Şəbnəm Tovuzluya  milli libas geyindirəndə mahiyyət dəyişir? - Vəfa  da tez özünü yetirdi
11 mart 2026 16:44 (UTC +04:00)

Şəbnəm Tovuzluya milli libas geyindirəndə mahiyyət dəyişir? - Vəfa da tez özünü yetirdi

1

Dünən axşam bir dost mənə çox təəccüblənmiş halda yazırdı. O, televiziyalarımızdan birində yayılan verilişdən kəsilmiş videonu göndərib, sonra beləcə də yazıb: “Bəs deyirdiniz artıq verilişlərdə ucuz söhbətlər olmayacaq, bu Şəbnəm Tovuzluya milli libas geyindirəndə mahiyyət dəyişir? Anlamaq olmur nə deyir. Bu videonun paylaşıldığı səhifədə izləyicilər hamısı yazır ki, biri bunun dediklərini tərcümə etsin, görək nə demək istəyir”.

Nə cavab verəcəyimi bilmədim. Çünki söhbət hansısa “parnik” televiziyadan yox mərkəzi telekanallarımızın birinin efirindəki verilişdən gedirdi.

 “İbo show” adlı verilişin aparıcısı İbrahim Azəri qonaqlarına, o cümlədən Şəbnəm Tovuzluya milli libas geyindirsə də, onlara “sataşmaq”dan geri qalmırdı və fürsət tapan kimi gülünc vəziyyətə düşmələrinə şərait yaradırdı. İstə-istəməz sual yaranır ki, ay aparıcı, intellektinə şübhə etdiyin, asanlıqla gülünc vəziyyətə düşəcək birini böyük auditoriyanın qarşısına çıxarmaqda məqsədin nədir? İzləyiciləriniz onlardan nə öyrənə bilər ki?

Onu da deyək ki, hazırda efirə çıxarılması tövsiyyə olunmayan müğənnilərin bəzi fəaliyyətlərini müşahidə edirik. Onlar ciddi cəhdlə regional televiziyaların efirinə çıxırlar. Açıq danışaq, bu işlə də xüsusilə məşğuldu “Dünya TV” və “Kanal S”. “Qadağan olunmuş”lar bütün günü müəyyən “şərt”lərlə onların efirini zəbt edirlər. Məsələ odur ki, onlar insanlara bu formada efirə çıxmağı başqa cür çatdırırlar. Həmin müğənnilər, özləri üçün sosial platformalarda, daha çox da Instragram-da açdıqları bir neçə səhifələrdə, adını heç vaxt eşitmədiyimiz " saytlarda" " filankəsin "efir qadağası" götürüldü" tipli xəbərlər yaydırırlar.

Əslində hər şey aydın görünür. “Qadağan olunmuş”ların toya gedən yolları efirlərdən keçir. Bir dəfə televiziyada görünüblər deyə toy qiyməti avtomatik qalxır. Onlar üçün efirlərdən getmək xeyli toy, dolayısı ilə pul  itirməkdir. Bəs bizə nə düşüb, niyə onların bu yollarına “gül-çiçək” düzürük? Bu adamlar dövlətin büdcəsinə nə qədər vergi ödəyirlər? Bu adamlar toyda, məclisdə gəncə, uşağa hansı sənət, performans göstərə bilərlər?

Sosial platformalarda yəqin sizlərin də, qarşınıza çıxıb. Bəzi aparıcılar ara müğənniləri ilə birləşib televiziyaların özünə qarşı qara piar aparırlar. Nə imiş? Guya ara müğənnilərindən sonra  televiziyaya baxan yoxdu. Amma reallıq fərqlidir. Televiziya izləyicilərinin əksəriyyəti başqa söz deyir. Onlar bu cür paylaşımların şərh bölümündə yazırlar ki, indi televiziyalar daha abırlı olub, aşağı səviyyəli məişət söhbətlərindən təmizlənib.

Çox heyfsinərək deyim ki, bəzi verilişlər yenə də Şəbnəm Tovuzlu və Vəfa Şərifovanın "məişət davalarında" iştirakına çevrilməyə, onların bir-birinə acıq vermək üçün "mübarizə meydanı" olmağa davam edirlər. "İbo show"nun dünən Şəbnəm Tovuzlu ilə açdığı "yolu" bu gün "Rəngarəng" Vəfa Şərifova ilə davam etdirib. Bir-iki günə "ər davası" yenidən efirlərin favorit mövzusu olar. Çünki Vəfa Şərifova ilə Şəbnəm Tovuzlu efirlərə "ər davası" aparan, "nikahdankənar uşaq dünyaya gətirməyin" təbliğatçıları kimi efirlərdə ən çox qalmaqal yaradanlardır.

Bu iki qadın efirə yenə də yol tapa bilirsə, o birilərə haqsızlıq olur.

 

***

Mirzə Ələkbər Sabiri rəhmətlə anırıq – “Özünü yorma, kişi, mən düzələn-zad deyiləm”...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 482

Oxşar yazılar