Səyahətlər çox vaxt böyük xərclərlə əlaqələndirilir. Lakin təcrübəli səyahətçilər yaxşı bilirlər ki, ən böyük xərclər komforta görə deyil, məlumat çatışmazlığı səbəbindən yaranır. Hətta London və ya Kopenhagen kimi dünyanın ən bahalı paytaxtlarında belə, büdcəyə zərər vermədən yerli mədəniyyət və mətbəxdən zövq almağa imkan verən üsullar mövcuddur.
Lent.az əyləncələrə qənaət etməyin 8 praktik yolunu təqdim edir:
Yeməyə artıq pul xərcləməmək üçün
Avropanın bir çox ölkəsində restoranlar saat 12:00-dan 16:00-a qədər kompleks nahar təklif edir. Bu, əsas menyuda bir desert qiymətinə iki və ya üç yeməkdən ibarət tam nahar deməkdir.
Üç kvartal qaydası
Əsas turistik məkanların yanında yerləşən restoranlarda yemək yeməməyə çalışın. Sadəcə 300-500 metr uzaqlaşmaq kifayətdir ki, qiymətlər 30-50 faiz ucuzlaşsın və yeməklər daha autentik olsun.
Qida israfına qarşı tətbiqlərdən istifadə edin
Too Good To Go tətbiqini yükləyin. Bu tətbiq vasitəsilə restoranlar və çörəkxanalar günün sonunda qalan təzə yeməkləri 70 faizə qədər endirimlə satırlar.
Supermarketlərdən istifadə edin
Hər gün restorana getmək əvəzinə piknik təşkil edə bilərsiniz. Yerli pendir, şərab və bagetləri adi marketdən almaq çox daha ucuz başa gəlir. Çay kənarında və ya parkda təşkil olunan belə bir şam yeməyi bəzən restorandan daha yadda qalan olur.
Əyləncələrə necə qənaət etmək olar
Demək olar ki, hər Avropa şəhərində pulsuz piyada ekskursiyaları mövcuddur. Peşəkar bələdçilər əsasən bəxşişlə işləyirlər, yəni gəzintinin dəyərini özünüz müəyyən edirsiniz.
Muzeylərdə pulsuz günlər
Bir çox məşhur muzey və qalereyada müəyyən günlər və ya saatlarda giriş pulsuz olur. Məsələn, ayın ilk bazar günü və ya həftə içi axşam saatlarında. Bu məlumatları əvvəlcədən rəsmi saytlarında yoxlamaq faydalıdır.
Tələbə və yaş güzəştləri
Avropada tez-tez 26 yaşadək gənclər və ya 60 yaşdan yuxarı şəxslər üçün xüsusi endirimlər mövcuddur. Kassada həmişə special price və ya endirim barədə soruşmaq tövsiyə olunur.
City Card və nəqliyyat abonementləri
Əgər gün ərzində üçdən çox muzey ziyarət etməyi planlaşdırırsınızsa, şəhər kartı (City Pass) almaq daha sərfəlidir. Bu kartlar çox vaxt ictimai nəqliyyatda pulsuz gediş və məşhur turistik məkanlara giriş imkanı da verir.
Peşəkar səyahətçilərdən məsləhət
Həmişə yanınızda təkrar istifadə olunan su qabı saxlayın. Avropanın bir çox şəhərində məsələn, Roma, Paris və Vyanada küçə fontanlarında su təmiz və içməyə yararlıdır. Bu isə gündə təxminən 3-5 avro qənaət etməyə kömək edə bilər.