Xarici səfərlər təkcə həmin ölkənin mədəniyyəti, tarixi ilə illərlə yaddaşımızda qalmır. İstər rəsmi səfərlər, istərsə də istirahət məqsədilə gedilən ölkələrdə hər birimiz unuda bilməyəcəyimiz maraqlı hadisələrlə də qarşılaşırıq.
Lent.az “Bir dəfə uzaqlarda” adlı rubrikada tanınmış şəxslərin səyahət zamanı rastlaşdıqları maraqlı hadisələri təqdim edir. Rubrikanın bugünkü qonağı əməkdar artisti, bəstəkar Elza Seyidcahandı.
***
- Sənətimlə bağlı çox səfərlərdə olmuşam. Hər birində maraqlı hadisələr baş verib. Rəşid Behbudov adına Mahnı Teatrının solisti olan zaman xarici ölkələrin birində festivalda iştirak edirdim. Qrim otağında səhnəyə hazırlaşıb, paltarımı ütüləyəndə yandırdım. Çıxılmaz vəziyyətdə qaldım. Bilmədim nə edim. Az sonra mən çıxış etməliyəm. Başqa səhnə paltarı da gətirməmişdim. Vaxt az, əlavə paltar da yox. Səhnəyə çıxan zaman ətəyin yanan hissəsi də daxil, bir qırağını əlimdə saxladım. Guya, paltar enli və uzun olduğu üçün özüm belə saxlamışam. Sona qədər səhnədə çətinliklə də olsa, o cür ifa etdim. Tamaşaçılar da elə bildilər ki, belə olmalıdı.
***
- Müsabiqədə iştirak etmək üçün Türkiyəyə getmişdim. Məşqlərdən sonra taksi ilə otelə qayıdırdım. Birdən taksi sürücüsü məni tanıdığını dedi. Təəccüb etdim. Əvvəl düşündüm ki, yəqin kiminləsə səhv salır. Sonra, “siz Azərbaycanın dövlət sənətçisisiniz”. Bu mənə çox xoş təsir bağışladı və hələ də unuda bilmirəm.
Elə bilirdim ki, orada məni heç kim tanımaz, ona görə də rahatlıqla taksidən istifadə etmişdim. Sevindim ki, bu boyda Türkiyədə məni tanıyırlar.
***
Daha bir unuda bilməyəcəyim hadisə yenə də Türkiyə ilə bağlıdı. Böyük bir heyətlə Alanya şəhərinə getmişdik. Xarici pasportumun vaxtının bitməsinə 3-4 ay qalıb. Düşündüm ki, heç bir problem olmaz, hələ vaxtının bitməsinə 3-4 ay var. Hava limanında yoxlama zamanı məni saxladılar. Bildirdilər ki, pasportumun müddəti bitib və məni geri göndərirlər. Təsəvvür edin, hava limanı çox böyükdü və mən orada tək qaldım. Həyəcanlandım. Yenidən sənədlərin yoxlanma yerinə gedib, məsələyə aydınlıq gətirdim. Dövlət sənətçisi olduğuma görə, mənə hörmət elədilər. Konsertdə iştirak etmək üçün Alanyaya yola saldılar. Amma dönən kimi pasportumu dəyişməyi tapşırdılar.
***
Efesdə “Həsrət nəğməsi” mahnımın klip çəkilişi zamanı turistlər də orada idi. Çəkiliş zamanı onlar mənə yaxınlaşıb dedilər ki, siz Afroditaya oxşayırsınız, hətta ondan da gözəlsiniz. Bu da mənim unuda bilməyəcəyim gözəl xatirələrdəndir.
***
Almaniyada yaşayan məşhur Xalq rəssamı, UNESCO Beynəlxalq Rəssamlar Federasiyasının üzvü Əşrəf Heybetov məni “Modern Talking” qrupunun üzvü Tomas Anders görüşdürməli idi. Elə oldu ki, mən ora gedə bilmədim. Əşrəf bəy mənə fotosunu göndərdi. Mən də qarşılığında nar göndərdim. Nara görə mənə təşəkkür etmişdi.