Lent.az “Məşhurlardan Gülməcələr” silsiləsinə davam edir.
Konservatoriyada işləyərkən muğam ustası, Xalq artisti Arif Babayevə bir nəfər xanım yaxınlaşıb, səsini dinləməsini xahiş edir. Arif Babayev də imtina eləmir. Tarzəndən xahiş edir, tarı kökləsin. Xanım başlayır “Qaragilə” xalq mahnısını zümzümə eləməyə.
Başlayır, amma səhv başlayır.
“Gəlmişəm yatağına oyadam səni, Qaragilə, oyadam səni”.
Arif Babayev onun ifasını yarımçıq kəsir:
"Ay xanım, ay xanım, nə elədin sən? Əvvəl bir otağa gəl, sonra yatağa keç də”.
***
Azərbaycanda təhsil alan Kim Seoq adlı koreyalı tələbə muğam dərsi almaq eşqinə düşür və bunun üçün Arif Babayevdən kömək istəyir.
Qeyd edək ki, həmin gənc 2000-ci illərin əvvəlində öz muğam ifaları ilə Azərbaycan telekanallarında da boy göstərmişdi. Mükəmməl olmasa da, muğamı canı-dildən ifa etməyə çalışır, bu musiqini sevdiyini göstərirdi. Həmin koreyalı tələbə koreyalı aksenti ilə qəzəl deyib, muğam oxumağa başlayanda Arif Babayev gülümsünüb deyib:
“Adam bilmir bu muğama qulaq asıb kövrəlsin, yoxsa gülsün”
***
Türk filmlərində hər zaman “fabrikator”, milyonçu ata rollarını oynayan sevilən Yeşilçam aktyoru Hulusi Kətmən deyərdi.
“Filmdə milyonçunu oynamaq gözəldir, lakin bütün ölkənin gözü önündə bu milyonçu saatlarla avtobus dayanacağında avtobus gözləyir, ən pisi də dilənçiyə verməyə cibində 5 qəpiyi olmur”.
Bir dəfə dayanacaqda avtobus gözləyərkən Hulusi Babaya bir dilənçi yanaşır və ondan bəxşiş istəyir. Hulusi Kətmən əlini boş cibinə salır və cibini çölə çıxarır.:
“Mən kinoda milyonlar səpələyirəm, real həyatda sən məndən daha varlısan, bəlkə yerimizi dəyişək?”