, a kişi, vəziyyətin ağırdı, bir ay xəstəxanada yatmalısan. Di gəl çoban söz eşitmir, bir iynə ilə bir günə sağalmaq istəyir. Aralarında mübahisə uzanır, axırda Bakıxanov dillənir ki, a çoban, mən səni sağaldaram. Soruşur ki, evdə maqnitofon var? Çoban deyir hə. 

“Var lap yaxşı. Get “Heyvagülü” havasını çaldır, 5 stəkan zoğallı çayı iç, başla oynamağa, sonra keç “Tərəkəmə”yə, ən sonda da “Qaytağı”ya. Gördün tərlədin, əynini dəyiş, bir də təzədən başla”. 

Çoban Bakıxanovu da həkim bilir, mat-mat soruşur ki, heç belə də müalicə olar? 

Bakıxanov da deyir, sənin kimi xəstənin mənim kimi həkimi, bu təhər də müalicəsi olar. Düz yolla sağalmaq istəməyən sənsən.

Sözümü ona gətirirəm ki, ilk 5 dəqiqəsində normal adamın baxıb əsəb keçirdiyi bu proqramların izləyicisi olmasa, onlar yayımlanmaz.  

Şərait yaratmasa, aparıcı qonağına ağlına və ağzına gələn sualı vermək cürəti tapmaz.

Xüsusən rayon əhalisi, evdar xanımlar öz dərdini-sərini unudub hipnoz olunmuş kimi bu verilişlərə baxır. Qeybət maraqlı gəlir ya nədirsə bilmirəm.

Elə ona görə də kor atın axsaq nalbəndi var…

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6693
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar