Musiqiçi qıza “civi” , oğlana “manıs”  deyirdilər - Folklorşünasla MÜSAHİBƏ
10 dekabr 2025 16:12 (UTC +04:00)

Musiqiçi qıza “civi”, oğlana “manıs” deyirdilər - Folklorşünasla MÜSAHİBƏ

0

Lent.az-ın müsahibi Filologiya üzrə fəlsəfə doktoru, folklorşünas Etibar Talıblıdır.

- Etibar müəllim, folklorun milli mədəniyyətimizdə yeri nədir?

- Folklor təkcə Azərbaycan xalqının deyil, digər xalqların mədəniyyətində də mühüm yer tutur. Folkloru olmayan xalq yoxdur. Hər xalqın folklorunun tarixi onun dilinin tarixi qədər qədimdir. İbtidai insanlar ancaq təbiətdən qidalanır, ov edirdilər. O ovu bişirəndə mərasim keçirir, ocaq ətrafında nəğmələr oxuyur, inandığı ilahi qüvvələrə şükranlıqlarını bildirirdilər. Bu nəğmələri ilk folklor mətnləri saymaq olar. Keçmiş SSRİ məkanında folklor deyəndə ancaq şifahi xalq ədəbiyyatı nəzərdə tutulurdu.

Lakin bugünkü nəzəri yanaşmalar belədir ki, folklor anlayışı xalq ədəbiyyatı anlayışından çox-çox genişdir. Xalq ədəbiyyatı, xalq musiqisi, xalq teatrı, yəni xalq tamaşaları, rəqsləri, xalqın yüzillər boyunca formalaşdırdığı adətlər, mərasimlər, – bunların hamısı folklordur. Mentalitet adı altında cəm edilən ənənəvi milli sosial-psixoloji davranış stereotiplərini də folklordan kənarda təsəvvür etmək mümkün deyil. 

Milli folklor bütünlükdə professional milli mədəniyyətin bütün sahələrinin əsasında durur, onun əhəmiyyətli qaynağını təşkil edir. Təsadüfi deyil ki, UNESCO folklorun, qeyri-maddi mədəni irs kimi, dünya miqyasında qorunması ilə məşğul olur. 

- Folklorun bizim məişətimizə, həyat tərzimizə hansı təsirləri var?

- Folklor sözü "xalq bilgisi" deməkdir. Xalq bütün mövcudluğu boyu həyatda əldə etdiyi təcrübəni, biliyi yaşadır, ənənəvi şəkildə folklor vasitəsilə yeni nəsillərə ötürür. İnsanın doğumundan ölümünəcən bütün həyatı boyu folklor onunla addımbaaddım bərabər olur. Bəzən şüurlu, bəzən qeyri-şüuru şəkildə həyatımızın bir parçasına çevrilir. Folklor, etnik psixologiyanın təzahür forması kimi, məişətimizdəki etnik, sosial davranışlar sistemimizi müəyyənləşdirir. Folklor bilavasitə hər bir xalqın özünəməxsusluğunun təşəkkülünə və sabitləşməsinə xidmət edir.

Misallara üz tuta bilərik. Yeni doğulan, çiləsi çıxmamış körpənin balışının altına bıçaq, qayçı, yəni dəmir parçası qoyurlar. Niyə dəmir qoyurlar? Çünki lap qədimdən dəmirə qoruyucu bir şey kimi baxıblar, onda qoruyucu ruhun varlığını görüblər, inanıblar ki, o körpəni bəd nəzərdən, xəstəlikdən qoruyacaq, bəlanın qarşısını alacaq. Qapıya vurulan nal da eyni mənanı daşıyır. Yaxud nənələrimiz, analarımız körpələri layla ilə, yəni şeirlə, nəğmə ilə yatırıblar. Onun beşiyi başında:

Layla dedim yatasan,
Qızılgülə batasan.
Qızılgülün içində
Şirin yuxu tapasan, - deyiblər. Uşaqları oxşama adlanan nəğmələrlə əzizləyiblər. Adqoyma, toy, yas mərasimlərini, bu mərasimlərdəki adətləri, oxunan nəğmələri də xatırlatmaq olar. “Kitabi-Dədə Qorqud”da qədim adqoyma mərasimi də əks olunub. Uşaq yetkinlik yaşına çatanda, bir hünər göstərəndə ozanlar ozanı Dədə Qorqud gəlib ona ad qoyar, “Adını mən verdim, yaşını Allah versin”, - deyərdi. Övladı ölmüş analar ağı söyləyər, xalq şeirinin ecazkar gücü ilə dərdini ifadə edər, özünü ovundurardı. Adi bir şeyi deyim. Bir qonağı qarşılayıb yola salanacan baş verən prosesdə adət, davranış, deyilən sözlər, bəzən ənənəvi dialoqlar belə, folklor düşüncəsi və deyimləri ilə nə qədər zəngin olur.

- Atalar sözləri hər zaman doğrudur? Qəbul etmədiyiniz atalar sözləri var?

- Atalar sözləri əcdadlarımızın – babalarımızın, nənələrimizin həyat təcrübəsinin, dərin müşahidələrinin yığcam şəkildə, obrazlı və aforistik tərzdə ifadə edildiyi folklor janrıdır. Mübaliğəyə varmadan demək olar ki, atalar sözləri folklor dünyamızın tükənməz, topladıqca bitib-qurtarmayan zəngin bir xəzinəsidir.

Xalqın min illərdən üzü bəri dünyagörüşünü, fəlsəfi baxışlarını, milli-mənəvi dəyərlərini, adət-ənənələrini, yüz illərin sınaqlarından çıxmış müdrik fikirlərini bəzən birbaşa öyüd-nəsihət kimi, bəzən isə obrazlı-metaforik dillə çağdaş zamana gətirib-çatdırmış atalar sözləri və məsəllər “həmişəcavan”dır, yaşamını davam etdirir və xalq tərəfindən yeniləri ilə zənginləşir. Milli folklorumuzu bir qiymətli üzüyə bənzətsək, şübhəsiz, bu üzüyün çox-çox dəyərli qaşı atalar sözləri olacaq. Atalar sözünün həm məzmun, həm bədii dəyəri haqqında nə qədər tərifli söz desək, yenə az olar. Lakin bir məsələ var ki, ayrı-ayrı atalar sözlərini xalqın müxtəlif sosial qrupları, fərqli sinfi, sosial maraqların daşıyıcısı olan insanlar yaradıb. Bu qruplar və maraqlar arasında ziddiyyətlər olduğu kimi, onların ərsəyə gətirdiyi bu xalq deyimlərinin arasında da ziddiyyət, bir-birini inkar edən məqamlar ola bilər. Təsadüfi deyil ki, sizin nəzərdə tutduğunuz, yəni bu gün razılaşmadığımız nümunələri məhz onları yaratmış sosial qrupların çağdaş nümayəndələri işlədir.  Belə bir ifadə var: “Uzunun ağlı dabanında olar”. Şübhəsiz, bunu ilk dəfə deyən adam fiziki cəhətdən alçaqboylu olub. O, boy məsələsi ilə bağlı psixoloji travmasının acığını hündürboyluları aşağılamaq yolu ilə çıxıb. Psixologiya elmində bu yanaşmanı psixoloji üstünlük nəzəriyyəsi ilə izah edirlər. Bəstəboylu “ilk müəllif” bu deyimlə öz psixoloji üstünlüyünü təmin etməyə çalışıb. Aydındır ki, bu gün heç bir hündürboylu bu ifadəni işlətməz, onu analoji situasiyalarda məhz boyu hündür olmayan fərdlər işlədər.

Bu sualınızla bağlı bir gənclik xatirəsi yadıma düşdü. Xalq şairi Bəxtiyar Vahabzadə Universitetdə mənim müəllimim, sonralar aspirantura dövründə elmi rəhbərim olub. Bir dəfə dərsdə atalar sözlərindən, oradakı məna dərinliyindən danışırdı. Birdən əsəbi şəkildə dedi ki, amma elə atalar sözü də var ki, mən onunla qətiyyən razılaşmıram. Deyir, “Ayağını yorğanına görə uzat”. Niyə mən ayağımı yorğanıma görə uzatmalıyam? Bəlkə, mən ayağıma görə yorğan tələb etməliyəm. Bu ibrətamiz epizodu heç vaxt unutmadım. Diqqətlə düşünəndə ustadın nə demək istədiyi aydın olur. Həmin nümunədə ehtiyatlı olmaq, şəraitə uyğunlaşmaq təbliğ olunur və B.Vahabzadə insanı haqqı uğrunda mübarizədən çəkindirən bu atalar sözündəki tövsiyə ilə barışmadığını bəyan edirdi.

- Qadınları aşağılayan atalar sözləri də var: Qızını döyməyən dizini döyər.

- O artıq xalq pedaqogikasıdır. Orada fiziki mənada döymək nəzərdə tutulmur. O nəzərdə tutulur ki, ana qızının tərbiyəsi ilə ciddi məşğul olmalıdır ki, sonra onun altını çəkməsin.

- Amma bir məsələ var ki, bunu hər kəs siz deyən kimi başa düşmür axı. Çünki şifahi xalq ədəbiyyatı həm də kütləvidir. Onu oxuyan ilkin mənanı götürür.

- Yazılı ədəbiyyatda da elə əsərlər var ki, gözəldir, amma oxucunun dünyagörüşündən dolayı hərəsi ayrı-ayrı şeylər görür. O sözü mənim dediyim kimi qavrayanlar da var, digər formada da.

- Universitet vaxtı xalq dilində işlənən arqo deyimləri araşdırırdım. Orada o qədər yaradıcı deyimlər var idi ki. Necə olur bu qədər sadə insanlardan belə yaradıcı sözlər çıxır?

- Bildiyimiz kimi, arqo müəyyən sosial təbəqənin, yaxud müəyyən peşə insanlarının işlətdiyi şərti dildir. Məsələn, kriminal aləmin və ya musiqiçilərin öz aralarında işlətdiyi nitqi misal göstərmək olar. Arqoda jarqonlardan geniş istifadə edilir. Əvvəllər Filarmoniya bağındakı çayxanada musiqiçilər yığışardı. Onların danışığını izləmək kənar adama maraqlı görünürdü. Musiqiçi qıza “civi”, oğlana “manıs”, pula “kəlbə” deyirdilər.  Məsələn, “manıs o günkü toyda yaxşı kəlbə tutdu” və s. Nə isə, söhbətimizin əsas mövzusundan uzaqlaşmayaq. Bu haqda dilçi leksikoloqlar, leksikoqraflar daha professional səviyyədə danışa bilərlər.

O ki, qaldı xalqın, sadə insanların dil yaradıcılığında roluna, obrazlı ifadələr yaratmasına, xalqın yaradıcı gücünə inanmaq lazımdır. Hazırda Dilçilik İnstitutunda çoxcildlik “Azərbaycan dilinin frazeoloji lüğəti" çap olunur. İki cildi artıq nəşr olunub, hərəsi təxminən 1000 səhifəlikdir. Dilimizin frazeoloji birləşmə fondu o qədər zəngindir ki... Bunların hamısı obrazlı ifadələrdir.

Məsələn, sirr saxlamağı bacarmamaq, eşitdiyini dərhal başqalarına söyləmək, yaymaq mənasında işlənən bir çox frazeoloji ifadələr məlumdur. Bunlardan biri də “Ağzında su ilinmir”. Nə qədər uğurlu ifadədir. Müqayisə, analogiya, məcazlaşma, obrazlaşma elə ustalıqla həyata keçirilib ki, sanki qüdrətli bir şairin istedadının məhsuludur. “İlinmək” – “ilıqlaşmaq”, “ilıq olmaq” deməkdir. İfadənin, öncə, həqiqi mənasına baxaq. İstər isti, qaynar su olsun, istər soyuq su olsun, insan içərkən onu ağzında bir anlıq, azacıq saxlayır ki, su azca ilıqlaşsın, onu içmək mümkün olsun. Suyun ağızda ilıqlaşması cüzi, çox cüzi zaman istəyir. Ağızda suyun ilinməməsi belə bir ani zamanın gözlənilməməsi deməkdir. İfadə məcaziləşərək eşitdiyini başqalarına dərhal yayan adamın belə kiçik bir anı da gözləməyərək, özünün arzuolunmaz əməlini həyata keçirməsini ifadə edir. 

Başqa bir misal. “Ara qarışdırmaq”, “aravuranlıq etmək” mənasında işlənən “atı torbasıynan döyüşdürmək” deyimi. Deyimin mahiyyətinə baxaq. At və onun torbası çox yaxınlığı əks edən sözlərdir, ifadələrdir. Hətta at və onun sahibi, minicisi arasında olan yaxınlıqdan da fiziki anlamda daha yaxınlığı bildirir. Arpa ya qeyri yem tökülmüş torbanı atın başına keçirirlər ki, yesin. Buradakı fiziki yaxınlıq göz qabağındadır. Digər tərəfdən gərəklilik baxımından da burada bir yaxınlıq var. Bu yaxınlıq çox dəyərlidir. İçində yem olan torba at üçün həyatını, bioloji varlığını təmin edən çox əhəmiyyətli bir nəsnədir. Yəni bunlar o qədər yaxındırlar ki, aralarında konflikt qeyri-mümkün görünür. Deyimin semantikasında o qabarıq nəzərə çapdırılır ki, “atı torbasıynan döyüşdürən” adam, sadəcə adi aravuran deyil, bir-birinə çox yaxın, çox əziz olan insanları belə bir-birindən incik salmağı bacaran bir şəxsdir. Şərh etdiyimiz hər iki nümunə haqqında “Əhsən bu deyimi yaradan müəllifə – xalqa!” deməkdən insan özünü saxlaya bilmir.

- "Dədə Qorqud" filmi "Kitabi-Dədə Qorqud" dastanı ilə nə qədər uzlaşır?

- Nəzərə alaq ki, bu film sovet dövründə çəkilib. Sovet rejimi 1930-40-50-ci illərdə milli kimlik kontekstində azlıqda qalan xalqların mədəniyyətləri ilə bağlı təbliğinə isti yanaşmayıb, mane olub. Bununla belə o filmin çəkilməsini alqışlayıram. Bu cür filmlər yeniyetmələrdə milli qürur hissi yaratmalıdır. Əlbəttə, dastanın mətni ilə film arasında müəyyən ziddiyyətli görünən məqamlar var. Amma nəzərə alaq ki, istənilən əsəri filmə çevirəndə bədii əsər orada yüz faiz olduğu kimi əks oluna bilmir. “Kitabi-Dədə Qorqud” 12 boydur. Boyların hər biri müstəqil dastan – oğuznamədir. Onların arasında məzmun və obrazların taleyi baxımından bir-biri ilə səsləşməyən cəhətlər var. O boyları bir film altında əks etdirəndə, təbii ki, fərqlər yaranır. Amma bu fərqlər filmin müəlliflərinə irad bildiriləcək fərqlər deyil. Əsas odur ki, filmdə oğuz babalarımızın tarixinin mahiyyəti, onların milli kimliyi, eposdakı vətənpərvərlik ruhu, örnək olası qəhrəmanların mərdliyi, el yolunda fədakarlığı, milli-mənəvi dəyərlərə bağlılığı dolğun və yüksək bədii səviyyədə əks olunub. Bu film qədim eposumuzun müasir mədəniyyət səviyyəsində inikası, təbliği baxımından da, gənclərin milli ruhda tərbiyə edilməsi baxımından da dəyərli sənət əsəridir.

- İslam amili folklorumuza nə qədər təsir edib?

- İslam 1400 ildir ki, bizimlərdir, xalqımızın həyatının bir parçasıdır, xalqın etiqad mənbəyidir. Xalqın ümumi dünyagörüşünün tərkib hissəsidir. Xalqımızın həyat və davranış tərzində, etnoqrafiyasında, adət-ənənələrində türk kimliyi, milli-etnik dəyərlər islam mənsubluğu, islami dəyərlərlə vəhdətdə təzahür edir, iç-içədir. Bu mənada folklorla din arasında əlaqələr qaçılmazdır. Bizdə dini folklor anlayışı da var. Dini düşüncə və təsəvvürlər folklorumuza geniş şəkildə təsir göstərib. Bu təsir folklor mətnlərinin müxtəlif struktur qatlarında özünü göstərməkdədir. İslam folklorumuzda mövzu, süjet, obrazların əsas qaynaqlarından birinə çevrilib. İslam təsiri bəzən mətnin üz qatında aydın görünür, bəzən isə alt qatda, mahiyyətdə sanki gizlənmiş tərzdə özünə yuva salır.

Belə bir bayatı var:

Əzizim min ayə dəyər,
Telin minayə dəyər.
İl var bir günə dəyməz,
Gün var min ayə dəyər.

Bu bayatıda min aya bərabər tutulan gündən söz açılır. Bu gün hansı gündür? Burada “Qurani-Kərim”in nazil olduğu Qədr gecəsi nəzərdə tutulur.

Necə ki xalq Dədə Qorqudu, Koroğlunu ideallaşdırıb, eləcə də öz əfsanə və rəvayətlərində dini-tarixi şəxsiyyətlərin müqəddəsləşdirilmiş obrazlarını yaradıb. Dünyanı suyun basması, Nuhun gəmisi, Həzrət Əli, övliyalar haqqında yaranmış Azərbaycan əfsanə və rəvayətlərini xatırlamaq olar. Aşıq yaradıcılığında, şeirində, atalar sözlərində, alqış və qarğışlarımızda, bayatılarda dini motiv və obrazlar yetərincədir. Bu, islam dininin milli folklora mexaniki adaptasiyası deyil,  ümumxalq yaradıcı təfəkkürünün, bədii təxəyyülünün məhsulu olan hadisədir. Tarixdən bilirik ki, İslam tarixində çox önəmli yer tutmuş Həzrət Əli Azərbaycanda olmayıb. Lakin ölkəmizdə onun adı ilə bağlı bir çox pirlər, ocaqlar mövcuddur, həmin ocaqlarla da bağlı rəvayət və əfsanələr var. Abşerondakı "Əli ayağı" pirini xatırlatmaq yerinə düşər.

- Məsələn, "Kitabi-Dədə Qorqurd"da döyüşdən əvvəl namaz qılırdılar.

- Bəli. Çox misal çəkmək olar. Folklorun böyük bir hissəsini dastanlar təşkil edir, dastanların da geniş bir hissəsi məhəbbət dastanlarıdır. Bu dastanlarda necə aşiq olurdular? Əksər dastanlarda bu, yuxuda butaalma yolu ilə baş verir. Gənc yatır, yuxuda qoca, nurani bir kişi ona badə verir, deyir, bunu iç. Gənc deyir ki, yox, axı peyğəmbərimiz bunu bizə haram buyurub. Qoca deyir ki, bu sən deyən badədən deyil. Bu, Yusifi Züleyxaya yetirən badədir. Deyir, filan şəhərdəki filan tacirin qızını sənə buta verdim. Aşiqolma özü də ilahi qüvvələr tərəfindən həyata keçirilir. Bu sufiliklə sıx bağlıdır.  Butanı verən ya Xızır peyğəmbər olur, ya Həzrəti Əli, ya da bir dərviş, yaxud Nurani bir qoca olur. Bütün hallarda buta verən sakral müdrik qoca arxetipinin təzahür etdiyi bir obrazdır. Oğlan o yolda çox əziyyətlər çəkir, sonda öz həqiqətinə, sevgisinə çatır. Bu əslində, sufilikdə ilahi eşqə çatma yolunda insanın kamilləşmə yolunu keçməsidir. Bizim məhəbbət dastanlarının kökündə İslam sufizmi, təsəvvüf dünyagörüşü durur. Bizim xeyli atalar sözünün kökündə Quran ayələri dayanır. Məsələn, insaf dinin yarısıdır.

- Şəbihlər də var...

- Bəli, onlar daha üzdə olan faktdır. Həzrəti Hüseyn və ailəsinin Kərbəla çölündə başına gələn müsibətlər məhərrəmlik mərasimləri zamanı səhnələşdirilərək meydan tamaşası kimi göstərilirdi.

- Bizdə qadınlarda başa yaylıq bağlama adəti olub, var. Lakin bu, İslam amilindən də əvvəl olub. Kəlağayının, yaylığın kökü hara gedir bəs?

- Qadının yaylığı və kişinin papağı namus sayılıb. Bunu təkcə dinlə izah etmək olmaz. Qədimdən kişilərimiz də başıörtülü olub. Əgər qan düşmənçiliyi varsa, bir qadın yaylığını yerə atarsa, nə qədər ağır düşmənçilik olsa da, qanlar durardı. Hətta yaxın tariximizdə ermənilər təzə-təzə baş qaldıranda silahsız, qəzəblənmiş Ağdam camaatı üzü  Xankəndiyə yürüş edir. Rusların silahlandırdığı ermənilər hazır vəziyyətdə gözləyir. Qarabağın adlı-sanlı xanımlarından, hamının tanıdığı Xuraman Qasımova Əsgəranda camaatın qabağını kəsib və yaylığını yerə atıb. O yaylıq camaatı saxlayıb, nə qədər insanı ölümdən qurtarıb. Yaylıq qadının namusudur, kişilər onu tapdalaya bilməz. Azərbaycanlılarda kişinin papağı, atı, arvadı, qadının ləçəyi namusdan sayılıb. Onlara toxunmaq olmazdı. İnancımız belə idi.

- İnanc demişkən, bu gün yaşayan xeyli qədim inanclar var.

- İnancı iki mənada başa düşmək olar, biri var dini inanc, biri də var insanların qədim inancları və onlardan gələn adətlər. İnancların bir qismi yasaq edib, bir qismi təbliğ. Məsələn, qəbri barmaqla göstərmək olmaz, gecə evdən köz verməzlər. Səfərə gedənin arxasınca su atarlar. 

- Bəlkə də, o qadağaların arxasında hansısa hekayə, problematika yatır. Məsələn, gecə kimsə evindən köz, od verib və qaranlıq olduğu üçün görməyib nəsə pis hadisə baş tutub, haranısa yandırıb. Bu da insanların yaddaşında, inanclarında elə qalıb.

- Bu özü ayrıca geniş bir mövzudur. Bunların bir qisminin elmi əsası var. Məsələn, əncir ağacının altında yatmazlar. Qədim insanlar bilmirdi əncir ağacı oksigeni udub karbonu buraxır. Sadəcə görüblər ki, əncir ağacı altında yatanın halı pisləşib, bunu belə ümumiləşdiriblər. Yəni müşahidə və sınamalar nəticəsində fikir hökm şəklində qətiləşib, inanclar yaranıb. İnanclara bu rakursdan baxan professor Azad Nəbiyev yazırdı ki, inanclar sınamalar nəticəsində qətiləşmiş hökmlərin ifadəsidir. İnancların bir qismi isə qədim mifoloji təsəvvürlər, qədim etiqadlarla bağlı formalaşıb. Məsələn, axşamlar evdən çörək, od verməzlər. Gecələr bayıra isti su tökməzlər. Zərdüştilik təsəvvürlərinə görə, gecələr şər Allahı olan Əhlimən hər şeyə hakim olurdu. Buradan belə inanc qalıb ki, gecə çörək versən, ruzin gedəcək; od versən ocağın sönəcək. 

- Bəzən Koroğlunu quldur, yolkəsən kimi təqdim edirlər. Ümumiyyətlə, Koroğlunun folklorumuzda yeri nədir?

- "Koroğlu" dastanı bir çox türk xalqlarının ortaq abidəsidir, eposudur. Azərbaycan, Qafqaz,  Kiçik Asiya, Orta Asiyada geniş yayılıb. Lakin hər xalqın Koroğlusu onun öz Koroğlusudur, milli Koroğlusudur.

Tədqiqatçıların da sübut etdiyi kimi, "Koroğlu" dastanının ilkin variantı, nüvəsi Azərbaycanda yaranıb. Dədə Qorqud Oğuznamələri ilə "Koroğlu" dastanının hər ikisi qəhrəmanlıq dastanıdır. "Dədə Qorqud"da dövlətin qurulması məsələsi var. Onun qəhrəmanları da Oğuz elinin igidləridir. "Koroğlu"da dövlət qurmaq məsələsi yoxdur. Qurulmuş dövlətə qarşı çıxan bir qəhrəman var. O, xalq intiqamçısıdır. Harada ki zülm var, onlara qarşı hərəkət edir. Burada zalımlara qarşı mübarizə var. Koroğlu bir epik qəhrəman olaraq, Haqqın və Ədalətin carçısıdır, müdafiəçisidir, məzlumların himayədarı, güvənc yeridir. O bəzən zalım hökmdarların, paşaların, xanların xəzinəsini, karvanını talayıb, əldə edilən qəniməti kasıb-kusuba paylayırdı. Lakin bu onun quldur olduğunu deməyə əsas vermir. Bu məqamlar Koroğlunun zalımı cəzalandırmaq missiyasının təzahür formalarından hesab edilməlidir.

- Koroğlunun kürd olması haqqında müzakirələr də var. Koroğlu kürd olub?

- Şərqi Anadolu və Azərbaycan "Koroğlu" dastanının formalaşdığı yerdir. Özbəklərin təsiri ilə farsdilli xalq olan taciklərə keçib. Azərbaycanın təsiri ilə gürcülərə, ləzgilərə, ermənilərə keçib. Eləcə kürdlərə də keçib. Kürd variantında onlar kürd deyə bilər. Bir daha deyirəm, “Koroğlu” dastanının hər bir xalqda olan milli variantında obraz həmin xalqın nümayəndəsi kimi verilir. Burada folklorun epik qanunauyğunluqları işləyir. Lakin Koroğlu prototip kimi, tarixi şəxsiyyət kimi 16-cı əsrin sonu – 17-ci əsrin əvvəllərində yaşayıb.

O, kürd olmayıb. Tarixi mənbələr var, salnamələr var.  “Koroğlu” eposu və obrazı üzərində ayrı dayanmalı geniş mövzudur. Gələcəkdə imkan və istək olarsa, bu mövzuda ayrıca danışarıq. Təkcə onu qeyd edim ki, əsl adı Rövşən olan Koroğlu Şah İsmayılın hakimiyyətə gəlməsində mühüm rol oynamış Zülqədərlər tayfa birləşmələrinə daxil olan Koroğlu nəslindəndir. Tarixdə Koroğlu soyadına malik bir çox şəxsiyyətlər olub.

Milli mədəniyyətimizə və folklorumuza həssaslıqla diqqət yetirdiyiniz üçün sizə və saytınıza dərin təşəkkürümü bildirirəm.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1586

Oxşar yazılar