Onunla kafedə görüşdük. Söhbət əsnasında dayanmadan insanlar yanaşır, mehribanlıqla görüşürdülər. O da söhbəti yarımçıq kəsib mehribanlıqla salamlaşır, hal-əhval tutur, nəzakətlə məni də təqdim edirdi. Yazı 70-i adlasa da, əvvəlki gözəlliyi, zərafəti, kübarlığı yerindədir.
Lent.az-ın qonağı hər gün evlərimizə mavi ekran vasitəsilə qonaq gələn orta nəsil insanlarına yaxşı tanış olan bir simadır. Uzun illər AzTV-də diktor işləmiş Tamilla Ələkbərova ilə müsahibəni təqdim edirik. Özü ilə arxiv şəkillərini də gətirib, şəkillərə baxa-baxa söhbətə başlayırıq. Albomun ilk səhifəsində mərhum prezident Heydər Əliyevlə şəkli var.
- Heydər Əliyev rəhbərliyə qayıdışdan sonra AzTV-yə gəlmişdi. Dəhlizdə qarşılaşdıq. Onun qayıdışına çox sevindiyimi bildirdim, məni qucaqladı, dedi, “qızım ilk müsahibəni sənə verəcəm, gedək, studiyaya”. Ondan müsahibə almaq üçün diktorlar növbəyə düzülmüşdülər, mənimlə tamamilə gözlənilməz alındı. Beləcə ondan ilk müsahibəni mən almış oldum. Həddən artıq diqqətcil, sadə, mehriban insan idi.
- Öncədən hazırlanmış suallar verildi sizə, yoxsa necə?
- Yox hər şey spontan alındı. Mən bir neçə sual verdim, özü hər tərəfli danışdı. Bu gördüyünüz şəkil həmin günün yadigarıdır. Yanımızdakı da rejissor Vasif Babayev idi. O gün çox xoşbəxt idim.
- Bəs bu peşəyə necə gəldiniz?
- Uşaqlıqdan incəsənətə meylim olub. Amma atam çox mühafizəkar idi, bu sahəyə yönəlməyimə əsla icazə verməzdi. Qardaşım Əmənulla Rəsulova Mədəniyyət və İncəsənət Universitetinin partiya təşkilatının sədri idi, tamaşaçılar onu bir filmdən xatırlayırlar, “Əhməd haradadır?” filmində tikinti rəisi, Zülümovun müdiri rolundan. Onu bu rola Adil İskəndərov dəvət etmişdi. Çox istəyirdi qardaşımın xətrini. Qardaşım tez-tez teatra aparardı məni. Özümü nağıllardakı kimi hiss edirdim. Amma Pedaqoji İnstitutun kimya-biologiya fakültəsinə daxil oldum. 18 yaşım var idi onda. Bir neçə adam auditoriyaya gəldi və mən də daxil olmaqla, 4-5 nəfəri seçdilər. Onlardan biri dedi ki, bu qızı aparaq. Qorxdum, soruşdum ki, hara aparırsınız məni. Dedilər qorxma yaxşı yerdi. Heç demə həmin adamlar televiziya işçiləri imiş və efir üçün diktor seçirdilər.
- Ancaq xarici görünüşə görə?
- Əvvəlcə hə. Sonra studiyada səsimizi nitqimizi yoxladılar, mən orta məktəbi də, ali məktəbi də rus dilində oxuyurdum. Rus dilim səlis idi, Azərbaycan dilində müəyyən xətalara yol verirdim. Onu düzəltmək üçün səhər açılana qədər səsli şəkildə kitablar, qəzetlər oxuyurdum. Rəhmətlik Aydın Qaradağlı, baxmayaraq ki, yaşda məndən çox böyük idi, nitqimdə səhv olanda deyirdi, “müəllimə, filan sözü düz oxu, filan vurğunu belə vur”.
- Atanız necə razılaşdı bəs?
- Atam öncə razılıq verməmişdi. Anama dedim. Atamdan xəlvət televiziyaya getdim. Televiziyanın qapısında uzun bir növbə vardı. Diktorluq müsabiqəsindən keçmək üçün həmin gün 800 adam gəlibmiş. İkinci mərhələyə keçdim, bir ay sınaq müddəti verdilər. Əmioğluma atamın hörməti var idi. Əmioğlum atama dedi, xahiş etdi, o da işləməyimə icazə verdi.
- O zamanlar qadınlar, xüsusən də rayonlarda yaşayan xanımlar dəbi diktorlardan öyrənirdilər. Onların geyimləri kimi paltarlar tikdirir, onlara uymağa çalışırdılar. Efir üçün sizə xüsusi geyimlər tikdirirdilər?
- Əvvəllər yox. Öz libaslarımızla çıxırdıq. Nizami müəllimin vaxtında televiziyanın hesabına efir üçün hər diktora ayrıca kostyumlar, geyimlər tikilməyə başladı. Kukla Teatrının yaxınlığında məşhur bir atelye var idi, orda sifariş edirdilər. Ümumiyyətlə, efirə çıxanda saç düzümümüzə, geyimimizə xüsusi diqqət etməliydik. Bir dəfə sədr müavini olan şair Nəbi Xəzri “ bobetta” saç düzümümüzə görə Roza xanımla məni danlamışdı. Qolu qısa paltarda əsla efirə çıxmağa icazə yox idi. Mən onsuz da çox qapalı geyinirdim. Həyat yoldaşım çox qısqanc idi. Hətta yayın istisində belə mənim paltarlarımın qolu dirsəkdən aşağı olurdu.
- Belə qısqanc adam diktor işləmənizə nə əcəb razılıq verib?
- Biz evlənəndə artıq diktor idim. Həyat yoldaşım məni düz 4 dəfə işdən çıxardıb. Birinci dəfə toydan 3-4 gün sonra dedi ki, işləməyəcəksən. O vaxt televiziyanın sədri Elşad Quliyev qapımıza qədər gəlmişdi. Dedi gəlmişəm, həyat yoldaşınla dalaşmağa, niyə bizim diktorumuzu əlimizdən alıb, bəs “Günün ekranını” kim oxuyacaq? Xahiş-minnətlə məni işə qaytardı. Yoldaşım yalnız bir şərtlə razılıq verdi ki, yalnız xəbər oxuyacam, müsahibələrə filan girməyəcəm. O vaxtlar “Səhər görüşləri” adlı musiqili, əyləncəli bir bazar günü proqramı var idi. Aktyorlar qonaq gəlirdilər. O verilişi aparmağa məni də dəvət etmişdilər, qoymadı. Sonra uşaqlarımız dünyaya gələndə məni işdən çıxardı. Qayınanam rəhmətlik dilə tutdu onu. Düz 40 il qayınanamla iki otaqlı evdə birikdə yaşamışam. Çox sevərdik bir-birimizi. 94 yaşında vəfat etdi. Baldızımın yoldaşı rəhmətə gedəndə tək qalmasın deyə onlara köçdü, amma ölənəcən elə mənimlə qalmağı arzulayırdı. Yoldaşımla bir yerə çıxanda insanlar məni tanıyıb şəkil çəkdirmək istəyəndə kənara çəkilirdi. Bir az əsəbi qarşılayırdı mənim tanınmış olmağımı. Özü də yüksək vəzifədə idi. O dövrdə idman komitəsinin sədrinin birinci müavini idi. İndiki dillə desək, nazir müavini. Amma evdə söz düşəndə bir az əsəbi şəkildə deyirdi ki, mən Tamilla Ələkbərovanın əriyəm. Bir dəfə Moskvada Azərbaycanın mədəniyyət ongünlüyü keçirilirdi. Rusdilli olduğumuza görə, Rafiq Hüseynovla məni göndərmişdilər. İcazə vermək istəməmişdi, amma müəyyən yerlərdən zəng gəldi, məcbur oldu, buraxdı (gülür). Səhəri gün otel otağında mətnimi oxuyurdum, anidən qapı açıldı, girdi içəri. Beləydi, hara gedirdimsə orada olmalıydı.
Sonralar artıq efirdən getdikdən sonra hansısa verilişlərə dəvət ediləndə, kimin proqramına getdiyimi, orada kimlərin olduğunu soruşurdu. Hər yerə buraxmırdı. Mən onun istəklərinə hörmətlə yanaşırdım.
- Sevərək ailə qurmuşdunuz?
- Bəli.
- Ailənizdən söz düşmüşkən, onları daha yaxından tanıyaq.
- İki qızım, 3 nəvəm və 2 nəticəm var. Böyük qızım Nərmin Xarici Dillər Universitetini, kiçik qızım Nahidə filologiya fakültəsini bitirib. Üç nəvəm var - Aysel, Musa, Fatimə. Aysel və Musa Londonda yaşayırlar. Nəticələrimin adı Həsən və Aydındır. Bir qızım Bakıda, bir qızım Moskvada yaşayır. Həyat yoldaşım vəfat edib. Nəvələrim hər yay Bakıya gəlirlər. Həm məni görürlər, həm də istirahətlərini burada keçirirlər.
- Nəvələrinizin sizə nənə yox, Tatoş dediyini eşitdim...
- Hə, ilk nəvəmin dilindən qalıb bu. Hamısı sevərək Tatoş deyirlər.
- Efirdə oxumağa çətinlik çəkdiyiniz, sizi üzən xəbərlər olub?
- İki xəbərə həddən artıq pis olmuşam. Birincisi jurnalist Salatın Əsgərovanın ölüm xəbəri idi. Salatın qızımla sinif yoldaşı idi. Bizim evin qızı sayılardı. O da diktor olmaq istəyirdi, amma səsində xırıltı var idi deyə seçilməmişdi. İstedadlı jurnalist idi. Qarabağa gedəcəyi günün gecəsi mənə zəng etmişdi. Gecə saat iki olardı, zəng gəldi ondan. Dedi mən gedirəm Ağdamdan reportaj hazırlamağa. Birdən nəsə olsa istədim, sizinlə halallaşım. Dedim, qızım getmə, körpə balan var. Ürəyinə damıbmış sanki. Getdi. Səhəri gün ölüm xəbərini aldıq. Mən o an efirdə “Günün ekranı” xəbərlər proqramını aparırdım, efir redaktoru yazılı mətni mənə sarı itələdi ki, oxuyum. Salatın Əsgərovanın ölüm xəbərini görəndə, efirdə olduğumu unudub, həyəcanla “yox, yox, ola bilməz” dedim, ürəyim gedib. O an mənimlə bərabər xəbərləri oxuyan Davud Əhmədov efiri davam etdirdi. Məni efirdən çıxardılar, təcili yardım maşını çağırdılar. Hətta tamaşaçılar da həmin gün mənim üçün televiziyaya zəng vurmuşdular. İsmət Qayıbovla ailəvi dost idik, onun vertolyotda faciəli şəkildə həlak olması xəbərini alanda efirə hazırlaşırdım. Elə hala düşdüm ki, gördülər o halda efirə çıxa bilmərəm. Zəng etdim həyat yoldaşı Leyla xanıma. Xəbəri yox idi, gülə-gülə danışırdı. Dedi, İsmətin sevdiyi yeməklərdən hazırlamışam, bu gün gələcəklər. Mən xəbəri ona deməyə ürək eləmədim. Evlərinə yas mərasiminə gedəndə Leyla məni qucaqlayıb ağladı ki, sən ona görə zəng vurubsanmış (kövrəlir). Azərbaycanın ən yaxşı oğullarını həmin vertolyotda vurmuşdular. Yanıb külə dönmüşdülər. İsməti yaxın dostlarından biri ayaqqabılarından tanımışdı. İndi də xatırlayanda ürəyim titrəyir.
- Efirdə kuryoz anlar da yaşanmış olardı yəqin. Üstəlik o vaxtlar birbaşa efir olurdu.
- Bəli, olub. Bir dəfə kənd zəhmətkeşlərindən birini qonaq çağırmışdıq. Kolxoz sədri idi. Kolxozunun uğurları barədə danışdı, mən də ona gəldiyi üçün minnətdarlıq etdim. Gözlənilmədən ayağa qalxdı, əlini uzadıb əlimi sıxdı, “çox sağ olun, var olun” deyib, çıxıb getdi. Mən çaşdım qaldım, canlı yayımda ayağa durub, efiri tərk edir, kameralarda məni çəkir. Bir dəfə də bir tarzən qonağım gəlmişdi, efirdə ondan xahiş etməliydim ki, bir musiqi ifa eləsin. O da öncə tarı kökləmək istədi. Sən demə tar soyuq yerdə köklənməliymiş, projektorların işığı gur idi deyə, otaq istilənmişdi, tarın simləri qırıldı. Kişi əsəbiləşib efirdən çıxdı getdi. Qaldıq çətin vəziyyətdə. Necə hirslənmişdisə bir də efirə ayaq basmadı ondan sonra. Başqa musiqi parçaları ilə proqramı davam etdirdik. İşıqlar başımıza başqa bir oyun da açıb. Siyasi şərhçi var idi, professor. Anidən projektorlar partladı, şüşə qırıqları üstümüzə səpildi. Kameralar çəkir, mikrofon söndürülməyib. Professor durub otaqda o tərəf bu tərəfə qaçır, tuta bilmirlər. Çox gülmüşdüm onda. Olurdu belə işlər. Bir dəfə efirdə gülmüşdüm. Xəbərləri oxuyurdum. Bizim fağır bir efir redaktorumuz var idi. Arıq çəlimsiz adam idi. Mən kameranın önündə, o arxasında. Proqram gedə-gedə qapı açıldı, çox hündürboylu, canlı bir əməkdaşımız var idi, girdi içəri, bu redaktoru alıb qucağına, başladı, silkələməyə. Zarafat edirdi. O da səsini çıxara bilmir, eləcə onun qucağında əl-qol atır. İstər-istəməz güldüm. O vaxt efir rejissoru diktor Həqiqət Əsgərzadənin həyat yoldaşı Mübariz Əsgərzadə idi. Biz Həqiqətlə çox yaxın rəfiqə idik. Yoldaşı məni danladı ki, niyə efirdə güldün. Dedim məni danlamaqdansa xəbər otağına kimlərin girib-çıxdığına diqqət edin. Mənim günahım yoxdur. İnciklik yaranmışdı onda bir az.
- Ən çox kimlərlə dostluq edirdiniz və bu gün münasibətləriniz davam edir?
- Ofeliya xanım, Həqiqət xanım, Roza mən çox yaxın idik, sonralar da görüşürdük. Toplanırdıq birlikdə gəzirdik, yemək yeyirdik. Nailə İslamzadə, Kəmalə Əzizqızı ilə çox mehriban münasibətlərimiz qalır.
- Xəbərlərlə işləyən insanların necə deyərlər bayramı, istirahəti olmur. Evdə biş-düş eləməyə vaxtınız qalırdı?
- Elədir. Efirə xəstə də olsan çıxmalıydın. Amma ailəni də nəzərə almaq lazım idi. Çox ləzzətli yeməklər bişirirdim. Hətta sizə deyim ki, o qədər çox işlədirdim ki, 3-4 dəfə elektrik sobam partlamış, yanmışdı. Yaxşı şirniyyat bişirməyim var idi. Ailə dostlarımı, onların elçilik, nişan mərasimləri üçün xahiş edirdilər, mən hazırlayırdım.
- Efirə alışmış insan üçün bu dünyadan kənarda qalmaq çətin oldu?
- Çox (kövrəlir). İşdən ayrıldıqdan sonra sudan çıxmış balığa dönmüşdüm. AzTV-nin indiki rəhbərliyi bir ara gənc aparıcılara dərs demək üçün çağıracağını demişdi, amma sonra dəvət edən olmadı. Bunu sevə-sevə edərdim. Məni bir ara dəvət etmişdilər, özəl şirkət orta məktəblər üçün dərs vəsaitlərinin elektron versiyaları hazırlandı, orda müxtəlif fənlər üzrə mövzuları səsləndirdim. İnanın ki, yenidən mikrofon arxasında olmaqdan zövq aldım.
- Tamilla xanım, bu gün efirlərin vəziyyəti sizi qane edir?
- Heç etmir. Bir çox proqramlara dəvət edirlər, getmirəm. Əvvəlki ədəb-ərkan, ekran mədəniyyəti qalmayıb. Yaxşı aparıcılarımız da var, məsələn mən Aytən Səfərəliyevanın aparıcılığını bəyənirəm. Amma ümumi baxanda indi ekran, efir insanda daha çox qıcıq yaradır. Aqressiya yayırlar və yaradırlar. Bu yaxınlarda İctimai TV-də Şövkət xanımın doğum günü münasibəti ilə bir proqrama dəvət olunmuşdum. Onun mahnısını Hiss adlı bir musiqiçi oxuyurdu. Gələn qonaqlara, Şövkət xanımın ruhuna etinasız, kobud münasibət sərgilədi. Ümumiyyətlə, Şövkət xanımın mədəni irsinə çox ehtiyatla yanaşmaq lazımdır, onun oxuduğu mahnılara müraciət məsuliyyət deməkdir. Necə gəldi etmək olmaz. Kübra Məhərrəmova adlı bir köşə yazarı oturmuşdu. Onunla kiçik polemikamız oldu, o hissəni siliblər proqramdan. Gənclərlə bağlı fikir bildirdim. Sanki mən gənclərə yer verilməsin deyirəmmiş kimi, qayıtdı ki, yaşlı nəsil gənclərə yer verməlidir. Bəli verilməlidir, amma kimə? Buna nəzarət edilməlidir axı. Gənc də, yaşlı da öz yerini bilməli, cəmiyyət qarşısında çıxış edərkən özünü yığışdırmalıdır. Şövkət xanımın gəlini Gülnarə xanım Hissin ifasından narazı qalmışdı. Şövkət xanımla bir-birimizi çox sevirdik, həmişə deyərdi ki, deyəsən biz qohumuq, soyadımız eynidir. O xanım-xatın, hər kəsə ana nəvazişi ilə yanaşan insan idi. İndi adam çoxdur, insan az. Deyirlər zaman dəyişib. Zaman yox, insanlar çox dəyişib. Təəssüf ki, heç də yaxşılığa doğru yox.