Lent.az-n "Məşhurlardan gülməcələr" layihəsində növbəti yazımızı təqdim edirik.
Bu rubrikamızda Azərbaycanın tanınmış simalarının başına gələn məzəli hadisələr, onların dilindən səslənmiş maraqlı ifadələr, olaylar barədə danışacağıq. Axı heç bir lətifə boşuna yaranmayıb. Gəlin, birlikdə eşidək, birlikdə gülək.
Qarmon ifaçısı Aslan İlyasov rayonlardan birindən toydan dönürmüş. O da, maşında olan digər musiqiçilər də içkili olub. Yol kənarında bir nəfər əl qaldırıb, onları saxladır və yardım istəyir. Həmin adam öz “Zaporejets”ini onların mindiyi “Mersedəs”in yedəyinə qoşur və yavaş-yavaş getməyə başlayırlar.
Bir qədər sonra arxaya qoşduqları maşın musiqiçilərin yadından çıxır. Sürətlə getməyə başlayırlar. Bu məzəli hadisəni qarmon ustası özü danışır:
“Elə hey arxadakı “Zaparojets” işıqlarını yandırıb, siqnal verir, biz də elə bilirik “obqon” eləmək istəyir, yol vermirik. Bu da bizimlə dirəşib, demək olar daban-dabana gəlir, sürücümüz hirsləndi ki, bu nətəri “Mersedes”di ki, “Zapı” az qala bunu ötür. Maşına bir az da qaz verdi. Daldakı maşın da siqnallamağa davam edir. Axır saxlamışıq. “Zaporojets”in təkərləi tüstülənir. Maşın dayanan kimi arxadakı sürücüsü hirsli-hirsli üstümüzə gəldi. Zalım uşağı, sizə dedim, məni bir az dartın maşın işə düşsün, demədim salın dalınıza sürüyün, raket kimi uçurun”.
Musiqiçilər sürücüdən üzr istəyib, ondan ayrılırlar.
***
Asan İlyasov toylardan birində sifariş alır. Rəqs eləmək istəyən bir nəfər qarmonun üstünə pul qoyub deyir: “Aşqabad“ havasını çal”. Qarmonçalan havanı bilmədiyinə görə, başqa musiqilər çalsa da, adam gəlib yenə “Aşqabad” deyə israr edir. Xülasə, musiqiçi 4-5 mahnını dəyişib, üzərində gəzişsə də, həmin adam “Aşqabad“ deyib durur.
Aslan İlyasov sonda xahiş edir ki, “Qardaş, o mahnını bir az zümzümə elə görüm, hansıdır, sən nə istəyirsən axı”. Həmin adam da başlayır süzə-süzə mahnını oxumağa:
“Aşqabadın yerlə gedir,
De görüm neyləmişəm”.
Heç demə, adam, o zamanlar müğənni İlhamənin ifasında dəbdə olan “Qaşqabağın yerlə gedi” mahnısının çalınmasını istəyirmiş.