Sufi məzarlığındakı sahibsiz qəbirlər
29 dekabr 2009 19:00 (UTC +04:00)

Sufi məzarlığındakı sahibsiz qəbirlər

Məzardan çıxarılmış cəsəddən bir odeyal qalıb, bir də...

Ötən həftə Qobustan Milli Tarixi Bədii Qoruğundan yazdığım reportajı Lent.az-da oxuyan diqqətli oxucular Qobustana getdiyimi bilir. Qoruğa gedərkən yolun sağında bir qəbiristanlıq görmüşdüm. Sonradan əslində qoruq ərazisinə daxil olduğunu öyrəndiyim həmin qəbiristanlıqda sovet dövründə güllələnmə hökmü alan şəxslərin basdırıldığını da eşitmişdim. Güllələnənlərin bu qəbiristanlıqda basdırılması söhbəti maraqlı gəlməklə yanaşı, həm də inandırıcı görünürdü; axı həmin yer düz məşhur Qobustan həbsxanasının yaxınlığındadır. Ona görə də, Qobustanda olarkən, həmin qəbiristanlıqdan da şəkillər çəkdim, oranın tarixiylə maraqlandım. Sən demə, məsələ bir az ayrı cür imiş...

İtalyanların da maraqlandığı Roma yazısı

Qəbiristanlığa getməzdən əvvəl ətrafı dəmir məhəccərlə əhatə olunaraq qapısı kilidlənmiş bir daşüstü yazıya baş çəkmişdim. Orada bir-iki foto çəksəm də, yalnız sonradan bu daşüstü yazının tarixini Qobustan Milli Tarixi Bədii Qoruğunun direktoru, tarix elmləri namizədi Məlahət Fərəcovadan öyrəndim. Məlum oldu ki, bu, qədim Roma yazısıdır: “Roma legionu keçəndə orada yəqin bir dayanacağı olub. Özləri haqqında bir yazı qoyublar. Bu, Azərbaycanın öyrənilməmiş tarixiydi. Lakin həmin yazı 1939-cu ildə tapılandan sonra Azərbaycan tarixində yeni kəşf, tapıntı sayıldı. Bundan sonra alimlər dəqiq deyə bildilər ki, romalılar Azərbaycan ərazisində olub. Biz orada bərpa işləri də aparmışıq. Həmin daşüstü yazı hələ də öyrənilir. İtaliya alimləri də onunla çox maraqlanır”.

Cəsədsiz qəbir, mişar daşından başdaşı...

İndi keçək əsas məsələyə: qəbiristanlığa. Məzarlığı gəzərkən, burada qədim olduğu şübhə doğurmayan qəbirlərlə yanaşı, yeni məzarlara da rast gəlirdim. Qoruğa getdiyim taksinin sürücüsü də mənə deyirdi ki, yerli əhalinin çox az hissəsi hələ də yaxınlarını burada basdırır. O bildirirdi ki, bu qəbiristanlıqda indi əsasən uşaqlar dəfn edilir. Ancaq mən orada böyük qəbirlərinə də rast gəldim: bunu qəbrin uzunluğundan bilmək olur. Sonradan Qobustan Milli Tarixi Bədii Qoruğunun direktoru Məlahət Fərəcova mənə deyəcəkdi ki, 15 ildən çoxdur burada heç kim basdırılmır. Ancaq başdaşılardan birinin üzərində “28.12.06” yazılması burada hətta 2006-cı ilin dekabrın 12-də də meyit basdırıldığını sübut edir.

Ancaq bu qəbiristanlıqdakı məzarların üzərində müasir dövrdəki qəbirlərdən fərqli olaraq heç də mərmər, yaxud bahalı daşlar yoxdur. Hətta az qala “əksəriyyətində ümumiyyətlə başdaşı yoxdur” yazacaqdım; əgər bir çoxunun üstündə “kubik” dediyimiz mişar daşı olmasaydı. Bunu isə həmin qəbiristanlıqda yaxınlarını basdıran şəxslərin maddi imkanı ilə əlaqələndirmək olar.
Qəbirlərdən (uşaq qəbrindən söhbət gedir) biri hətta o qədər dayaz qazılıb ki, sonradan qurd-quş cəsədi qazıb çıxarıb. Özü də cəsəd odeyala bürünərək basdırılıbmış: indi isə orada hansısa heyvanın qazdığı kiçik bir oyuq və bir odeyal qalıb...

Ancaq yeni qəbirlərdən fərqli olaraq, qədim qəbirlərin üstündə sinə daşları var. Özü də müasir qəbrlərdən çox fərqlənən bu sinə daşlarının üzərində ərəb əlifbası ilə yazılara, müxtəlif simvollara və s. rast gəlmək olur. Bu cür sinə daşlarından bir neçəsi isə Qobustan Milli Tarixi Bədii Qoruğuna məxsus muzeyin həyətinə aparılıb.



Yazının əvvəlində sovetlər vaxtı güllələnənlərin qoruq ərazisindəki qəbiristanlıqda basdırılmasını eşitdiyimi bildirmişdim. Məsələylə bağlı Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a bildirildi ki, bu, doğru deyil. Yəni, sovet dövründə güllələnməyə məhkum olan şəxslər həmin qəbiristanlıqda basdırılmayıb.

Qobustan Milli Tarixi Bədii Qoruğunun direktoru, tarix elmləri namizədi Məlahət Fərəcova isə həmin qəbiristanlığın antik dövründə aid olduğunu dedi: “Onların üzərində cürbəcür müxtəlif damğalar isə hər bir tayfanın öz damğası hesab edilir. Buna oxşar qəbirüstü daşlara “Sufi Novruz” və “Sufi Həmid” pirlərinin yanında rast gəlmək olar. Mənim ehtimalıma görə, bunlar sufizm dövrüylə bağlı olan abidələrdir”.

Üzərində ərəb yazılar olan qəbirlər isə 17-ci əsrə aid olan məzarlardır. Bunu da Məlahət Fərəcova bildirir. Söhbətin bu yerində mən Məlahət xanıma xatırladıram ki, elə indi də bəzi adamlar öz yaxınlarını sufilərin qəbirlərinin yanında dəfn edir. Ancaq o qətiyyən razılaşmır: “Yox, yox, yox... Biz icazə vermirik. Çünki artıq həmin qəbiristanlığın ərazisi də qorunur...”

Mən də sözümün üstündə dururam, deyirəm yox axı, elə indi də basdırılır. Ancaq o, azca “yumşalsa” da, faktla razılaşmır: “İndi ola bilməz. Düzdür, 1995-ci ilə qədər olub. Ancaq Qobustan abidələri YUNESKO-nun siyahısına daxil olandan sonra bu iş dayandırılıb. Hətta, qoruq YUNESKO-nun siyahısına daxil olmazdan əvvəl dayandırılmışdı...”

Mən isə daha onunla mübahisə etməyib, çəkdiyim fotoları sizlərə təqdim edirəm. Onların arasında üzərinə “28.12.06” yazılmış məzar daşının da fotosu var...

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 778

Oxşar yazılar