Lent.az-ın "Məşhurlardan gülməcələr" layihəsində növbəti yazımızı təqdim edirik.
Bu rubrikamızda Azərbaycanın tanınmış simalarının başına gələn məzəli hadisələr, onların dilindən səslənmiş maraqlı ifadələr, olaylar barədə danışacağıq. Axı heç bir lətifə boşuna yaranmayıb. Gəlin, birlikdə eşidək, birlikdə gülək.
Xalq artisti Eldəniz Zeynalov bir qış günündə bir nəfərin dəfninə gedir. Soyuq qılınc kimi kəsir, bir yandan külək, bir yandan yağış, di gəl ki, məzar başında molla duanı duaya calayır. Sonra da başalyır “Yasin” oxumağa. Möhkəm üşüyən aktyor xeyli gözləsə də, dua bitmir, nəhayət səbrini basa bilməyib mollaya deyir:
“Qərdeşim, bu duanın zimnisi yox idi? Tez qurtaranı. Başlamısan letni duanı, qırıldıq-batdıq burda, hamımız gedəcyik rəhmətliyin dalısıyca”.
***
“7 oğul istərəm” filminin çəkilişləri gedirmiş. Həmin filmdə Eldəniz Zeynalov da epizodik bir rola çəkilir. Ssenariyə görə, o, Şura Hökumətinin bayrağını hündür bir damın üstündən asarkən, gülləylə vurulub öldürülməliydi. Lakin hər dəfə zarafat edən Eldəniz çəkiliş qrupunu qəh-qəhələrə boğur, dubl, dublun ardınca çəkilsə də, rejissor Tofiq Tağızadə heç cür məmnun qalmır. Hər dəfə həmin səhnəni gülüş səsləri yarımçıq kəsir. Axırda Tofiq Tağızadə əsəbiləşir, gəlib yerə yıxılmış Eldəniz Zeynalovun boğazından yapışır: “Adə öləcəksən sən, ya yox? Öl qurtar də”.
***
Başqa bir maraqlı məqam yenə “7 oğul istərəm” filminin çəkilişləri zamanı qeydə alınıb. Filmdə epizodik rollarda çəkilən aktyorlara 3 manat, atlara isə 7 manat qonorar yazılırmış. Eldəniz Zeynalov Tofiq Tağızadəyə yaxınlaşıb yarıciddi, yarızarafat xahiş edir: “Qədeş, mən ölüm, məni filmdə at ştatına yaz”