Sellər aparan Sara, ya da lənətlənmiş mentalitet!
29 mart 2014 12:12 (UTC +04:00)

Sellər aparan Sara, ya da lənətlənmiş mentalitet!

0

Lənət olsun! Birbaşa, heç nədən çəkinmədən, kimsəyə hesabat vermədən deyirəm: lənət olsun! Bütün varlığımı saran qəzəb və kinimlə deyirəm lənət olsun ucuz, dəxilsiz, insanları məhv edən mentalitetə! O mentalitet ki, əsl mahiyyətindən başqa qondarma əlavələriylə birbaşa insanların məhvinə, şikəstliyinə xidmət edir. Bu barədə bəlkə bir az sonra əlavə fikirlərim olacaq. Hələ ki, mentalitet təlqiniylə sellərin yox, ellər aparan yavru Saranın faciəli taleyindən böyük kədərlə danışmağa cəhd edəcəm. Qoy bu dəhşətli, qəmli hekayətdən hər kəs öş ibrət payını götürsün. Saranın cəmi 19 yaşı vardı. Vardı ona görə deyirəm ki, o artıq yoxdu, ölüb. Daha düzü öldürülüb, qətlə yetirilib! Bətnindəki 9 aylıq körpəylə birlikdə qətlə yetirilib. Sara mənim dayım nəvəsiydi. Onu 16 yaşı olar-olmaz ərə vermişdilər. Naxçıvanın  Sədərək rayonunda yaşayırdılar. Əksər əyalət bölgələrində olduğu kimi sədərəklilərin də qız uşaqlarını gün götməmiş ərə vermək adətləridi.

 

Çox ola bilər ki, Sədərək camaatı bu kiçik yazıya görə məndən incisin, qoy incisinlər. O cümlədən də böyük faciə içində olan sevimli dayımın ailəsi. Amma istər bütün sədərəklilər, istər də doğmalarım azacıq düşünmək istəsələr sözlərimə haqq verəcək dərəcədə cəsarətli də ola bilərlər. Biçarə Sara ikinci övladını dünyaya gətirəndən bir neçə saat sonra elə xəstəxana çarpayısında da həyata əlvida demişdi. Əsl dəhşətli olansa onun ölüm səbəbiydi! Doğuşa hələ həftələr qalsa da Sara onu incidən dəhşətli ağrılarla içində qovrula-qovrula qalır.

 

Qaynana evində göstərilən biganə və qəddar münasibət onu susmağa vadar edir. Öz ata evi ilə ər evi arasındakı soyuq münasibət isə Saranı bir az da acizləşdirir. Hər an atası, əmiləri, daha çox da babası ilə həyat yoldaşları arasında yarana biləcək münaqişədən qorxduğuna görə bütün əzabları çəlimsiz canıyla təkbaşına çəkir. Bu məqamda kiçik bir haşiyə də çıxmaq istəyirəm. Sara cəmi səkkiz illlik orta təhsil almışdı. Bundan artığını düşünməyə onun ixtiyarı nəydi ki? Onun ali təhsil almaq haqqında düşünməyə fürsəti belə olmamışdı. Çünki elçilər artıq qapını döyürdülər. Saranın ailəsi də təbii ki, bütün əyalət əhli kimi bunu təbii hal kimi qəbul edir və Saranı ölümə sürükləyəcək ərə verirlər. O ancaq ərə getməli, uğaq doğmalı, qaynana-qaynata və cahil ərin qulluğunda durmalıydı. Yoxsa şəhərə gəlmək nədi, ali təhdil almaq nədi? Onun ətrafını saran bir çoxlarının düşüncəsinə görə şəhərə gəlib ali təhsil almaq, cəmiyyətdə hansısa bir mövqeyə yiyələnmək adət-ənənəyə, dədə-baba qanunlarına yaraşmayan bir iş olardı. İlk ağla gələnsə bu idi: birdən şəhərdə pis yola düşər... Amma uzaq əyalətdə yaşaya-yaşaya min cür hoqqadan çıxanlar da var axı. Bunun mentalitetlə, adət-ənənəylə, əxlaqla heç bir əlaqəsi yoxdu axı ay adamlar!!! Mentalitet sizə savadlanmayın, cahil ömrü sürün demir axı ay adamlar! Bu haşiyəni çıxmaqda məqsədim odur ki, təhsil ala bilsəydi, öz hüquqlarını bilsəydi bəlkə də qaynana evində ona qarşı edilən haqsızlıqlara qarşı öz səsini qaldıra bilərdi.

 

Oysa, Sara hər şeydən xəbərsiz idi və üstəgəl də himayəsində artıq bir yaşında övladı olduğuna görə susmağa, layiq olmadığı əzazil insanların içində yaşamağa məcbur idi. Nə edə bilərdi ki? Qucağında biri, bətnində də digər övladıyla ata qapısına qayıdıb onlara yük də olmaq istəmirdi axı. Onsuz da özünü güclə dolandıran doğmaları ona necə baxacaqdılar? Özünün də hardasa işləməyə, balalarını böyütməyə nə icazəsi nə də təhsili yox idi. Beləcə günlərlə ağrılarl içində çabalayan Sara son bir həftəni artıq demək olar ki, ölüm yatağında keçirir. Qaynana evi isə eybi yox, hamiləsən, ağrıların olmalıdı laqeydliyiylə, ona məhəl qoymur. Son dörd-beş gününü kiçik bayıra gedə bilmədiyinə görə Saranını zərif və çəlimsiz bədəni şişməyə başlayır, şiddətli ağrılardan qıqşqırmağa, yalvarmağa bağlayır. Nəhayət ki, insafa gələn evdəkilər onu xəstəxanaya aparırlar. Artıq çox gec idi. Uzun çəkən əzablı doğuş prosesindən sonra bətnindəki körpəni dünyaya gətirir. Cəmi bir neçə saat sonra isə Sara özü həyata əlvida deyir. Məsum, zərif Sara həyatın yazılmayan ədalətsiz qanunlarına, əlində yamaq adətlərlə bəzədiyi mentalitet bayrağı daşıyan qəddar insanlara məğlub olur...

Bu məğlubiyyətlə Sara öz əzablarına son qoydu. Onun ölümünə səbəb olan, qətlinə fərman verən cahillərsə əbədi əzaba məhkumdular. Günahsız Saranın faciəli ölümünə səbəb olduqlarına görə, onun həyatını zəhər etdiklərinə görə!    

Onun ölüm xəbərini uzaq və soyuq Rusiyadan qayıdan gün eşitdim. Tam səmimiyyətimlə deyirəm, Rusiyanın şaxtası belə məni onun ölüm xəbəri qədər üşütməmişdi. Çox üşüdüm, üşüdüm və çoxdandı ki, içimdə boğmağa çalışdığım üsyankarlıq hissim baş qaldırdı. Üsyanımdam qopan sözləri deşilənəcən qulaqlarınıza qışqırmaq istəyirəm ey günahkar adamlar: Mən sizin uydurma adət-ənənlərinizə nifrət edirəm! Mən sizin insanları ölümə sürükləyən cəhalət və cahillik dolu qayda-qanunlarınıza nifrət edirəm! Mən adına mentalitet deyib fəqət öz uydurma təlqinlərinizə nifrət edirəm! Bunlardan daha çox Saranı aparan sellərə inanaram! Ahın günahkarlara qənim olsun Saram! 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2297

Oxşar yazılar