"Mənim milyonlarım yoxdu..."  - Lent.az dünyadakı yeganə muzeydən yazır
09 avqust 2022 20:15 (UTC +04:00)

"Mənim milyonlarım yoxdu..." - Lent.az dünyadakı yeganə muzeydən yazır

“Əvvəl bilmirəm necə alınacaq, çəkirəm və  sonra baxıram ki, nəsə yarandı”.

Bunu Lent.az-a rəssam Fərid Ələkbərov deyir. Rəssam dedik, amma onun çəkdikləri qaranlıqda parlayır. Dünyada ilk neon muzeyin yaradıcısı Ələkbərov. 

Fərid Ələkbər üç yaşından rəsm çəkir. Onun atası Kamal Ələkbərov xalq rəssamıdır. Qardaşı Camal Ələkbərov isə Amerikada “Digital art”la məşğuldur. 

Fərid Ələkbərov

Hə, Fərid Ələkbərovun ev muzeyindəyik. “Neon art museum”. Novxanı, Fidan küçəsi...

Muzeyə gələndə elə sizi rəssamın özü qarşılayır. Həyətə girən kimi Fərid bəylə birlikdə sizi Cey də salamlayır, cansız heykəllər də. Hə, Cey onun itidi. Həyətin bələdçisi də demək olar. Çünki hara getsəniz, sizi müşahidə edəcək. 

Cey

Muzey olan evə doğru irəliləyirik. Başımızı qaldırıb evə baxırıq. Ev elə bil qışqırır ki, mən də bir rəssam yaşayır. Narıncı, yaşıl və müxtəlif rənglərdə olan fasad... Və onların gecə düşən kimi səma ilə birlikdə parlaması...

İçəri daxil olanda isə neon rənglərin arasında hamı bir-birini itirib, özünü tapır. Muzeyin xanım bələdçisi bizi məlumatlandırmağa başlayır...

- Bütün əsərlər neondu.  Neon boyalar insan orqanizmində stressi, gərginliyi aradan qaldırmağa kömək edir. Müsbət aura yaradır. Bu ev sırf muzeyə görə tikilib. Qapının, pəncərənin, hətta əsərlərin də hara qoyulması düşünülüb.  Bura Fərid bəyin ev muzeyidi. Ailəsi ilə birlikdə burda yaşayırlar. 


Bələdçi deyir ki, muzey saat dörddən doqquza qədər fəaliyyət göstərir...

- Saat  yeddi səkkiz aralıqlarında  daha çox insan gəlir. Bu muzey 7 ilə hazırlanıb. Fəaliyyətə isə yanvar ayından başlayıb. Elə əsərlər var ki, onun üzərində 3-4 dəfə işlənib.  Sırf neon deyil, akril boyalarda da istifadə olunub, eyni zamanda eyni əsərə.

Muzeyin birinci mərtəbəsi kiçik salon, mətbəx və otaqdan ibarətdi... Döşəmədə də xalçanı əks etdirən rəsm. Divarları əsərlərlə dolu, tavan isə səmadı... Pilləkənlərlə yuxarıya doğur qalxırıq. Onu da deyim ki, evin bütün pəncərələrində şəbəkə var. Onu da rəssamın özü edib.  

Bələdçi davam edir...

- “Limonlar əsəri”- psixolojik test.  Əgər limonları hərəkətli görürsünüzsə, deməli siz stressli birisiniz. “Yapon bayrağı… “Balina əsəri”- rəssam bizim görmədiyimiz rəngləri orada əks etdirib. “Xərçəng bürcü” - rəssamın 6 yaşlı qızı çəkib bunu. 

Uşaqların otağı da rəssamın əl işlərindən ibarət idi. Elə yataqları da səmaya çox yaxın, iki mərtəbəli idi... Bir də hər tərəfi bürüyən duman...

- Duman effekti ayroqraf adlanan boya ilə çəkildiyinə görə yaranır. Pərdələrin üzərinə baxanda düşünərsiniz ki, bu düşünülmüş əsərlərdi. Amma Fərid bəy əsərlərini bitirdikdən sonra sadəcə ora əllərini silib. 

Qayıdırıq yenidən birinci mərtəbəyə, rəssamın özüylə söhbətə… 

- Bu ev təkcə muzey deyil, həm də art terapiyadır. Burda hər şey insanın ruhunu düşünərək edilib. Evə giriş, mətbəxin yeri.... Bu da bərəkət enerjisidir ki, insanlar içəri daxil olanda ona heç nə mane olmasın. Üç yaşımdan rəsm çəkirəm. Dörd il Əzimzadədə, altı il isə ADRA-da təhsil almışam. Əvvəl adi rəssam idim. On beş ildir ki, neon sənəti ilə məşğulam.

Şimal işıqlarından yaranan muzey…

- Muzeyi yaratmaq üçün istək İsveçrədə, şimal işıqlarının məni ruhlandırmasından sonra yarandı. Özümüz də burda yaşayırıq. Bundan gözəl heç nə ola bilməz ki, insanlar gəlib səni yaşadığın yerdə ziyarət edir. Bütün sosial şəbəkələrdə paylaşır. Hazırda tək problemimiz bura gələn yolun bərbad vəziyyətdə olmasıdır. Gündə 60-100 ziyarətçi gəlir. Hamısı da deyir ki, gələndə çox çətinlik çəkdilər. Hətta mənə irad tuturlar ki, niyə şəhərdə yaratmamısınız muzeyi. Deyirəm ki, mənim milyonlarım yoxdu axı...

Evin zirzəmisi də muzeydi. Rəssamla birlikdə ora gedirik. Hə, içəriyə düşən pilləkən fırçalarla doludur...

- Bu “Arzu çarxı”dı. Arzu tutursunuz, fikirləşirsiniz və bir dəfə döndürürsünüz. Diləyiniz yerinə yetir. Hətta arzusu gerçəkləşənlər də olub.

Muzeyin fərqli bir özəlliyi də odur ki, hər ay dəyişir. Muzey üzərində tez-tez yenidən işləyirəm. Yəni siz buranı hər ay fərqli görürsünüz. 

O, bunu etməkdən yorulmadığını deyir. Çünki elə on beş ildi də yoqa məşğuldur. Və onun dediyinə görə, yoqa ilə məşğul olanlar yorulmur. Bütün əsərlərini meditasiya ilə çəkir. 

- Meditasiyaya görə çəkirəm. Bilmirəm nə olacaq, çəkirəm və  sonra baxıram ki, nə isə alındı. Ona görə də, çəkdiyim hər şey insanlarda fərqli düşüncə yaradır, fərqli enerji verir. Mən insanları məcbur etmirəm, hər hansı bir mesaj vermirəm. Çəkirəm və insanların düşüncəsinə buraxıram. Onlar nə görürsə, odur. Əsərlərimi də satmıram, amma sifariş götürürəm. 

Fərid Ələkbərov həm də evinin divarlarında istəyənlər üçün master-klass da keçir.

- Muzeyə ziyarətə gələnlərə əlavə ödənişlə master-klass keçirəm. Bunun üçün də evin divarlarını, stol, kağız və kətandan istifadə edirəm. Traferet texnikasını öyrədirəm. Daimi hər gün öyrənməyə gələnlər də var. 

Fərid bəy gedir yeni ziyarətçilərini qarşılamağa. Cey isə bizi qapıya qədər yola salır... Muzeyi daha ətraflı görmək üçün aşağıda qoyduğumuz videonu izləyə bilərsiniz


FOTO: Orxan Kerimsso

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7902
avatar

Aytəkin Cəlali

Oxşar yazılar