Bu günlərdə Azərbaycan Kino Mərkəzi tərəfindən istehsal olunmuş “Səma ilə görüş” filminin sosial şəbəkələrdə yayılmış treyleri izləyicilərdə böyük maraq oyadıb.
Filmin süjet xətti nədir, baş rollarda kimlər çəkilib?
Lent.az-ın bu və digər suallarını filmdə baş rollardan birini ifa etmiş aktyor İlkin Həsəni cavablandırır.
“Səma ilə görüş filminin baş rejissoru Rüfət Şahbazov, prodüseri Orxan Mərdandır. Filmdə oynayan aktyorları indiyəcən komik rollarda görməyə alışmış tamaşaçıları sürpriz gözləyir. “Səma ilə görüş” filmi dram janrında çəkilib. Bir az afyora, bir az macəra, bir az romantika da var. Baş rollarda Kəmalə Piriyeva, Rəfael İsgəndərov, Taleh Yüzbəyov, Əlibəy Məmmədli, Turanə Hüseynli çəkiliblər. Uşaqlqdan birlikdə, çətinliklər içərisində böyümüş dostlar öz xəyallarını həyata keçirməyə başlayırlar. Pul qazanmaq üçün müxtəlif fırıldaqlara əl atırlar. Lakin bizim bu fırıldaqçıların niyyəti fərqlidir. Onlar bir növ Robin Qudlul edir, varlıdan alıb kasıba verirlər” - aktyor qeyd edib.
Həmişə komik rollarda görməyə alışdığımız İlkin Həsəniyə dramatik bir rolu ifa etmək asan olub?
Aktyor bu suala blə cavab verir:
“Dramatik janrda filmə çəkilmək mənim üçün çətin idi. Amma rejissorlar, dostlarım müəyyən məqamlarda yardım etdilər. İllərdir komediya janrında işləyirdim. Birdən-birə janrı dəyişmək asan olmadı. Amma hesab edirəm ki, yaxşı alınıb, tamaşaçılarımız bəyəncəklər”.
“Güldürmək asandır, yoxsa ağlatmaq” sualına gülüşlə cavab verən İlkin Həsəni “güldürmək daha çətindir” cavabını verib.
“Səma ilə görüş” film 1 ay ərzində çəkilib. Film həyəcanlı anlarla, ekstremal şəraitdə çəkilmiş kadrlarla zəngindir. Hətta çəkiliş zamanı müxətlif kiçik qəzalar da yaşanıb.
İlkin Həsəninin sözlərinə görə, film martın 7-də kinoteatrlarda nümayiş olunacaq. Martın 6-da isə Nizami Kino Mərkəzində qala gecəsi keçiriləcək.