Novruz Qartal
09 dekabr 2021 14:02 (UTC +04:00)

Novruz Qartal

Məşhur aktyor bir blok siqaretin qurbanı oldu – BİABIRÇILIQ

Lent.az Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, əməkdar artist Novruz Qartalın APA-ya müsahibəsini təqdim edir: 

Səhnədə gur-gur guruldayan, daim şux duruşlu Novruz Qartalı xəstə yatağında taqətsiz görəndə öz-özümə “Yox, bu, o adam deyil!” deyirəm. Sonra gözüm gözünə sataşır və düşünürəm: “Yox bu, elə o adamdır”.

Daha onun üz-gözündə səhnə işığı yox, yatağının yanındakı pəncərənin xəsisliklə bölüşdüyü zəif işıq dolaşır. Solğun çöhrəsi, çökəyə düşmüş gözləri... Ancaq nə itirdiyi çəki, nə taqətsiz halı, nə də ona yaraşdırmadığım yorğan-döşəyi o gözlərdəki işığı söndürə bilir. O işıq, o alovlu baxış ki, səhnədə də daim belə idi, məhz belə.

- Bilirsiniz, Novruz müəllim, siz hətta xəstə halınızla da yaraşıqlısınız.

- Hə? (gülür)

Necəsiniz? Özünüzü necə hiss edirsiniz?

- İndi bir az yaxşıyam.

Ağır-ağır danışır.

Necə oldu yorğan-döşəyə düşdünüz?

- Heç özüm də bilmədim. Əvvəlcə köp əmələ gəldi, bu köp məni çox incidirdi, həkimə getdim, müayinə etdilər, dedilər xəstəxanada qalmalısan. Xəstəxanada qaldım, sonra əməliyyat etdilər...

Xəstəliyi, ağrıları barədə əlavə heç nə demir. Hiss edirəm ki, bu barədə danışmaq istəmir. Ona görə mən də bu mövzuda çox sual verib onu bədbinliyə kökləmək istəmirəm, əksinə xəstə yatağının dərman qoxulu ab-havasından çıxarmağa çalışıram. Teatrdan danışaq deyirəm, ən sevdiyi mövzudan...

Axırıncı dəfə nə vaxt səhnəyə çıxmısınız?

- Axırıncı dəfə noyabrda səhnəyə çıxmışam. “Məşədi İbad” tamaşasında Məşədi Qəzənfər rolunu oynamışam.

Darıxmırsınız səhnə üçün?

- Çox... Səhnə üçün yaman darıxıram. Axırıncı dəfə Məşədi İbad rolunu mənə vermişdilər. Mən o rolu oynamağı çox istəyirdim. Ancaq oynaya bilmədim...

Niyə?

- Gördüm ki, halım yoxdur. Ona görə, yenə hamamçını oynamalı oldum. Ancaq onu da deyim ki, bu günə qədər o balaca obrazda məni əvəz edən yoxdur. Hə, bir də bu yaxınlarda bir filmə çəkilmişdim, onun təqdimatına gedə bilmədim. Ona görə çox pis oldum.

Filmdən söz düşmüşkən, cavanlığınızda nə əcəb filmlərdə rol almamısınız? Biz sizi daha çox teatr aktyoru kimi tanıyırıq.

- Filmlərə təkliflər olurdu o vaxtlar. Mən teatrı daha çox sevmişəm. Bir də haqsızlıqlar... Bəzən olurdu ki, mən bir rolu istəyirdim, ancaq həmin rolu başqasına verirdilər, onda da inciyib teatra getmirdim. Elə vaxt olub ki, bütün məşqlər bitib, bilmişəm ki, artıq sabah çəkiliş olacaq, çəkilişə getmişəm, mənə deyiblər ki, sən çəkilməyəcəksən. Demişəm ki, axı, məşq eləmişəm? Sonra öyrənmişəm ki, filankəs bir blok “Marlboro” verib deyə həmin adamı çəkiblər. Yəni bir blok “Marlboro”ya görə mənim rolumu başqasına veriblər.

Bəs, Siz bu haqsızlıqların üstündən bir “Marlboro” çəkməmisinizmi? İncitməyibmi sizi bunlar?

- Dözürdüm.

Niyə dözürdünüz?

- Deyirdim ki, eləyib eləyib də, mən eləməzdim. Mən həmişə istəmişəm ki, yaxşılıq edim. Bir də dözmək deyəndə ki, qastrollara çox çıxırdım. Bəzən aylarla Bakıda olmurdum. Ona görə də bu haqsızlıqlar barədə düşünməyə vaxt tapmırdım.

Mən haralarda olmamışam?! Hərbi hissələr, cəbhə bölgəsi, səngərlər, əlillər, qocalar evləri, Neft Daşları, Gürcüstan, Moskva... Çox güclü dəstəm vardı: Xanım Qafarova, Elçin Həmidov, Lütfiyyə Səfərova... Çox yaxşı işlər görürdük.

Bilirsiniz, sizə görə narahat olan nə qədər adamlar var?

- Bilirəm. Amma bir şey deyim. Mən inanmırdım.

Nəyə?

- Düzü, dünənə kimi bu qədər sevildiyimə inanmırdım. Xalqımdan razıyam. Heç inanmazdım ki, millət mənə görə də ayağa qalxar. Təsəvvür edin, xəstəxanada camaat mənə qan vermək üçün növbəyə dayanmışdı. Mən özüm şoka düşdüm. Əməliyyatıma pul almadılar, pulsuz elədilər, çox sağ olsunlar.

Sənət yoldaşlarınız necə, Sizinlə maraqlanırlarmı?

- Hər gün gəlirlər, maraqlanırlar. Dünən də gəlmişdilər. Teatrdan da maraqlanırlar. Mən iyirmi il aktyor truppasının müdiri olmuşam, işlədiyim dövrdə heç kimi incitməmişəm. Ona görə də hörmətimi bu gün də saxlayırlar.

O illər hörmətdən başqa nə qazandırdı Novruz Qartala?

- Maddi cəhətdən də pis yaşamamışam. O vaxt televiziyaya çıxırdıq, müxtəlif proqramlar vardı, onlar hamısı pul idi (düşünür). O vaxt beş nömrəli poçt var idi. Yadımdadır, ordan qonorarı necə götürürdüm. Pula pul demirdik. Bəzən Moskvadan, Kiyevdən gəlib tamaşalarımızı lentə alırdılar. Sonra yaddan çıxıb gedirdi. Bir də görürdük ki, hardansa 300-400 manat pul gəlib. Qastrollara da gedirdik, orda da qazanırdım.

Neynədiniz qazandığınızı? Yığa bildinizmi?

- Yox, olmadı. Həyatdı da.

Bu gün nədən narazısınız?

- Mənə Xalq artisti adı verilməyib, evim yoxdu. O da inşallah, inanıram ki, həll olacaq. Mən inamımı itirmirəm. Xalq məni çox sevir. Mən xalqın sənətkarıyam.

Söhbətin bu yerində ailəsinin dilindən elə “ev-ev” kəlməsi eşidilir. Amma Novruz müəllim özünü elə aparır ki, guya eşitmir. Sığışdırmır özünə bu haqda danışmağı. İstəyir yaradıcılığından danışaq. Bilirəm, bilirəm ki, Qartal qorxur, “kirayələrdə sürünürəm” deməkdən. Elə mən də qorxuram bu mövzuya girməkdən.

55 il eyni teatrda çalışmaq Sizi yormadı?

- Hələ cavan vaxtımdan komediyanı sevmişəm. Lütfəli Abdullayevin, Nəsibə Zeynalovanın fanatı olmuşam.

Deməli, yumoru sevirsiniz. Onda mənə gülməli nəsə danışın.

- İndi danışa bilmirəm, axı. Qorxuram axırını gətirə bilmərəm. Biabır olaram.

- Yox, danışın, gətirə bilməzsiniz də canınız sağ olsun.

- Deməli, bir dəfə Ağcabədidə qastroldayıq. Tamaşaya hazırlaşırıq. Aktrisa Gülnarə Salmanova da bizimlə idi. Bu arada, o çox yaxşı aktrisa idi. Uzun sözün qısası, orda çoxlu arxlar vardı. Gülnarə arxın birini görüb israr etdi ki, əlini suya salacaq. Əlini uzatdı, ayağı sürüşdü, su apardı onu, güclə çıxarıb qurutdular.

Deməli, bu hadisədən sonra Gülnarə səhnəyə çıxıb, oynayır. Birdən Hacıbaba (Xalq artisti Hacıbaba Bağırov – A.S.) Gülnarəni görüb qayıtdı ki, hmm, vodalaz qız... Daha denən gülməkdən bizi saxlamaq olar? (gülürük)

Necə olub Qartal təxəllüsünü götürmüsünüz?

- İlk dəfə Qartal adını mənə Gürcüstanda deyiblər. Deməli, Gürcüstanda qastrolda olanda mənə ona görə Qartal deyirdilər ki, bir saniyənin içində obrazımı dəyişə bilirdim. “Qartal kimi cəldsən, Qartalsan sən”, - deyirdilər. Sonra Bakıya qayıtdıq. Üstündən bir müddət keçdi. Gördüm teatrın qarşısında bir afişa var. Afişada yazılıb ki, Novruz Qartalın iştirakı ilə. Onda mən heç bilmədim ki, Qartal mənəm. Dedim yəqin bu Qartal kimdirsə yəqin Türkiyədən falan gəlib. Sonra teatrdan mənə bildirdilər ki, bundan sonra Qartal olacaqsan, razılaşmadım. Küsdüm, bir həftə teatra getmədim. Axırda dalımca maşın yolladılar, getdim. Dedim afişanı dəyişib öz familiyamı yazsınlar.

- Öz familiyanız nədir?

Əliyev (susur, elə bil nəyisə unudur). Hə, onu deyirdim, axı. Dedim ki, məni azdan-çoxdan “Hicran” tamaşasına görə, bu familiya ilə tanıyırlar, afişanı ləğv edin. Yenə sözümə baxmadılar. Beləcə oldum Qartal. Amma xalq da məni Qartal kimi qəbul etdi. İndi uşaqlar mənə Qartal baba deyir.

Qartal babanın bu gün imkanı olsa, hansı rolu ilə süzər teatr səmasında?

- Ən sevdiyim obraz Məşədi Qəzənfərdir. O obrazımı çox sevirəm. Bilirsiniz, mənə həmişə nə rol verilibsə, onun öhdəsindən gəlmişəm. Ən balaca obrazlarımla belə alqış qazanmışam. Bilmirəm, bundan sonra yenə çıxış edə, o alqışları eşidə biləcəyəmmi?

Foto Sabir Məmmədov © APA

# 4857
avatar

Oxşar yazılar