Lent.az “Məşhurlardan gülməcələr” rubrikasında bu dəfə unudulmaz şair Məmməd Aslanı xatırlayır.
Şair Məmməd Aslan ömrünün ahıl çağlarında AzTV-də işləyirdi. Onun subay olduğunu bilən yaşlı bir xanım şairə mehribanlıq edir, diqqətini çəkmək istəyirmiş. Şairin isə xanıma meyli olmur, ümumiyyətlə yeni macəra axtarışında da deyilmiş. Çox mülayim, ürəyiyumşaq adam olan Məmməd Aslan xanımın könlünü qırmadan özündən uzaqlaşdırmağın yollarını arayırmış.
Bir gün iş otağında qadınlar söhbət edib, gülürlər, xanımlardan birisi lap açıq ifadələr işlədir. Məmməd müəllimdən xoşlanan xanım dərhal reaksiya verir:
“Ay qız, yavaş, burda kişi xeylağı var”.
Gənc xanım utanır, üzr istəyir.
“Oy Məmməd müəllim, üzrlü sayın, sizin burda olduğunuzu bilmədim, ağzımdan qaçdı”.
Məmməd Aslan üzünü ona mehriban olmağa çalışan xanıma tutub təbəssümlə deyir:
“Eybi yoxdur, xanımlar, mən də sizin bacınız. Onsuz da daha sizdən elə bir fərqim qalmayıb”.