Batil inanclar və miflər və daha çoxu barədə
01 iyun 2022 20:15 (UTC +04:00)

Batil inanclar və miflər və daha çoxu barədə

Fit çalmaq, qara pişik, stolun küncü... – Bunlar şeytan çağırışıdır?

Günümüzə qədər gəlib çıxan doğru və ya yanlış inanclar var. Əvvəllər ağızdan-ağıza keçən bu inanclar hazırda daha çox sosial media, filmlər vasitəsilə yayılır. O inanclar xurafat da adlana bilər, mif də. Nəyə görə xurafat? Çünki elm adamları hesab edirlər ki, elmi açıqlaması olmayan hansısa hadisə məntiqsizliklə üst-üstə düşəndə niyə onu həyatımızda tətbiq edək? Bunu niyə fobik vasvasılığa çevirək? Məsələn, xalq arasında yayılan inancların bəzilərinin mənaları: 

Stolun küncündə oturmaq şeytanı, duz dağıtmaq dava-dalaşı çağırmaqdır; 
Qara pişik və ya boş vedrə qarşınıza çıxırsa, işiniz tərs gətirəcək; 
Süpürgəyə ayağınız dəyirsə, şərə düşəcəksiniz;
Gözü göy, açıq mavi olan insanda şeytan tükü olduğuna işarədir;
Qəbiristanlığı barmaqla göstərmək olmaz, göstərilən barmağı dərhal dişləmək lazımdır ki, ölü onu çağırmasın;
Axşam vaxtı ağlamazlar, yoxsa mələklər həmin adama qarğış tökər;
Evdə sınıq, çatlamış qab-qaşıq saxlamaq olmaz, əks halda evə bədlik gətirər;              

Nərdivanın altından keçmək bədliyi, uğursuzluğu çağırarmış;
Əcdadları, ataları söymək insanı lənətləyə bilər və s.

Tarixən belə batil inancların kökü paqanizmə (kökləri dünyanın qədim təbiət dinlərinə uzanan bir inanc) bağlayıblar. Çünki, batil inanclar zamanla unudulub, yenidən zamanın süzgəcindən keçirilib və nəhayət, müasir dövrümüzə gəlib çıxıb. 
Bu kimi inanclara kimlərsə inanır, kimlərsə yox. Bəs fit çalmaq? Bu da inancdır, yoxsa...? 

Əvvəla bəzi xarici mənbələrdə göstərilən məlumatlara görə, 60-cı illərdə bir çox mahnılarda solo fit səsləndirmək çox populyar olub. Alman dənizçilərinin düşünürlər ki, dənizdə fit çalmaq tufan gətirir. 
İngilislərdə qadının fit verməsi bədbəxtliyin başlanması deməkdir. Ərəblərin fikrincə, fit şeytan musiqisidir və fit çalan adam özünü 40 günlüyə murdarlamış olur. Gecə vaxtı fit çalmaq isə şeytanı çağırmaq anlamına gəlir. Lakin bu işarənin əsl köklərini dini kontekstdə axtarmaq lazımdır. Amerikanın məşhur universitetlərindən biri Çikaqo Universitetinin araşdırmasına görə, insanların beyni həddən artıq yüklənəndə fit çalmaq refleksi yaşayırlar. 

Təbii ki, bunlar hamısı müxtəlif ziddiyyətli fikirlərdir: illərdir inanılan, sınanılan və tirajlanan fikirlər... Bəs, fit çalmaq şeytan çağırmaqdır? 
Lent.az xəbər verir ki, psixologiyada göstərilən izahlara əsasən, bunun da elmdə açıqlaması var.

Belə ki, türk psixoloq Hülya Öztürk deyir ki, göz süzdürmək, dodaq yaşlamaq, burnu tez-tez çəkmək və s. kimi fit çalmaq da vasvasılığın bir növüdür:

“Necə ki, mahnı mızıldananda rahatlıq hiss ediriksə, fit çalanda da eyni hissi yaşayırıq. Kimisi fit çalarkən özünü rahatladır, diqqətini toplayır və bu kimi hisslər yaşayır. Yəni, normal olaraq məqsəd rahatlaşmaqdır. Amma hər yerdə fit çalmaq adət halına gələrsə, bu anormallıq təbii ki, müalicə olunmalıdır. 
O ki qaldı fit çalmağın xalq arasında şeytani əməl hesab olunmasına: bu, sadəcə inancdır. İnanmaq istəyənlər, inanacaq. Elmə inanmayanlar üçün unikal təklif verə bilərik. Məsələn, ən çox deyilən mif cinin çağırılması üçün əncir ağacının altında fit çalmaqdır. Gəlin bunu yoxlayaq. İstədiyimiz qədər fit çalaq. Görək, cin gələcəkmi? Elm adamlarına inanmaq istəməyənlər əyani olaraq yoxlasın ”. 

Dini tərəfdən məsələyə baxdıqda din adamları bir-birini təkzib edəcək fikirlər söyləyirlər. Din adamı Elşad Miri hesab edir ki, belə inancların şeytani əməl kimi təqdim olunması doğru deyil:

“Nəyin şeytani, nəyin xoş əməl olduğu müqəddəs kitab - “Quran”da göstərilir. Məsələn, dırnağı axşam vaxtı tutmaq, axşam fit çalmaq, güzgüyə baxmaq və s. Bunlar İslamın ümumbəşəriliyini cılızlaşdırır. Bunlar İslamın mahiyyətindən kənar xurafatlardır. İslam dünyəvi dindir, o, heç vaxt nəsnələşdirməz. Ümumi olaraq nə dinə, nə də məntiqə əsaslanmır”. 

Belə… Çalışaq həyatımızda inanclar yox, doğru qərarlar olsun. Bəd fikirləri işinizdə və mühüm anlarınızda həmişə pozitivlik əvəzləsin. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6420
avatar

Nigar Namiq

Oxşar yazılar